Mingəçevirdə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün yeni bina istifadəyə verilmişdir

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Mingəçevir şəhərində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün inşa edilmiş 4 mərtəbəli 16 mənzilli bina istifadəyə verilmişdir.

AzərTAc xəbər verir ki, bu münasibətlə keçirilmiş mərasimdə əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov çıxış edərək ölkədə müharibə əlilləri və şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülmüş işlərdən danışmış, yeni mənzillərlə təmin olunan şəhər sakinlərini təbrik etmişdir. Bildirmişdir ki, dövlət başçısı İlham Əliyevin diqqət və qayğısı sayəsində bu kateqoriyadan olan insanların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində geniş tədbirlər həyata keçirilir.

Nazir yeni mənzillərin sahiblərinə orderləri təqdim etmişdir.

Tədbirdə çıxış edən əlillər onlara göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.

Müasir üslubda tikilən yeni binada mənzillər lazımi şəraitlə təmin edilmiş, evlərdə istilik sistemi quraşdırılmışdır.

Xatırladaq ki, 2003-cü ildən bəri Mingəçevirdə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 3 ədəd 24 mənzilli, bir ədəd 36 mənzilli və bir ədəd 16 mənzilli bina istifadəyə verilmişdir. Yaxın vaxtlarda bir ədəd 54 mənzilli və bir ədəd 16 mənzilli binaların inşası nəzərdə tutulur.

 

 

Azərbaycan.- 2011.-17 iyun.- S. 1.