İtaliya Senatında "Azərbaycan-İtaliya
əlaqələri" mövzusunda "dəyirmi masa"
keçirilmişdir
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və komitənin üzvü Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri Azər Kərimli İtaliyaya işgüzar səfər etmişlər.
Azərbaycanın İtaliyadakı səfirliyindən AzərTAc-a bildirmişlər ki, səfər bu ölkənin Senatının Avropa İttifaqı siyasəti üzrə daimi komissiyasının sədri, İtaliya-Azərbaycan dostluq qrupunun rəhbəri xanım Rossana Boldinin dəvəti əsasında reallaşmışdır. Səfərin ilk günü nümayəndə heyəti İtaliya Senatının xarici siyasət üzrə daimi komissiyasının sədr müavini senator Alberto Filippi və İtaliya Deputatlar Palatasının xarici siyasət üzrə daimi komissiyasının sədri Stefano Stefani ilə görüşlər keçirmişlər. Görüşlərdə iki ölkənin parlamentləri arasında əlaqələrin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılmışdır.
Görüşlərdə Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov iştirak etmişdir.
Həmin gün Senatın Avropa İttifaqı siyasəti üzrə daimi komissiyasının təşəbbüsü və səfirliyin dəstəyi ilə İtaliya Senatında "Azərbaycan-İtaliya əlaqələri" mövzusunda "dəyirmi masa" keçirilmişdir.
Tədbirə İtaliya Senatı və Deputatlar Palatasının üzvləri, habelə bu ölkənin tədqiqat mərkəzləri və mətbuat nümayəndələri qatılmışlar.
S.Seyidovun və R.Boldinin sədrliyi ilə keçirilmiş "dəyirmi masa"da səfir V.Sadıqovun çıxışından sonra İtaliyanın Xarici İşlər və İqtisadi İnkişaf nazirliklərini, habelə Romada fəaliyyət göstərən Beynəlxalq Münasibətlər İnstitutunu təmsil edən məruzəçilər iki ölkə əlaqələrinin indiki vəziyyəti və perspektivləri haqqında məlumat vermişlər.
"Dəyirmi
masa"da İtaliya parlamenti üzvlərinin çoxsaylı
sualları cavablandırılmışdır.
Azərbaycan.- 2011.-17 iyun.- S. 4.