Mərkəzi Seçki Komissiyasında görüş

 

İyunun 16-da ATƏT-in Bakı ofisinin rəhbəri, səfir Əli Bilge Cankorel Mərkəzi Seçki Komissiyasında (MSK) sədr Məzahir Pənahovla görüşmüşdür.

MSK-nın mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Azərbaycanda fəaliyyət müddətinin başa çatdığını qeyd edən səfir səmimi və faydalı əməkdaşlığa görə MSK sədrinə təşəkkür etmiş, ATƏT-lə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası arasında sıx əməkdaşlığın mövcudluğundan məmnunluğunu bildirmişdir. O, bu əlaqələrin Azərbaycanda demokratik təsisatların daha da inkişaf etdirilməsində əhəmiyyətli olduğunu vurğulamışdır.

M.Pənahov Komissiya ilə ATƏT arasında yaranmış səmimi və uğurlu əməkdaşlığı xatırlatmış, əlaqələrin bundan sonra da yüksək səviyyədə davam etdiriləcəyindən əmin olduğunu qeyd etmişdir. O, səfirə fəaliyyəti dövründəki konstruktiv əməkdaşlığa görə minnətdarlığını bildirmişdir.

Görüşdə əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılmışdır.

 

 

Azərbaycan.- 2011.-17 iyun.- S. 3.