Abbas Zamanov Ərzurumda anıldı

 

Bu ilin oktyabr ayında görkəmli Azərbaycan alimi, əməkdar elm xadimi Abbas Zamanovun (1911-1993) anadan olmasının 100 illiyi tamam olur. Bu münasibətlə Naxçıvan Dövlət Universitetində müxtəlif tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Hazırda universitetin rektoru akademik İsa Həbibbəylinin topladığı materiallar əsasında "Abbas Zamanov məktublarda" adlı kitab çapa hazırlanır. Kitabda görkəmli alimin Azərbaycan ziyalıları ilə yanaşı, dünyanın müxtəlif ölkələrində yaşamış tanınmış şəxsiyyətlərə göndərdiyi altı yüzdən çox məktub və yüzə yaxın fotoşəkil öz əksini tapacaqdır.

Bu günlərdə Naxçıvan Dövlət Universitetinin nümayəndə heyəti Türkiyə Cümhuriyyətinin Ərzurum Atatürk Universitetində professor Abbas Zamanovun vaxtilə sovet rejiminin çətin dövrlərində göndərdiyi kitablardan təşkil olunmuş və üç mindən artıq kitabı əhatə edən "Bağış kitablığı"nı ziyarət etmişdir. Görüşdə Naxçıvan Dövlət Universitetinin əməkdaşları ilə yanaşı, Ərzurum Atatürk Universiteti Ədəbiyyat fakültəsinin professor-müəllim heyətinin nümayəndələri də iştirak etmişlər. Naxçıvan Dövlət Universitetinin rektoru akademik İsa Həbibbəyli görkəmli elm xadimi, professor Abbas Zamanovun həyatı və çoxcəhətli fəaliyyəti haqqında məlumat vermiş, Azərbaycan-Türkiyə elmi-ədəbi əlaqələrinin inkişafı sahəsindəki xidmətlərindən danışmış, "Abbas Zamanov bağış kitablığı"nın yaradıcılarına minnətdarlığını bildirmişdir.

Ərzurum Atatürk Universiteti Çağdaş türk ləhcələri və ədəbiyyatları kafedrasının müdiri, Azərbaycan ədəbiyyatının tədqiqatçısı, dosent-doktor Səadət Adıgözəl "Abbas Zamanov bağış kitablığı"nın yaradılması tarixindən və kitabxanadan istifadə məsələlərindən geniş söz açmışdır. Çıxışlarda "Abbas Zamanov bağış kitablığı"nın təşkilində Azərbaycan ədəbiyyatının görkəmli tədqiqatçısı professor-doktor Yavuz Akpınarın xidmətləri, bağış kitablığının kataloqunun və internet saytının yaradılması istiqamətində həyata keçirilmiş tədbirlər minnətdarlıqla qeyd olunmuşdur.

Naxçıvan Dövlət Universitetinin rektoru akademik İsa Həbibbəyli son illərdə Azərbaycanda tarix, ədəbiyyatşünaslıq və dilçilik sahəsində nəşr edilmiş kitabları Ərzurum Atatürk Universitetindəki "Abbas Zamanov bağış kitablığı"na hədiyyə etmişdir.

 

 

Nərmin CƏFƏROVA

 

Azərbaycan.- 2011.-17 iyun.- S. 7.