Azərbaycanda azsaylı xalqlar
bütün proseslərdə bərabər hüquqlarla
iştirak edirlər
İyunun 16-da Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı tərəfindən "Milli azlıqların və miqrantların mədəni hüquqları: hüquqi aspektlər və implementasiya" mövzusuna həsr edilmiş ombudsmanların IX Bakı Beynəlxalq konfransı işə başlamışdır.
Tədbir 18 iyun - İnsan Hüquqları gününə, Azərbaycanın müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümünə, Mülki və siyasi, İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Paktların 45-ci ildönümünə həsr olunmuşdur.
YUNESKO-nun dəstəyi ilə keçirilən beynəlxalq konfransa İsveç, Norveç, Hindistan, Tailand, Pakistan, Polşa, Sloveniya, Rusiya Federasiyası, Ukrayna, Moldovanın ombudsmanları, bu ölkələrin milli insan hüquqları təsisatlarının nümayəndələri, alimlər, beynəlxalq ekspertlər qatılmışlar. Bundan əlavə, konfransda Milli Məclisin deputatları, dövlət qurumlarının, beynəlxalq təşkilatların, QHT-lərin, KİV-lərin təmsilçiləri iştirak edirlər.
İnsan hüquqları üzrə müvəkkil Elmira Süleymanova bildirmişdir ki, əhalisinin sayı 9 milyonu keçən Azərbaycanda 90-dək milli azlıqların icması yaşayır. Bu isə dini müxtəlifliyə zəmin yaradır. Azərbaycanda azsaylı xalqlar bütün proseslərdə bərabər hüquqlarla iştirak edirlər. Onlar üçün heç bir ayrı-seçkiliyə yol vermədən bərabər imkanlar yaradılmışdır. Azərbaycanda Ombudsman Aparatı fəaliyyət göstərdiyi müddətdə milli zəmində şikayət olmamışdır. Hazırda ölkədə 450 min miqrant vardır. Onların əksəriyyəti əmək miqrantlarıdır.
Müvəkkil Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində 20 faiz torpaqlarımızın işğal edildiyini, insan hüquqlarının kobudcasına pozulmuş bir milyon azərbaycanlının öz yurdunda qaçqın və məcburi köçkünə çevrildiyini vurğulamışdır.
Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Azərbaycanda milli azlıqların, etnik qrupların hüquqlarının qorunması üçün tam hüquqi baza yaradıldığını diqqətə çatdırmışdır. Azərbaycanın tolerant ölkə olduğunu deyən Ə.Həsənov respublikamızda 380-dən artıq dini icmanın qeydiyyatdan keçdiyini, onlardan 31-nin qeyri-islam dini icma olduğunu bildirmişdir. Baş nazirin müavini ölkədə miqrasiya sahəsində görülən işlər barədə də məlumat vermişdir.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev vurğulamışdır ki, Azərbaycan reallıqlarını, tolerantlığını hər bir azərbaycanlı ilə təmasda hiss etmək mümkündür. Hansı millətə mənsub olmasından asılı olmayaraq, Azərbaycanda yaşayan insan ilk növbədə bu ölkənin vətəndaşıdır.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova ailənin qarşılıqlı kompromis və tolerantlıq mühitinin təmin edilməsində ilkin və mühüm pillə olduğunu qeyd etmişdir. "Milli dəyərlərin qorunub saxlanılmasında və nəsildən-nəslə ötürülməsində müstəsna rol oynayan ailə institutu müasir dövrdə özünün əvəzsiz əhəmiyyətini saxlamaqdadır", - deyən H.Hüseynova vurğulamışdır ki, Azərbaycanda yaşayan bütün millətlərin dəyərlər sistemində ailə aparıcı mövqe tutur. Komitə də respublikada bütün ailələrin, o cümlədən etnik qruplara mənsub ailələrin problemlərinin araşdırılması və həll edilməsi istiqamətində mütəmadi olaraq iş aparır.
YUNESKO-nun Moskva bürosunun sosial və humanitar elmlər üzrə mütəxəssisi Alla Ampar isə demişdir ki, hər il təmsil etdiyi qurumun dəstəyi ilə keçirilən tədbirlərdə YUNESKO-nun səlahiyyətlərinə aid olan yeni mövzulara toxunulur. Bu dəfəki konfransın mövzusunun həlli istiqamətində də geniş müzakirələr aparılmışdır. Beynəlxalq tədbirdə bəyannamə qəbul ediləcəkdir. Bu bəyannamə insan haqları sahəsində hökumətlər üçün bir sıra problemlərin həllində tövsiyə olacaqdır.
Müzakirə olunan mövzunun böyük əhəmiyyət kəsb etdiyini vurğulayan YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının birinci katibi Günay Əfəndiyeva bildirmişdir ki, Azərbaycan çoxmillətli və etnik bir ölkədir. Əsrlər boyu burada müxtəlif millətlərin nümayəndələri yaşamış və öz milli mənsubiyyətini qoruyub saxlaya bilmişdir. Azərbaycanda bir sıra ictimai və qeyri-hökumət təşkilatları, dini icmalar tərəfindən müxtəlif işlər aparıldığını deyən G.Əfəndiyeva Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın xidmətlərini xüsusi qeyd etmişdir.
Beynəlxalq konfrans işini
plenar iclaslarda davam etdirmişdir. İclaslarda "Azərbaycanda
milli azlıqların və miqrantların
hüquqlarının müdafiəsi sahəsində
ombudsmanın fəaliyyəti", "Mədəni müxtəliflik
Azərbaycan dövlətinin sosial-siyasi dəyəridir",
"Ölkəmizdə baş verən miqrasiya proseslərinin
tənzimlənməsi və miqrantların
hüquqlarının təmin edilməsi", "Avropada
regional ombudsmanların insan hüquqlarının müdafiəsi
və təbliği sahəsindəki rolu"
mövzularında məruzələr dinlənilmişdir.
İyunun 18-dək davam edəcək
konfransda Bakı Bəyannaməsi qəbul ediləcəkdir.
AzərTAc
Azərbaycan.- 2011.-17 iyun.- S. 3.