Həkim olmaq məsuliyyəti
"Həkimlik sənəti daim inkişaf edir, qazanılmış təcrübə hesabına zənginləşərək irəliləyirE Heç bir peşədə Hippokrat andı kimi and yoxdur. Hippokrat andı içən hər bir həkim o anda sona qədər sadiq qalmalıdır".
Heydər ƏLİYEV
Müasir dövrdə hər bir dövlətin iqtisadi potensialı və qüdrəti bir sıra mühüm meyarlarla yanaşı, həm də milli səhiyyə sisteminin inkişaf səviyyəsi, tərəqqi yönümü ilə ölçülür. Xalqın fiziki və mənəvi sağlamlığının yüksək səviyyədə təmin olunması və bütövlükdə milli genofondun qorunması müstəqil Azərbaycanda dövlətin qarşıya qoyduğu prioritet vəzifələrdən biri kimi çoxsahəli islahatların ayrılmaz tərkib hissəsinə çevrilmişdir.
İnsan sağlamlığını cəmiyyətin sərvəti adlandıran ümummilli lider Heydər Əliyev 2001-ci ildə 17 iyun tarixinin tibb işçilərinin peşə bayramı kimi təsis edilməsi haqqında xüsusi sərəncam imzalamışdır. Həmin gün ulu öndərin həkimlərə ünvanladığı təbrik məktubunda deyilirdi: "... Siz bütün fəaliyyətinizi bu sahə ilə bağlayaraq, həyatınızı olduqca qədim, nəcib və xeyirxah bir işə - insanların sağlamlığının qorunması işinə həsr etmisiniz... Əhalinin sağlamlığının mühafizəsi və tibbi xidmətin yaxşılaşdırılması istiqamətində irəliyə doğru atdığınız addımlar və əldə etdiyiniz uğurlar bizi sevindirir". Bu fikirlərdə ulu öndərin milli səhiyyəmizin inkişafına yönələn diqqət və qayğısı, həkimlərimizə olan sevgi və məhəbbəti, bu peşənin müqəddəsliyi, məsuliyyəti açıq şəkildə öz əksini tapmışdır. Bir faktı da qeyd edək ki, 17 iyunun tarixə düşməsi heç də təsadüfi olmamışdır. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin ilk qərarlarından biri Səhiyyə Nazirliyinin yaradılması ilə bağlı idi. Həmin qərar isə iyunun 17-də imzalanmışdır. Azərbaycan səhiyyəsinin təməl daşının qoyulduğu günün tibb işçilərinin peşə bayramı kimi qeyd edilməsi isə ümummilli lider Heydər Əliyevin tariximizə olan həssas münasibətinin bariz nümunəsi idi.
Tibbin insan cəmiyyəti ilə
yaşıd olan böyük bir tarixi var. Şərq ölkələrinin
qədim dövrlərinə müraciət etsək görərik
ki, Qərbdə hələ kimya haqqında təsəvvür
belə olmadığı halda VIII əsrdə
yaradılmış Bağdad Akademiyasında elmin bu sahəsində
xeyli uğurlar əldə edilmişdi. Zəkəriyyə
Razi, Cabir ibn Həyyan və başqa alimlər insan orqanizmində
gedən dəyişiklikləri öyrənirdilər.
Kimyanı mükəmməl bilən Zəkəriyyə Razi hələ
o vaxtlarda mürəkkəb dərmanlar hazırlamış,
toksikologiya elminin əsasını qoymuşdur. X-XI əsrlərdə
isə digər ölkələrdən fərqli olaraq, Azərbaycanda
xalq təbabəti yüksək inkişaf mərhələsinə
çatmışdı. Azərbaycan təbabətinin X əsrdəki
vəziyyətini əks etdirən ilk tarixi abidə İsa əl-Rahim
Tiflisinin "Tibb" əsəri olmuşdur.
Qədim tarixi məxəzlər
Azərbaycanda tibbin parlaq səhifələrindən birini Əbu
Əli ibn Sinanın buradakı elmi fəaliyyəti ilə əlaqələndirirlər.
Orta əsr filosofu, həkimi və ensiklopediyaçısı
ibn Sina dünyanın ən qüdrətli zəka sahiblərindən
olmuşdur. Araşdırmalara görə, o, elmin bütün
sahələrinə aid 450-yə qədər əsər
yazmış, onların da 150-yə qədəri
dövrümüzə qədər gəlib
çatmışdır. İbn Sinanın ən məşhur
əsəri tibb üzrə çoxcildli "Qanunlar
kitabı" və "Şəfa kitabı"dır.
O dövrdə məşhur
filosof, astronom, kimyagər və həkim kimi tanınan Ömər
Osmanoğlunun da adına tez-tez rast gəlinir. Bu alim
Şamaxı şəhərinin
yaxınlığındakı Mərhəm kəndində
"Mədrəseyi-tibb" (tibb mədrəsəsi) təşkil
edərək burada gənclərə həkimlik sənətinin
sirlərini öyrətmişdir. Stasionar müalicə də
ilk dəfə həmin mədrəsədə təşkil
edilmişdi. Tarixçilərin qeyd etdiyi kimi, Azərbaycanda
ilk klinikanın yaradılması bu fədakar alimin adı ilə
bağlı olmuşdur.
Sonrakı dövrlərdə
adları iftixarla çəkilən Nəsirəddin Tusi, Əbdürrəşid
Bakuvi, Seyid Yəhya Bakuvi və başqaları tibb sahəsinə
yeniliklər gətirən alimlərdən olmuşlar. XIII əsrdə
elm tariximizdə şərəfli yer tutan alimlərimizdən
biri də Əbdül Məcid Təbib olmuşdur. O, Şərqdə
geniş yayılmış "Kitab üt-tibb" əsərinin
müəllifidir. Bu əsərdə həm diaqnostika, həm
də əsəblə bağlı bir çox xəstəliklərin
müalicəsinə dair orijinal fikirlər öz əksini
tapmışdır.
Tibb tariximizin qədim səhifələrini
vərəqlədikcə səhiyyəmizin əsrlər boyu
çox böyük inkişaf yolu keçdiyinin şahidi
oluruq. Bu proses əvvəllər olduğu kimi, XVI-XVII-XVIII əsrlərdə
də geniş vüsət almışdır. Məhəmməd
Yusif Şirvani, İbrahim ibn Zeynalabdin Naxçıvani,
Hacı Süleyman ibn Süleyman İrəvani, Ağa Səid
Təbibi və başqaları təbabətə dair
fundamental əsərləri ilə tibb elmimizi zənginləşdirmişlər.
Azərbaycan səhiyyəsi
XIX-XX əsrlərdə də özünün ən yüksək
inkişaf mərhələsini keçmişdir. Alim, həkim
M.Mirqasımov 1945-ci ildə Azərbaycan Elmlər
Akademiyasının ilk prezidenti seçilmişdir. Məşhur
həkim, dövlət xadimi Əziz Əliyev respublika səhiyyəsinin
təşkilində, tibb kadrlarının yetişdirilməsində
misilsiz xidmətlər göstərmişdir. 1946-cı ildə
Azərbaycan SSR EA yanında Eksperimental Təbabət
İnstitutu yaradılmışdır. Tanınmış tibb
alimləri K.Balakişiyevin, Ə.Qarayevin, M.Mustafayevin,
C.Hüseynovun, Ü.Musabəyovanın, Z.Məmmədovun,
C.Abdullayevin, M.Əfəndiyevin, İ.İsmayılzadənin,
R.Əliyevin və başqalarının səyləri nəticəsində
ayrı-ayrı tibb fənlərinə aid 45 mindən çox
termin toplanıb Azərbaycan dilində nəşr
olunmuşdur.
Azərbaycanda cərrahlıq
elmi sahəsində uğurlu nəticələr
qazanılmışdır. Tarixi qaynaqlarda göstərilir ki,
bu sahənin əsası Mirzə Məmmədqulu Qayıbov tərəfindən
qoyulmuşdur. Ondan sonra Əbdülkərim Mehmandarov, Xudadat bəy
Rəfibəyli, Nəriman Nərimanov, Mövsüm
İsrafilbəyov, Sultanməcid Əfəndiyev, Qəzənfər
Musabəyov, Tağı Şahbazi, Mirəsədulla
Mirqasımov, Mustafa bəy Topçubaşov, Ağaxan
Talışinski, Cəmil Ləmbəranski, Mustafa
Hacıqasmıov və başqa tibb xadimləri vaxtilə Azərbaycanı
beynəlxalq miqyasda təmsil etməklə özlərinin elmi
məktəblərini yaratmış, zəngin
yaradıcılıq irsi qoyub getmişlər.
Azərbaycan səhiyyəsinin
İkinci dünya müharibəsi dövrünə müraciət
etsək, görərik ki, həmin illərdə bu sahə nəinki
öz fəaliyyətini zəiflətmiş, hətta
böyük çətinliklər, məşəqqətlərlə
üz-üzə gələn həkimlərimiz əsl fədakarlıqlar
göstərmişlər. Statistik məlumatlara görə,
müharibənin ilk günlərində 680 həkim səfərbər
edilmişdi. Onların çoxu cəbhəyə göndərilmiş
və ordunun alay və birləşmələrinin tibb bölmələri
tərkibində düşmənə qarşı
vuruşlarda fəal iştirak etmişlər. Həmin
dövrlərdə professorlar - B.Mahmudbəyov, N.Bünyadov,
X.Hacıyev, A.Tahirov, Q.Səlimxanov, H.İsazadə, C.Axundov,
M.Qarayev və başqaları döyüşən orduda, habelə
hospitallarda baş mütəxəssis kimi işləmişlər.
Bir faktı qeyd edək ki, keçmiş Sovet İttifaqı
miqyasında arxada hospitalların təşkili işinin ilk təşəbbüskarı
professor Mustafa bəy Topçubaşov olmuşdur. Azərbaycanın
səhiyyə işçiləri bütün dövrlərdə
zamanla həmahəng addımlamış, əhaliyə tibbi
xidmətin səviyyəsini daim yaxşılaşdırmaq
üçün çalışmışlar.
Ötən əsrin 70-80-ci
illərində Azərbaycan səhiyyəsində yeni bir
eranın başlanğıcı qoyuldu. Ümummilli lider Heydər
Əliyevin hakimiyyətə gəlişi ilə səhiyyəmiz
özünün tərəqqi yoluna üz tutdu. 1970-1975-ci illərdə
respublikada təkcə uşaq poliklinikalarının və xəstəxanalarının
sayı 150-dən 185-ə çatdırıldı. Tibb sahəsində
mütəxəssislərin yeni nəslinin nümayəndələri
yetkin tədqiqatçılar kimi vətənə
qayıdıb fəaliyyətlərini genişləndirdilər.
Mirməmməd Cavadzadə, Böyükkişi Ağayev, Zərifə
Əliyeva, Zəhra Quliyeva, İbrahim Topçubaşov, Nəriman
Əliyev, Namiq Əliyev, Adilə Namazova, Bahadur
Baxşıyev, Törə Qədirova, Əhliman Əmiraslanov,
Eyvaz Babayev, Ağabəy Sultanov, Oqtay Şirəliyev, Bəybala
Abbasov, Qəhrəman Qəhrəmanov, Kamran Aslanov və
başqalarının adları səhiyyəmizin inkişaf
tarixində şərəfli yerlərdən birini tutur,
onların elmi məktəbləri öz işlərini bu
gün də uğurla davam etdirir.
1993-cü ilin iyununda
xalqın təkidli tələbi ilə böyük rəhbər
ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra səhiyyədə
birinci növbədə qanunvericilik bazası təkmilləşdirildi.
Respublikada ilk dəfə müasir səviyyədə təchiz
edilmiş Nüvə-Maqnit Rezonans Mərkəzi, Ailə
Sağlamlıq Mərkəzi, elmi-tədqiqat institutları
açıldı, Tibb Universitetinin yeni korpusu istifadəyə
verildi, bir çox klinikalarda yenidənqurma işləri
aparıldı.
Hazırda səhiyyə
sisteminin keyfiyyətcə yeni dövrün tələblərinə
uyğunlaşdırılması, əhalinin
sağlamlığının etibarlı təminatına imkan
verən müasir tibb infrastrukturunun yaradılması Azərbaycanda
həyata keçirilən sosialyönümlü siyasətin
mühüm tərkib hissəsidir. Bu istiqamətdə
ardıcıl və sistemli olaraq reallaşdırılan
islahatların nəticəsi kimi son illərdə ölkədə
səhiyyə sisteminin maddi-texniki bazası və infrastrukturu
yeniləşir, ən müasir texnologiyaların tətbiqi vətəndaşlara
göstərilən xidmətin səviyyəsinin əhəmiyyətli
dərəcədə yüksəlməsini təmin edir.
Bu gün səhiyyəyə
ayrılan büdcə vəsaiti ildən-ilə
artırılır. Əgər 2005-ci ildə səhiyyəyə
dövlət büdcəsindən 110 milyon manat
ayrılmışdısa, 2006-cı ildə bu rəqəm 179
milyon, 2007-ci ildə 269 milyon, 2008-ci ildə 330 milyon, 2009-cu ildə
508,9 milyon manat təşkil etmişdir. Qlobal maliyyə-iqtisadi
böhrana baxmayaraq, 2010-cu ildə səhiyyəyə dövlət
büdcəsindən 479 milyon, 2011-ci ildə isə 545 milyon
manat vəsait ayrılmışdır. Respublika rəhbərliyinin
diqqət və qayğısı nəticəsində son illər
mütəmadi olaraq tibb işçilərinin əməkhaqları
artırılır. Bundan başqa, ölkə
başçısının regionların inkişafı ilə
bağlı imzaladığı dövlət proqramlarında
bütün fundamental sahələr kimi, səhiyyə sisteminə
də geniş diqqət verilir. Bölgələrdə yeni xəstəxanaların,
poliklinikaların inşası, yaxud mövcud səhiyyə
müəssisələrinin müasir tələblər səviyyəsində
təmir və bərpa olunması, onların maddi-texniki, habelə
zəruri tibbi ləvazimatlarla təminatı məsələləri
geniş əksini tapır. 2003-cü ildən etibarən Azərbaycanda
300-dən çox tibb müəssisəsi tikilmiş və
yaxud əsaslı təmir olunaraq əhalinin istifadəsinə
verilmişdir. Lənkəranda, Qazaxda, Siyəzəndə,
Şirvanda, Naxçıvanda, Şahbuzda, Gəncədə, Bərdədə,
Zaqatalada, Şirvanda, Qubada, Qəbələdə,
Şamaxıda müasir tələblərə cavab verən
müalicə-diaqnostika mərkəzləri inşa
olunmuşdur. Dövlət başçısının
imzaladığı sərəncamlar əsasında Almaniyadan
150 ədəd "Mercedes" markalı təcili tibbi
yardım avtomobili alınaraq istifadəyə verilmişdir.
Respublika Prezidentinin təşəbbüsü
ilə səhiyyənin ən vacib sahələr üzrə -
"Qanın, qan komponentlərinin donorluğu və qan xidmətlərinin
inkişafına dair Dövlət Proqramı",
"Hemofiliya və talassemiya irsi qan xəstəliyi üzrə
Dövlət Proqramı", "Xroniki böyrək
çatışmazlığı üzrə Tədbirlər
Proqramı", "Yoluxucu xəstəliklərin
immunoprofilaktikasına dair Tədbirlər Proqramı",
"Onkoloji xəstələrin həyati vacib şiş əleyhinə
preparatlarla təminatı üzrə Tədbirlər
Proqramı", "Ana və uşaqların
sağlamlığının qorunması haqqında Tədbirlər
Proqramı" hazırlanmış və icrasına
başlanmışdır. İrsi qan və böyrək xəstəliklərindən
əziyyət çəkənlərin də problemləri ildən-ilə
həllini tapır. Habelə böyrək xəstəliklərindən
əziyyət çəkən insanların 85 faizi dövlət
hesabına hemodializlə və dərman preparatları ilə
təmin olunur.
İrsi qan xəstəlikləri
ilə bağlı Heydər Əliyev Fondunun həyata
keçirdiyi layihələrin əhəmiyyəti isə
xüsusi vurğulanmalıdır. YUNESKO-nun və İSESKO-nun
xoşməramlı səfiri, Milli Məclisin deputatı
Mehriban xanım Əliyevanın bilavasitə təşəbbüsü
ilə həyata keçirilən bu proqramlar çərçivəsində
2000-dək talassemiyalı, bir o qədər də
hemofiliyalı xəstələrin problemləri həllini
tapmışdır.
Azərbaycanın dövlət
büdcəsinin ildən-ilə artımı səhiyyə sistemində
insanların mənafeyinə xidmət edən islahatları
inamla davam etdirmək imkanı yaradır. 2008-ci il fevralın
1-dən dövlət müəssisələrində pullu xidmət
ləğv edilmişdir. Şübhəsiz, özəl tibb
ocaqlarının olduğu bir zamanda dövlət tibb müəssisələrinin
pulsuz fəaliyyət göstərməsi daha məqsədəuyğundur.
Səhiyyədə əczaçılıq sahəsində də
böyük işlər görülür. Dərman vasitələri
haqqında qanundan irəli gələn bütün vəzifələr
sistemli şəkildə həyata keçirilmiş,
müvafiq sənədlər, təlimatlar
hazırlanmışdır. Dərman preparatlarının
idxalı, saxlanılması və satışı
qaydaları hazırlanaraq Nazirlər Kabineti tərəfindən
təsdiq olunmuşdur. Keyfiyyətsiz dərmanların
respublikaya idxal olunmasına qarşı ciddi tədbirlər həyata
keçirilir.
"Talassemiyasız həyat
naminə" layihəsi Azərbaycanda böyük rəğbətlə
qarşılanmışdır. Proqramın daha səmərəli
şəkildə həyata keçirilməsi
üçün Məsləhət Şurası
yaradılmış, bu xəstəlikdən əziyyət
çəkən uşaqların təhlükəsiz və
keyfiyyətli qanla təmin olunması üçün donor
xidmətinin inkişafı, əhalinin maarifləndirilməsi,
prenatal diaqnostika üsulu ilə xəstəliyin
proqnozlaşdırılması məsələlərinə
xüsusi diqqət yetirilmişdir. Layihə çərçivəsində
Talassemiya Diaqnostika Mərkəzinin 2009-cu il mayın 10-da - ulu
öndərin doğum günündə istifadəyə verilməsi
fondun ölkə səhiyyəsinə böyük töhfəsi
olmuşdur.
Heydər Əliyev Fondu səhiyyəyə
qayğı siyasətini 2011-ci ildə də davam etdirir.
Fevralın 9-da fondun təşəbbüsü ilə inşa
olunmuş Gəncə Regional İnformasiya Mərkəzinin
istifadəyə verilməsi bu istiqamətdə mühüm
addımlardan biridir. Belə bir mərkəzin
yaradılmasında əsas məqsəd məhdud fiziki
imkanlı insanlar üçün informasiya
texnologiyalarının tədrisidir. Mərkəzin
imkanlarından Ağstafa, Daşkəsən, Qazax, Gədəbəy,
Goranboy, Samux, Tovuz, Göygöl, Şəmkir rayonlarından və
Naftalan şəhərindən ümumilikdə 60 mindən
çox fiziki cəhətdən qüsurlu insan istifadə edə
biləcəkdir.
Bu il fevralın 25-də
Bakının Pirşağı qəsəbəsində Heydər
Əliyev Fondunun təşəbbüsü ilə əsaslı
surətdə yenidən qurulan 34 nömrəli şəhər
səhiyyə kompleksinin istifadəyə verilməsi belə
layihələrin davamlı xarakter
daşıdığını göstərir.
Heydər Əliyev Fondunun
prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri,
Milli Məclisin deputatı Mehriban xanım Əliyeva aprelin 5-də
Heydər Əliyev Fondunun və Rusiyanın "Uralsib"
maliyyə korporasiyasının birgə əməkdaşlıq
layihəsi çərçivəsində Yeni Günəşli
yaşayış massivində inşa edilmiş Xüsusi
qayğıya ehtiyacı olan uşaqlar üçün
Reabilitasiya Mərkəzinin açılışında
iştirak etmişdir. Təxminən 1700 kvadratmetr sahəsi
olan tibb ocağı ən müasir standartlara uyğun
tikilmiş və müasir avadanlıqla təchiz olunmuşdur.
Mərkəzdə uşaqların müalicəsi
üçün dünya psixoterapiya praktikasında çox
populyar olan qum terapiyası üsulundan istifadə edilir.
Müalicəvi idman və fiziki tərbiyə reabilitasiya
prosesində əsas üsullardan biridir.
Azərbaycan Prezidenti
İlham Əliyevin rəhbərliyi altında aparılan
genişmiqyaslı islahatlar göstərir ki, milli səhiyyə
sistemimiz sürətlə müasirləşir, bu sahəyə
dövlət qayğısı ildən-ilə
artırılır. Həkim olmaq böyük məsuliyyətdir.
Çünki bu peşənin daşıyıcılarına
hər birimiz üçün əziz olan
sağlamlığımızı etibar edirik.
İnanırıq ki, respublikamızın iqtisadi gəlirlərinin
sürətlə artması fonunda səhiyyəmizin üzləşdiyi
bütün problemlər aradan qaldırılacaq, vətəndaşlarımız
dövlətin yaratdığı tibbi xidmətdən yüksək
səviyyədə yararlanacaqlar.
İradə ƏLİYEVA
Azərbaycan.- 2011.-17 iyun.- S. 7.