İordaniyada ərəb dilində "Azərbaycan: Xəzərin gəlini və neft ölkəsi" kitabı işıq üzü görmüşdür

 

İordaniyanın nüfuzlu yazıçı-publisisti Sultan Hattabın ərəb dilində "Azərbaycan: Xəzərin gəlini və neft ölkəsi" kitabı işıq üzü görmüşdür.

Azərbaycanın İordaniya Krallığındakı səfirliyindən AzərTAc-a bildirilmişdir ki, nəfis tərtibatda nəşr olunmuş 9 fəsildən və 386 səhifədən ibarət kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

Nəşrdə respublikamızın tarixi, mədəniyyəti, milli-mənəvi dəyərləri, siyasi kursu, iqtisadiyyatı, son illərdə əldə olunmuş nailiyyətləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və s. haqqında ətraflı məlumat verilir. Bununla yanaşı, kitabda kiçik və böyük ölçüdə 150-dən artıq fotoşəkil, müxtəlif dövrlərə aid xəritələr verilmişdir.

Kitabın ərsəyə gəlməsi üçün müəllif bir neçə dəfə Azərbaycanda olmuş, ölkəmizin bölgələrini, eləcə də Şəhidlər xiyabanını, Qubadakı kütləvi məzarlığı ziyarət etmişdir. S.Hattab kitab yazmaq barədə fikrinin yaranması ilə sualı cavablandırarkən demişdir: "Mən Azərbaycan xalqının zəngin tarixi-mədəni irsi ilə tanış olduqda onun düşdüyü çətinliklərdən necə məğrurluqla çıxdığını, ölkə rəhbərliyinin daxildə, bölgədə və dünya miqyasında yeritdiyi siyasətini təhlil etdikdə xalqınıza münasibətdə duyduğum ehtiram hissi daha da güclənmişdir. Son illərdə inkişaf etməkdə olan Azərbaycan-İordaniya münasibətləri, ölkələrimizin oxşarlığı və yaxınlığı, dövlət başçılarımızın səmimi dostluq münasibətləri isə məndə belə bir kitabın yazılması ideyasının doğmasına səbəb olmuşdur".

Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində daha bir güclü təbliğat vasitəsinə çevrilmiş kitab İordaniyada artıq köşklərdə və kitabxanalarda oxucularına təqdim olunmuşdur. Hazırda kitabın digər ərəb dövlətlərindəki yayım evlərinə çatdırılması həyata keçirilir. Müəllif kitabın istənilən ərəb ölkəsində asanlıqla əldə edilə bilinməsi üzərində çalışdığını bildirmişdir.

Yaxın günlərdə həm İordaniyada, həm də Azərbaycanda nəşrin rəsmi təqdimat mərasiminin keçirilməsi nəzərdə tutulmuşdur.

 

 

Azərbaycan.- 2011.-17 iyun.- S. 7.