Azərbaycan həmkarlar ittifaqlarının bir neçə sahə mərkəzi ilə Rusiyanın Sverdlovsk vilayəti arasında müqavilə imzalanmışdır

 

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) Rusiyanın Sverdlovsk vilayəti ilə Azərbaycan həmkarlar ittifaqlarının bir neçə sahə mərkəzi arasında qarşılıqlı əməkdaşlıq haqqında müqavilə imzalanmışdır.

Bu günü ikitərəfli danışıqların uğurlu nəticəsi kimi qiymətləndirən AHİK sədrinin müavini Aqil Dadaşov bildirmişdir ki, hələ cari ilin martında AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyevin başçılıq etdiyi nümayəndə heyəti Yekaterinburqda olmuş, Sverdlovsk Vilayət Həmkarlar İttifaqları Federasiyasının sədri Andrey Vetlujskix ilə görüşmüşdür. Görüşdə əmək miqrantlarının sosial və iqtisadi hüquqlarının qorunması barədə danışıqlar aparılmış, bu sahədə qarşılıqlı fəaliyyət göstərilməsinə dair ilkin razılıq əldə olunmuşdur. Həmin səfər zamanı Yekaterinburqda çalışan Azərbaycan vətəndaşlarının hüquqlarının müdafiəsi ilə bağlı protokol imzalanmışdır.

S.Mehbalıyevin və A.Vetlujskixin imzaladıqları protokol soydaşlarımızın uzaq Uralda normal yaşaması, işləməsi, təşkilatlanması üçün geniş imkanlar yaradacaqdır. Statistik məlumata görə, vilayətdə 60 min Azərbaycan vətəndaşı vardır ki, onların da təxminən 30 mini oraya işləməyə gedənlərdir.

Mərasimdə A.Vetlujskix öz təcrübəsindən də danışmışdır. Azərbaycan həmkarlar ittifaqları sıralarında qadınların fəallığından məmnun qaldığını vurğulayan qonaq burada çalışan qadınlara ehtiramının ifadəsi olaraq Azərbaycan Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cəmilə Səttarovaya hədiyyə təqdim etmişdir.

Sonra Avtomobil Nəqliyyatı və Yol Təsərrüfatı İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsi ilə Ümumrusiya Avtomobil Nəqliyyat və Yol Təsərrüfatı Həmkarlar İttifaqı İşçilərinin Sverdlovsk Ərazi Təşkilatı, Azərbaycan Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsi ilə Rusiya Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Sverdlovsk Ərazi Təşkilatı, "Xidmət-İş" Həmkarlar İttifaqları Federasiyası ilə Sverdlovsk Vilayəti Kiçik və Orta Sahibkarlıq Həmkarlar İttifaqı Komitəsi, Müdafiə Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi ilə Sverdlovsk Vilayət Müdafiə Sənayesi Həmkarlar İttifaqı İşçiləri Təşkilatı arasında müqavilə və protokollar imzalanmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.-17 iyun.- S. 4.