YAP Silahlı Qüvvələrə Yardım Fonduna dəstək məqsədilə xeyriyyə konserti təşkil etmişdir

 

Yeni Azərbaycan Partiyası (YAP) iyunun 16-da Milli Təhlükəsizlik Nazirliyinin Mədəniyyət Mərkəzində 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə xeyriyyə konserti təşkil etmişdir.

AzərTAc xəbər verir ki, konsertdən əvvəl YAP sədrinin müavini-icra katibi Əli Əhmədov jurnalistlərə müsahibə vermişdir. O, ulu öndər Heydər Əliyevin Milli Ordu quruculuğu sahəsində müstəsna xidmətlərindən danışmışdır. Bildirmişdir ki, Prezident Heydər Əliyevin 1998-ci il 22 may tarixli Sərəncamına əsasən iyunun 26-sı Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olundu və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir. Silahlı Qüvvələrə Yardım Fondu da ümummilli lider Heydər Əliyevin 2002-ci il 17 avqust tarixli Sərəncamı ilə yaradılmışdır. Fondun maliyyə mənbələri fiziki və hüquqi şəxslərdən könüllü olaraq toplanan vəsait hesabına formalaşır. Yığılan vəsait Milli Ordumuzun maddi-texniki bazasının inkişafına, hərbi kadrların hazırlanmasına, onların sosial və məişət problemlərinin həllinə yönəldilir. Ulu öndər tərəfindən əsası qoyulmuş YAP bugünkü konserti təşkil etməklə Silahlı Qüvvələrə Yardım Fonduna dəstək olduğunu sübut edir. Bu aksiya bizim partiyanın hər zaman xalqla bir yerdə olduğuna və ordumuzun möhkəmlənməsi üçün çalışdığına bariz nümunədir. Konsertdən toplanan vəsait fondun hesabına köçürüləcəkdir. Bildirmişdir ki, 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə ilk nizami hərbi hissə - əlahiddə Azərbaycan korpusu yaradılmışdır. Ancaq Azərbaycan Ordusunun inkişafı, beynəlxalq standartlara cavab verən döyüş sursatı və texnika ilə təminatı, ən başlıcası müharibə aparmaq əzmi ulu öndərin 1993-cü il iyunun 15-də xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışından sonra mümkün olmuşdur. Bu gün Azərbaycan Milli Ordusu Qafqazda ən müasir ordu hesab olunur. Azərbaycan Silahlı Qüvvələrinin büdcə vəsaiti ildən-ilə artırılır və buna müvafiq olaraq müdafiə imkanları da genişlənir.

Xalqımızın ümummilli lideri Heydər Əliyevin uşaqlıq və gənclik illərini, sovet və müstəqillik dövründə geniş və yorulmaz fəaliyyətini əks etdirən film göstərilmişdir.

Konsertdə partiyanın üzvü olan sənətçilərdən xalq artisti Faiq Ağayev, Elza Seyidcahan, Ədalət Şükürov, Nadir Qafarzadə, Aygün Bəylər, Nura Suri, Maestro Ceyhun, Elton Məmmədov, Elnur Hüseynov, Sevda Yəhyayeva, Samir Dərgah və başqalarının ifa etdikləri vətənpərvərlik ruhlu mahnıları tamaşaçılar maraqla dinləmişlər.

Milli Məclisin deputatları, Milli Ordunun zabitləri və KİV nümayəndələrinin iştirak etdikləri konsert proqramı böyük maraqla qarşılanmışdır.

 

 

Azərbaycan.- 2011.-17 iyun.- S. 4.