Qarabağ: yalan təcavüzü
və ya “müqəddərat təyini” haqqında
saxtalaşdırılmış əhvalat
Litva Xalqları İnformasiya Palatası (İNFORUM) idarə heyətinin sədri, Litva-Azərbaycan Assosiasiyasının həmtəsisçisi, Litva Yəhudi İcması Şurasının üzvü Vitaliyus Karakorskis AzərTAc-a bildirmişdir ki, bu il iyunun 2-də və 9-da Litvanın aparıcı portallarından biri olan dvdvdv.balsas.lt resursunda Litva Azərbaycanlıları Cəmiyyətinin sədri Mahir Həmzəyevin iki hissədən ibarət məqaləsini dərc etmişdir. Məqalə erməni təbliğatının fitnəkarlıqlarına həsr edilmişdir.
Məqalə ermənilərin bu Baltikyanı ölkədə apardığı təbliğatı ifşa etmək üçün Litvanın Azərbaycan diasporunun vaxtında atdığı cavab addımıdır. Məqalə Dağlıq Qarabağ ətrafında status-kvonun bundan sonra da saxlanması üçün ermənipərəst qüvvələrin göstərdiyi səyləri və məkrli addımları ifşa edir.
V.Karakorskis yazır ki, bir müddət bundan əvvəl Ermənistan Vahid Liberal Milli Partiyası (MİAK) Litva ictimaiyyətini Dağlıq Qarabağ münaqişəsinin tarixi barədə ermənilərin öz versiyası ilə tanış etmək və bu ölkənin siyasətçilərini mümkün qədər qondarma Dağlıq Qarabağ respublikasının tanınmasına sövq etmək məqsədi ilə bir layihə həyata keçirmişdir. Həmin layihə çərçivəsində Litva Seyminin deputatları, parlamentin fraksiya və komitə rəhbərləri, hökumət dəftərxanasının dövlət qulluqçuları, siyasi partiyaların sədrləri, habelə politoloqlar və Litvanın digər tanınmış ictimai-siyasi xadimləri MİAK nümayəndəsi Arsen Ayriyanın “Dağlıq Qarabağ – həqiqət və faktlar” sərlövhəli müraciətini almışlar. Bu müraciətə erməni təbliğatçıları tərəfindən rus və ingilis dillərində uydurulmuş “tanışlıq oçerki” də əlavə edilmişdir. Müraciət erməni təbliğat mətnlərinin əksəriyyətinə xas olan ruhda tərtib edilmişdi. Mətnin müəllifləri litvalı siyasətçilərdən təkidlə xahiş edirdilər ki, onlar Dağlıq Qarabağ Respublikasının müstəqilliyinin tanınması uğrunda mübarizəyə qoşulsunlar.
Vitaliyus Karakorskis yazır ki, bu, heç də təsadüfi deyildir. Əvvələn, məlum olduğu kimi, 2011-ci ildə Litva ATƏT-də sədrlik edir. İkincisi, xatırlatmaq yerinə düşər ki, 2010-cu ilin dekabr ayında Litva Seymində Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsinə dair qətnamə layihəsi qeydiyyata alınmışdır. Sənəddə bildirilir ki, Ermənistan Azərbaycanın işğal edilmiş 20 faiz ərazisini tərk etməlidir. Təsadüfi deyildir ki, Ermənistan uydurma əhvalatlar hesabına Litva parlamentinin üzvlərini və ölkə ictimaiyyətini aldadaraq onları çaşdırmaq və həqiqətdən uzaqlaşdırmaq istəyir. Ermənistan XİN və erməni siyasətçilər, bu ölkənin qeyri-hökumət təşkilatları və erməni diasporu son vaxtlar maksimum qüvvə ilə çalışırlar ki, sözügedən qətnamə Litva Seymində müzakirə edilməsin, bu məsələ Litva parlamentinin gündəliyindən həmişəlik çıxarılsın. Lakin erməni yalanının ömrü qısa olmuşdur. Mahir Həmzəyevin məqaləsində yuxarıda qeyd edilən siyasi saxtakarlığın təşəbbüsçülərinə tarixi mənbələrə əsaslanan layiqli cavab verilmişdir. Bu məqalədə regionun tarixi, ermənilərin İrəvan xanlığına gəlmələrinin xronologiyası, Azərbaycan torpaqlarında etnik-demoqrafik vəziyyətin əvvəlcə çar Rusiyasının, sonra isə SSRİ-nin dəstəyi ilə ermənilərin xeyrinə süni şəkildə dəyişdirilməsi qısaca şərh edilmişdir. Məqalədə əsaslandırılmış dəlillərin şərhi kontekstində sürrealist “böyük Ermənistan” ideyasının yırtıcı mahiyyəti bacarıqla açıqlanmışdır. Bundan əlavə, litvalı oxuculara Qarabağ müharibəsi haqqında real faktlar təqdim edilmişdir. Məqalədə göstərilir ki, həmin müqavilədə Rusiya Federasiyası Silahlı Qüvvələrinin 366-cı alayı və əcnəbi muzdlular Ermənistan tərəfində iştirak etmişlər. Bundan əlavə, məqalədə ASALA erməni terror qrupu, onun sovet və Suriya xüsusi xidmətləri ilə əlaqələri barədə məlumat verilir.
Mahir Həmzəyev Litva-Azərbaycan mədəni əlaqələrini, habelə 1918-1922-ci illərdə Litvanın Cənubi Qafqaz ölkələri ilə dövlətlərarası münasibətlərini tədqiq edən tanınmış mütəxəssisdir. Müəllif həmin məqaləni hazırlayarkən litvalıların dünyagörüşünü və onların təfəkkür tərzini nəzərə almışdır. Artıq indidən deyə bilərik ki, M.Həmzəyevin bu məqaləsindən sonra sağlam düşüncəli litvalılar Qarabağ tarixini saxtalaşdıranların “yaradıcılığına” daha ehtiyatla yanaşacaqlar. Nüfuzlu litvalı tarixçi və politoloqların fikrincə, bu sanballı məqalə Litvada sovet təbliğat-təşviqatı ruhunda aparılan yalançı təbliğat cəhdlərinə daha bir ciddi zərbə vurmuşdur. Vitaliyus Karakorskisin qənaəti belədir.
Azərbaycan.- 2011.-17 iyun.- S. 4.