Cənubi Qafqazın ən modern, hazırlıqlı və güclü ordusu

 

 Müasir Azərbaycan dövlətinin qurucusu ümummilli lider Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə gələndən sonra az vaxtda həyatımızın bütün sahələrində olduğu kimi, Silahlı Qüvvələr quruculuğunda da əsas prioritetlər müəyyənləşdirildi və onun hüquqi, elmi əsaslar üzərində formalaşması üçün xüsusi əhəmiyyət daşıyan davamlı strateji tədbirlər planı hazırlanaraq həyata keçirildi. Ulu öndərin 1993-cü il noyabrın 2-də xalqa tarixi müraciəti bütünlüklə Azərbaycanın düşdüyü ictimai-siyasi və hərbi böhranın təhlilinə, bu böhrandan çıxış yollarına həsr edilmişdi.

Bu müraciətindən sonrakı dövr ordu quruculuğunda yeni mərhələnin, əslində isə Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının başlanğıcı kimi tarixə düşdü. Ümummilli lider 1993-cü il noyabrın 4-də Əfqanıstan müharibəsi iştirakçılarının könüllü cəbhəyə yollanmaq istəyən bir qrupu ilə, noyabrın 7-də hərbi hissələrdən birinin təlim mərkəzində şəxsi heyətlə keçirdiyi görüşlər orduda döyüş əhval-ruhiyyəsinin yüksəlməsinə, gənclərdə hərbi vətənpərvərlik hisslərinin güclənməsinə səbəb oldu. Milli Məclisin 1993-cü il noyabrın 18-də keçirilən iclasında müdafiə və təhlükəsizlik məsələləri müzakirə olundu. Orduda kadr problemini aradan qaldırmaq məqsədilə MDB qoşun hissələrində xidmət edən azərbaycanlı zabitlərin Vətənə qayıtmasına xüsusi diqqət və qayğı göstərildi. Ordu quruculuğunun qanunvericilik bazası yaradıldı. Milli Məclis tərəfindən "Silahlı Qüvvələr haqqında", "Hərbi xidmət haqqında", "Müdafiə haqqında", "Hərbi qulluqçuların statusu haqqında" və digər qanunlar qəbul edildi.

Ordu quruculuğu sahəsində aparılan işlərin sistemləşdirilməsi, mərkəzləşdirilməsi, ordunun vahid komandanlıq prinsipi əsasında fəaliyyət göstərməsi qısa zaman kəsiyində öz səmərəsini verdi. 1993-cü il dekabrın 10-da Beyləqan istiqamətində hücuma keçən erməni işğalçıları ilk dəfə olaraq Silahlı Qüvvələrimizin güclü müqavimətinə rast gəldilər. Döyüşçülərimiz 40 kilometr irəliləyərək düşmənin hərbi qruplaşmalarını darmadağın etdilər. Həmin il dekabrın 28-də işğalçı qüvvələrin Goranboy, Tərtər və Ağdam istiqamətində də hücumlarının qarşısı alındı. Düşmən xeyli canlı qüvvə və texnika itirərək geri çəkildi.

Ümummilli liderdən sonra da ordu quruculuğu ilə bağlı həyata keçirilən dövlət siyasətinin Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi ordumuzun Cənubi Qafqazda yüksək döyüş hazırlığına yiyələnmiş ən sivil və mobil bir orduya çevrilməsində mühüm rol oynamışdır.

Təsadüfi deyil ki, Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Səfər Əbiyev "Gülüstan" sarayında Silahlı Qüvvələrin yaradılmasının 92-ci ildönümünə həsr edilmiş təntənəli mərasimdə çıxışı zamanı demişdir: "Azərbaycanın qüdrətli müasir ordusu, vahid komandanlığa tabe olan Silahlı Qüvvələrinin yaradılması və inkişaf etdirilməsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır".

 

Ordumuzun beynəlxalq əlaqələri genişlənir

 

 Azərbaycan Silahlı Qüvvələrinin bütün digər sahələrdə olduğu kimi, beynəlxalq əlaqələrinin genişlənməsində də ümummilli liderin müstəsna xidmətləri olmuşdur. Beynəlxalq əməkdaşlıq ordumuzun əsas inkişaf istiqamətlərindən biri sayılır. Bu sırada əsas yeri NATO ilə əməkdaşlıq münasibətləri tutur. Azərbaycan Respublikası ilə NATO arasındakı hərbi-strateji münasibətlərin əsası hələ 1993-cü ildə qurulub. Həmin il mayın 3-4-də Belçikaya rəsmi səfəri zamanı Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev NATO-nun Brüsseldəki mənzil-qərargahında NATO "Sülh Naminə Tərəfdaşlıq" (SNT) proqramının çərçivə sənədini imzaladı. Bundan bir il sonra - 1994-cü ilin mayında Şimali Atlantika Şurası nəzdində SNT proqramını qəbul etməklə Azərbaycan Respublikası ilə NATO arasında hərbi-strateji münasibətlərin başlanğıcı qoyuldu. 1996-cı il 22 aprel tarixində növbəti səfəri zamanı Prezident Heydər Əliyev NATO-nun Baş Katibi Xavyer Solana ilə görüşərək SNT proqramına müvafiq şəkildə NATO ilə əməkdaşlıq üzrə respublikamızın tələbat və potensialını müəyyənləşdirən prezentasiya sənədini təqdim etdi.

Ölkəmiz üçün NATO ilə əməkdaşlıq strateji xarakter daşıyır. 14 noyabr 1997-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə Azərbaycan Respublikasının NATO ilə əməkdaşlıq üzrə dövlət komissiyası yaradılmışdır. Bundan sonra Azərbaycan tərəfi 15 noyabr 1998-ci ildə Şimali Atlantika Müqaviləsi iştirakçı dövlətləri və SNT proqramında iştirak edən digər dövlətlər arasında onların qüvvələrinin Statusu Haqqında Sazişi (SNTSOFA) imzalanmış və bu saziş 20 oktyabr 1999-cu il tarixdə ratifikasiya edilmişdir.

Azərbaycan iki böyük proqram üzrə NATO ilə ciddi əlaqələr qurub: Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı (FTƏP) və Planlaşdırma və Analiz Prosesi (PAP). NATO-nun Əfqanıstanda keçirdiyi Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri üzrə əməliyyatlarda Azərbaycan Respublikasının sülhməramlı qüvvələrinin 20 noyabr 2002-ci il tarixdən iştirakı böyük əhəmiyyət daşıyır. Ümumiyyətlə, Silahlı Qüvvələrimizin sülhməramlı fəaliyyəti ölkəmizin beynəlxalq aləmdəki imicini xeyli artırmışdır. Belə ki, 1997-ci ildə Silahlı Qüvvələrimizin sülhməramlı bölüyü, 2001-ci ildə taboru yaradılmışdır. 2 oktyabr 2009-cu il tarixdə Azərbaycan Respublikasının Milli Məclisi Əfqanıstandakı sülhməramlı kontingentin iki dəfə artırılması barədə qərar qəbul etmiş və həmin qərar icra olunmuşdur.

NATO rəhbərliyi Azərbaycanın mövqeyini həmişə yüksək qiymətləndirmiş, ölkəmizi özünün tamhüquqlu tərəfdaşı kimi xarakterizə etmişdir. Azərbaycan Prezidenti ilə rəsmi görüşdən sonra jurnalistlər üçün açıqlama verən NATO-nun baş katibi Yaap de Hoop Sxeffer demişdir: "Mən Azərbaycana və onun Prezidentinə Azərbaycanın sülhməramlı əməliyyatlarında iştirakına görə NATO-nun təriflərini ünvanladım. Əməkdaşlıq üçün əla əsas var".

Azərbaycan Prezidenti İlham Əliyev Silahlı Qüvvələrimizin beynəlxalq əlaqələri ilə bağlı danışarkən bu mühüm və vacib sahəyə göstərilən diqqətin daim artırılacağını qeyd edərək demişdir: "Azərbaycan həqiqi tərəfdaşdır, etibarlı tərəfdaşdır, biz dünyanın müxtəlif yerlərində həyata keçirilən sülhməramlı əməliyyatlarda iştirakçıyıq. Biz artıq sübuta yetirmişik ki, tərəfdaşlıqda möhkəmik". Bugünədək Azərbaycan 28-ə qədər ölkə ilə hərbi saziş imzalayıb. Ordumuzun gündən-günə güclənməsi nəticəsində xarici dövlətlərin silahlı qüvvələrinin Azərbaycan ordusu ilə əməkdaşlığa marağı artır.

 

Döyüş hazırlığı daim artırılır

 

2009-cu il aprelin 23-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Müdafiə Nazirliyində keçirilən və ordu quruculuğu məsələlərinə həsr olunan müşavirədə ordu quruculuğu sahəsində ictimaiyyətdə dolğun və ətraflı rəy formalaşdıran mühüm tədbirlərdəndir. Həmin müşavirədə Prezident İlham Əliyev demişdir: "Biz gündəlik həyatda elə etməliyik ki, hərbi potensialımızı daha da gücləndirək və Azərbaycan ordusu ən yüksək standartlara cavab versin".

Ordumuzun döyuş qabiliyyətinin daim möhkəmləndirilməsi ilə bağlı hər tədris ilində Silahlı Qüvvələrimizin birlik və birləşmələrində müntəzəm olaraq komanda-qərargah təlimləri keçirilir. Müxtəlif qoşun birləşmələrinin cəlb olunduğu belə təlimlərdə ən müasir tələblərə cavab verən simulyator və kompüter şəbəkələrindən intensiv şəkildə istifadə edilir.

Ümumiyyətlə, ordumuzun döyüş hazırlığının artırılması ilə bağlı ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin verdiyi bütün əmr və tapşırıqlar Müdafiə Nazirliyi rəhbərliyi tərəfindən daim diqqət mərkəzində saxlanılır və yüksək səviyyədə icra olunur.

Müdafiə nazirinin təsdiq etdiyi döyüş hazırlığı planına əsasən, bugünlərdə Azərbaycan ordusunun bölmələri Beyləqan-Füzuli istiqamətində genişmiqyaslı komanda-qərargah təlimlərinə start verdi. Müdafiə naziri, general-polkovnik Səfər Əbiyevin komandanlığı altında keçirilən təlimlərdə əsas məqsəd şəxsi heyətin döyuş hazırlığını və mənəvi-psixoloji səviyyəsini yoxlamaq, qoşunların birgə fəaliyyətinin planlaşdırılması və praktiki olaraq həyata keçirilməsi idi. Təlimlərə ordumuzun müxtəlif qoşun növlərinin şəxsi heyəti cəlb olunmuşdu. Təlimin bütün mərhələlərində hərbçilərimiz qarşıya qoyulmuş döyüş tapşırıqlarını yüksək səviyyədə yerinə yetirib, üzərlərinə düşən vəzifələrin icrasında peşəkarlıq nümayiş etdirdilər. Ordumuzun taktiki döyüş tətbiqini əhatə edən bu genişmiqyaslı təlimdə yüksək standartlara cavab verən və kifayət qədər böyük döyüş qabiliyyətinə malik hərbi texnikanın, modern radiolokasiya stansiyalarının, avtomatlaşdırılmış komanda məntəqəsinə malik zenit-raket bölmələrinin, kompüter və multimedia avadanlığı ilə təmin olunmuş mobil komanda-qərargah və rabitə kunqlarının cəlb olunması, şəxsi heyətin yüksək mənəvi-psixoloji durumu ordumuzun döyüş hazırlığında yeni keyfiyyət göstəricilərinin əldə olunduğunu bir daha sübuta yetirdi.

Təlim zamanı artilleriya bölmələrinin şəxsi heyəti hədəflərə sərrast atəş açmaqla peşəkarlıq nümayiş etdirmişlər. Döyüş təyyarə və vertolyotları yüksək pilotajla yanaşı, hədəflərə dəqiq aviasiya zərbələrinin endirilməsində fərqlənmiş, tank və piyadaların döyüş maşını heyətləri idarə etdikləri texnikaların manevr və atəş imkanlarından məharətlə istifadə edərək qarşıya qoyulan bütün tapşırıqların öhdəsindən uğurla gəlmişlər. Ayrı-ayrı qoşun növlərinin birgə fəaliyyətinin təmin olunması sonda təlim zamanı qarşıya qoyulmuş vəzifələrin müvəffəqiyyətlə yerinə yetiriləcəyinə tam zəmanət vermişdir. Təcavüzkar erməni ordusunun əsgər və zabitləri Silahlı Qüvvələrimizin şəxsi heyətinin peşəkarlıqla yerinə yetirdiyi döyüş tapşırıqlarını qorxu və həyəcan içərisində izləmişlər. Təlimə yekun vurularkən bildirilmişdir ki, qarşıya qoyulan bütün tapşırıqlar tam həcmdə uğurla yerinə yetirilmişdir. Hərbi qulluqçularımızın bu təlim zamanı əldə etdiyi uğurlar Silahlı Qüvvələr Gününə ən böyük töhfələrdən biridir.

 

Silahlı Qüvvələrin tibb xidməti müasir tələblərə cavab verir

 

Silahlı Qüvvələrin Baş Klinik Hospitalında həyata keçirilən və sürətlə davam etdirilən kompleks tədbirlər xidmətin keyfiyyətində əsaslı dönüş yaratmışdır. Hospitalın ərazisində altımərtəbəli 300 çarpayılıq cərrahiyyə korpusunun istifadəyə verilməsi və burada Avropa istehsallı yüksək keyfiyyətli tibbi avadanlıqların quraşdırılması dediklərimizə əyani sübutdur. Ərazidəki dördmərtəbəli inzibati binanın əsaslı təmir olunması və istismara təhvil verilməsi burada çalışan tibb personalının xidməti imkanlarını ikiqat artırmışdır. Hazırda ərazidə inşa olunan səkkizmərtəbəli müalicə korpusunda mühəndis-kommunikasiya xətlərinin quraşdırılması işləri aparılır. Şəhərciyin ərazisində ikinci elektrik yarımstansiyası və iki su hovuzu tikilir. Hərbçi həkimlərin ixtiyarına verilən geniş idman zalı müasir tələblər səviyyəsində inşa olunub. Əldə olunan uğurlardan biri də hospitalda xüsusi təhlükəli infeksiyalar üçün nəzərdə tutulan laboratoriyanın inşasıdır. Xarici mütəxəssislərin nəzarəti altında inşa olunan və müasir tibbi avadanlıqlarla təmin edilən həmin laboratoriya bugünlərdə istismara verilmişdir. Hərbi tibb şəhərciyinin ərazisində ikimərtəbəli yeməkxana binası da tikilir. Onun 2-ci mərtəbəsindəki 200 nəfərlik yemək zalı hərbi tibb fakültəsinin kursantları üçün nəzərdə tutulub.

Ümumiyyətlə, tibb xidməti sahəsində ştat strukturu dəyişdirilmiş, şəxsi heyətin sağlamlığını tam təmin etmək məqsədilə böyük tədbirlər planı hazırlanaraq müdafiə naziri tərəfindən təsdiq edilmişdir. Hazırda Silahlı Qüvvələrimizin tibb xidməti sahəsində üç elmlər doktoru, 10-dan çox elmlər namizədi alimlik dərəcəsi almış ali ixtisaslı kadrlar xidmət edir. Regionlarda iki tibb məntəqəsinin istifadəyə verilməsi, Gəncə hərbi şəhərciyində qarnizon hospitalının bəzi bölmələrinin yerləşdirilməsi üçün bir sıra binaların yenidən əsaslı təmir olunması tibb xidməti sahəsində təsdiq olunmuş planın tərkib hissəsidir. Gəncə qarnizonu hospitalının yeni ərazidə ən müasir tələblər səviyyəsində inşası da planlaşdırılıb.

Hərbi tibbi kadrların hazırlanması məsələsi də Müdafiə Nazirliyi rəhbərliyinin daim diqqət mərkəzindədir. Hərbi tibb fakültəsinin sərəncamında olan və xüsusi arxitekturaya malik binanın fasadları, otaq və dəhlizlərinin təmiri barədə müdafiə nazirinin verdiyi əmr kadr hazırlığı sahəsində yeni keyfiyyət göstəricilərinin əldə olunmasına xidmət edir. Bir sözlə, hospitalda maddi-texniki təminat yüksək səviyyədədir. Xüsusi təyinatlı dərmanlar üçün əlavə vəsaitlər ayrılır.

 

Hərbi qulluqçulara hərtərəfli dövlət qayğısı göstərilir

 

Hərbçilərin sosial-məişət şəraitinin yaxşılaşdırılması, həyat səviyyəsinin yüksəldilməsi sahəsində dövlət rəhbərliyinin həyata keçirdiyi tədbirlər ordu quruculuğu işinin əsas prioritetlərindəndir. "Hərbi xidmətkeçmə haqqında" qanuna və əsasnaməyə edilən dəyişikliklər hərbi qulluqçuların pensiya təminatı sahəsində vaxtaşırı ortaya çıxan problemlərə son qoymuşdur. Bildiyimiz kimi, Silahlı Qüvvələrimizdə ehtiyatdan çağırılan kadrların bir qismi bəzən ordu sıralarında xidmətin son yaş həddinə çatsa da, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ əldə edə bilmirdi. Mövcud dəyişikliklərə görə, hərbi qulluqçu orduda xidmətin son yaş həddinə çatsa da, bu növdən olan pensiya hüququ əldə edənədək öz istəyi ilə Silahlı Qüvvələrdə xidmətini davam etdirə bilər. Bundan əlavə, 2006-cı ildən hərbi qulluqçuların sığorta məbləği də on dəfə artırılıb. Xidməti vəzifəsini yerinə yetirərkən həlak olan hərbi qulluqçuların ailələrinə əgər 1100 manat ödənilirdisə, indi bu məbləğ 11000 manatdır. Xidməti vəzifəsini yerinə yetirərkən yaralanan, sağlamlığını bu və digər dərəcədə itirən hərbi qulluqçulara ödənilən sığortanın məbləği də paralel olaraq 2006-cı ildən artırılmışdır.

Azərbaycan Prezidentinin "Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi haqqında" 23 yanvar 2006-cı il tarixli sərəncamı hərbi peşə sahiblərinə dövlət qayğısının ən böyük təzahürlərindəndir. Bu sərəncamla Müdafiə Nazirliyi hərbi qulluqçularının rütbə maaşları 2006-cı il yanvar ayının 1-dən iki dəfə artırıldı. Eyni zamanda, hərbi qulluqçuların vəzifə maaşlarının, dövlət icbari şəxsi sığorta məbləğlərinin artırılmasına, onların güzəştli ipoteka kreditləri ilə təmin olunmasına dair təkliflərin hazırlanması üçün Nazirlər Kabinetinə tapşırıqlar verildi. Bundan bir il sonra - 2007-ci ildə ölkə rəhbəri hərbi qulluqçulara güzəştli ipoteka kreditlərinin verilməsi qaydaları haqqında fərman imzaladı. Bu fərmana görə, hərbçilərə verilən ipoteka kreditlərinin illik faizi 4 faizdən yuxarı olmamalıdır. Azərbaycan Prezidentinin təşəbbüsü ilə 2006-cı ilin iyul ayında Azərbaycan Respublikasının hərbi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edildi. Bu əlavələr hərbi qulluqçulara hər il növbəti məzuniyyətə çıxarkən əlavə olaraq bir aylıq vəzifə maaşı məbləğində pul təminatının verilməsini, müvəqqəti mənzil kirayəsi üçün ödənilən kompensasiyanın hərbi qulluqçular üçün hər ay konkret məbləğdə müəyyənləşdirilməsini, onların hər bir ailə üzvü üçün isə həmin məbləğin 50 faizinin müəyyən edilməsini nəzərdə tutur. Bundan əlavə, müvafiq sənədlərdə xidməti mənzillərin tikintisinin dövlət büdcəsindən ayrılan vəsait hesabına həyata keçirilməsi də öz əksini tapıb. Son bir neçə il ərzində hərbi təhsil ocaqlarında təhsil alan kursantların pul təminatı yaxşılaşdırılmışdır. 2008-ci ildə isə hərbçilərə ərzaq əvəzinə ödənilən kompensasiyanın məbləği ölkə başçısının müvafiq sərəncamı ilə iki dəfə artırılmışdır.

18 iyun 2010-cu il tarixdə Milli Məclisin növbədənkənar sessiyasında müdafiə və təhlükəsizlik xərclərinin daha 400 milyon manat artırılması isə cari ilin bütün hərbi xərclərinin 2 milyard 150 milyon dollaradək yüksəlməsi deməkdir.

Keçən il sentyabrın 20-də ölkə rəhbərinin imzaladığı sərəncama əsasən, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, o cümlədən digər güc strukturlarında çalışan hərbi qulluqçuların, xüsusi rütbəsi olan əməkdaşların və dövlət qulluqçusu olmayan mülki işçilərin aylıq vəzifə maaşları orta hesabla 10 faiz artırılmışdır.

Bundan əlavə, 2010-cu il iyunun 23-də "Azərbaycan Respublikası Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi barədə" Azərbaycan Respublikasının Prezidentinin imzaladığı sərəncama əsasən, xidməti yaşayış evlərinin tikilməsinə 5 milyon manat vəsait ayrılmışdır.

 

Quruculuq işləri uğurla həyata keçirilir

 

Göründüyü kimi, Silahlı Qüvvələrimizdə intensiv quruculuq işləri uğurla həyata keçirilir. Gəncə şəhərindəki hərbi şəhərcikdə bir 690 yerlik və bir 300 yerlik üçmərtəbəli müasir tələblərə cavab verən əsgər yataqxanası binaları tikilmişdir .

Orada müasir tələblərə cavab verən 3000 yerlik əsgər yeməkxanası binası da inşa olunmuş, içərisində yüksək keyfiyyətli qida hazırlanması üçün müasir tipli Avropa istehsalı olan avadanlıqlar quraşdırılmışdır. Yeməkxana binasında quraşdırılan çörəkbişirmə sexi də şəxsi heyətin və yaxınlıqda yerləşən digər hərbi hissələrin çörək təminatını tam ödəmək qabiliyyətindədir.

Gəncədəki digər hərbi şəhərcikdə qarnizon hospitalının bəzi bölmələrinin yerləşdirilməsi üçün "Yoluxucu xəstəliklər", "Müalicə korpusu", "Qərargah", "Mətbəx-yeməkxana", "Camaşırxana", "Transformator yarımstansiyası" binaları əsaslı təmir olunaraq istifadəyə verilmişdir. Gəncə qarnizonunda xidmət edən zabit və gizir heyətinin məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Gəncə və Şəmkir şəhərlərində hər birində 1 ədəd 50 mənzilli yaşayış binaları tikilərək istilik, isti və soyuq su ilə təchiz olunub. Hər mənzilin sahəsi 100 kv.m-dən az deyil. Bu il ərzində Gəncə və Şəmkir şəhərlərinin hər birində daha 1 ədəd yeni beşmərtəbəli 50 mənzilli yaşayış binasının tikintisinə başlanması planlaşdırılıb.

Qusar rayonu ərazisindəki hərbi şəhərcikdə də 2 ədəd 690 yerlik və 1 ədəd 300 yerlik üçmərtəbəli müasir tələblərə cavab verən "Əsgər yataqxanası" binası tikilərək istifadəyə verilməsi üçün hazırlıq görülür.

Qusar qarnizonunda 75 mənzilli 1 yaşayış binası da tikilib. Həmin binanın ayrıca istilik, isti və soyuq su ilə təchiz olunması üçün qazanxana, transformator yarımstansiyası, binanın su təminatı üçün 2 ədəd 250 kubmetrlik su anbarı inşa olunmuşdur.

Kürdəmirdəki hərbi şəhərcikdə də üçmərtəbəli 300 yerlik müasir tələblərə cavab verən 2 əsgər yataqxanası, üçmərtəbəli 1 qərargah, ikimərtəbəli "Tibb məntəqəsi" binaları tikilərək hərbi hissənin şəxsi heyətinin istifadəsinə verilməsi üçün hazırlanmışdır. Orada müasir tələblərə cavab verən 1300 yerlik yeməkxana binası da tikilmişdir.

Göytəpə qəsəbəsindəki hərbi hissənin ərazisində də quruculuq işləri uğurla davam etdirilir. Orada 300 yerlik üçmərtəbəli müasir tələblərə cavab verən əsgər yataqxanası istifadəyə verilmişdir. 690 yerlik üçmərtəbəli əsgər yataqxanası binasında isə son tamamlama işləri görülür. 690 yerlik üçmərtəbəli əsgər yataqxanası üçün binada və 2500 yerlik əsgər yeməkxanasında inşaat işləri davam edir.

Bütün bunlar bir daha sübut edir ki, ölkəmizdə hərbi qulluqçulara dövlət qayğısı ordu quruculuğu işinin tərkib hissəsi kimi xüsusi önəm daşıyır. Odur ki, Silahlı Qüvvələrimizə dövlət qayğısının şahidi olan hər bir hərbi qulluqçu da göstərilən bu diqqət və qayğını yüksək qiymətləndirir, hərbçilərimiz də onlara göstərilən etimadı yüksək döyüş hazırlığına yiyələnməklə doğrultmağa çalışırlar.

 

 

İbrahim RÜSTƏMOV,

əməkdar jurnalist

 

Azərbaycan.- 2011.-17 iyun.- S. 2.