Bakıda X yubiley Beynəlxalq nəqliyyat,tranzit
və logistika sərgisi açılmışdır
İyunun 16-da Bakı Sərgi Mərkəzində X yubiley Beynəlxalq nəqliyyat, tranzit və logistika ("TransCaspian"), həmçinin I Xəzər Beynəlxalq yol infrastrukturu və ictimai nəqliyyat sərgiləri açılmışdır.
AzərTAc xəbər verir ki, mərasimdə nəqliyyat naziri Ziya Məmmədov çıxış edərək demişdir ki, Azərbaycanda həyata keçirilən sosial-iqtisadi islahatlar yol-nəqliyyat kompleksinin də inkişafına səbəb olmuşdur. Nazir bildirmişdir ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş məqsədyönlü siyasət nəticəsində respublikamızda iri tikinti-quruculuq işləri hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanın regional və beynəlxalq nəqliyyat dəhlizlərinin fəal iştirakçısına çevrilməsi bunun bariz nümunəsidir.
Azərbaycanın yol-nəqliyyat kompleksində həyata keçirilən islahatlardan danışan Z.Məmmədov qeyd etmişdir ki, avtomobil yollarının beynəlxalq standartlara uyğun yenidən qurulması ölkə ərazisindən daşımaların həcminin artmasına kömək edəcək, respublikamızın beynəlxalq və regional tranzit əhəmiyyətini artıracaq, xarici ticarət dövriyyəsinin artmasında xüsusi rol oynayacaqdır.
Sonra "İteca Kaspian" şirkətinin direktoru Fərid Məmmədov çıxış edərək bildirmişdir ki, "TransCaspian" sərgisi logistika operatorları, dəmir yolu, dəniz və hava nəqliyyatı sahələrində fəaliyyət göstərən şirkətlər, sığorta və gömrük brokerləri, gəmiqayırma və yol-təmir şirkətləri, kommersiya nəqliyyatı distribüterləri, kuryer (yükdaşıma) şirkətləri, habelə nəqliyyat sektorunun bir çox digər müəssisələri üçün biznes tərəfdaşları ilə görüşmək, bazarla işgüzar münasibətlər qurmaq, özünü tanıtmaq və Qafqazın potensial bazarını öyrənmək imkanı yaradır.
Bildirilmişdir ki, I Xəzər Beynəlxalq yol infrastrukturu və ictimai nəqliyyat sərgisinin ("Road & Traffic") məqsədi isə yol inşaatı, yol hərəkətinin idarə olunmasında informasiya texnologiyalarının tətbiqi, şəhərdə yeni nəqliyyat növlərinin istismara verilməsi sahəsində əldə olunan ən son nailiyyətləri nümayiş etdirməkdir.
İyunun 18-dək davam edəcək sərgi çərçivəsində seminar və konfranslar da keçiriləcəkdir.
Sonra iştirakçılar sərgi ilə tanış olmuşlar.
Qeyd edək ki, ölkəmizdə keçirilən bu sərgiyə böyük maraq vardır. İştirakçı xarici şirkətlərin sayı əvvəlki sərgilərlə müqayisədə iki dəfə çoxdur. Bununla əlaqədar sərginin sahəsi 60 faiz artmışdır. Debütant şirkətlərin sayı bütün sərgi iştirakçılarının 30 faizini təşkil edir. Latviya ilk dəfə olaraq sərgidə milli stendi ilə təmsil olunur. Sərgidə Almaniya, Fransa, Çexiya, Rusiya və Türkiyə ilə yanaşı, Azərbaycanın yerli şirkətləri də çıxış edirlər. Kommersiya şirkətləri ilə yanaşı, sərgidə dövlət idarələrinin, o cümlədən Nəqliyyat Nazirliyinin, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin, "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin, Dövlət Xəzər Dəniz Gəmiçiliyinin, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının, Bakı Metropoliteninin, eləcə də "Bakı Taxi Company"nin stendləri də yer almışdır.
Sərgi nəqliyyat
və logistika üzrə Nəqliyyat Nazirliyi, TRASEKA və Azərbaycan
Respublikası Sahibkarlar (İşəgötürənlər)
Təşkilatları Milli Konfederasiyasının dəstəyi
ilə Qafqazda keçirilən yeganə tədbirdir.
Azərbaycan.- 2011.-17 iyun.- S. 4.