Dövlət qayğısı cəbhə bölgəsinə yeni həyat verir

 

Kənd təsərrüfatı rayonu olan Füzulinin işğaldan azad olunmuş ərazilərində Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılmış, yandırılıb yerlə yeksan edilmiş evlərin bərpası ilə yanaşı, aqrar sahənin inkişafına da xüsusi fikir verilir. Dövlətin qayğısından bacarıqla bəhrələnən Füzuli kəndlisi bol əkinçilik və heyvandarlıq məhsulları istehsal etmək üçün daxili imkan və ehtiyat mənbələrindən səmərəli istifadə edir, fərəhli nəticələr qazanır. Atəşkəsin demək olar ki, hər gün pozulduğu, ölümsaçan güllələrin daim vıyıltı ilə uçduğu bir ərazidə kənd təsərrüfatı işləri adi ahənglə davam etdirilir.

Füzulidə artıq taxıl biçininə start verilmişdir. Taxılyığan kombaynlar bir neçə gündür ki, arpa biçininə başlamışdır. Verilən məlumata görə, rayonun taxıl zəmilərində bu il bol məhsul yetişdirilmişdir. Fermerlər hər hektardan rekord miqdarda məhsul götürmək əzmindədirlər. Rayonda fəaliyyət göstərən "Aqroservis" filialı taxıl zəmilərinin məhsulunu tez və itkisiz yığmaq üçün yetərli texniki imkanlara malikdir.

Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında (2009-2013-cü illər) Fizuli rayonu ilə bağlı nəzərdə tutulan tədbirlərin icrası dövlətin xüsusi nəzarəti ilə həyata keçirilir. Bu, təsadüfi deyil. Respublika Prezidenti İlham Əliyev cəbhə bölgəsində yerləşən rayonların sosial-iqtisadi inkişafına xüsusi önəm verdiyini dəfələrlə bəyan etmişdir. Dövlət başçısının bu aydın mövgeyi Füzuli rayonunun mərkəzi olan Horadiz şəhərinin sürətlə dəyişib gözəlləşən simasında özünü aydın göstərir. Horadizdə dövlət başçısının təşəbbüsü ilə inşa edilmiş Avropa standartlarına cavab verən Olimpiya İdman Kompleksi, Muğam Mərkəzi, Böyük Bəhmənli kəndində tikilmiş və müasir avadanlıqlarla təchiz edilmiş Tibb Mərkəzi rayon əhalisində böyük razılıq və minnətdarlıq doğurur. Bu il martın 17-də muğam müsabiqəsinin növbəti turunun Horadiz şəhərindəki Muğam Mərkəzində keçirilməsi Fizulidə əsl sənət bayramına çevrilmiş, Qarabağ muğamsevərlərinin yaddaşına unudulmaz hadisə kimi həkk olunmuşdur.

Hazırda Horadiz şəhərinin yenidən qurulması üçün ciddi hazırlıq görülür. Şəhərin kanalizasiya, içməli su və istilik sisteminin, dağıdılmış evlərin bərpa edilməsi birinci mərhələdə həyata keçiriləcək tədbirlərdir. Şəhərdə işğal dövrü yandırılmış iki uşaq bağçasının, Arxüstü adlanan ərazidə 8 illik məktəbin, kompüterləşdirilmiş mərkəzi kitabğananın, kollec üçün yeni binanın tikilməsi, şəhər poliklinikasının, 2 saylı orta məktəbin əsaslı bərpası, avtovağzalın tikintisi nəzərdə tutulur. Əlbəttə, bunlar yaxın gələcəkdə görüləsi işlərin tam siyahısı deyildir. 100 çarpayılıq çox profilli xəstəxana binasının tikintisi, dünya standartlarına cavab verən rabitə sisteminin qurulması da yaxınlarda görüləsi işlərdəndir. Bölgədə təqdirəlayiq abadlıq, quruculuq işləri görən Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu rayonun Bala Bəhmənli, Araz Dilağarda, Araz Zərgar, Birinci Mahmudlu kəndlərinin daxili və kəndarası yollarının bərpası, ərazidə iri broyler fabriki inşa etmək, içməli suya olan tələbatı daha dolğun şəkildə ödəmək üçün 6 yerdə artezian quyusu qazmaq, Əhmədbəyli və Araz Dilağarda kəndlərində uşaq bağçaları tikmək, Araz Zərgar kənd məktəbini bərpa etmək üçün hazırlıq işlərinə başlayıb.

Rayonda vüsət alan abadlıq-quruculuq işlərində əslən Fizulidən olan iş adamları da yaxından iştirak etmək niyyətlərini ortaya qoyur, əsl vətəndaş mövgeyi nümayiş etdirirlər. Moskvada yaşayan Məcnun Mehdiyev Horadiz şəhərində uşaq istirahət guşəsi tikmək, Mollaməhərrəmli kəndindən olan iş adamı Xaləddin Hüseynov rayon ərazisində yaşıllaşdırma işləri görmək, Aybasanlı kəndindən olan sahibkar Nəriman Əliyev Kərimbəyli kəndi yaxınlığında hər cür şəraitə malik ailəvi istirahət mərkəzi yaratmaq üçün rayon rəhbərliyinə müraciət etmişdir. Təbii ki, bu qəbildən olan müraciətlər minnətdarlıqla qarşılanır, onlara zəruri qayğı və kömək göstərilir. Yerli iş adamları Horadizdə 4 ulduzlu, 9 mərtəbəli otelin tikintisinə elə bu il başlamaq niyyətindədirlər.

Rayonda sahibkarlığın inkişafı üçün yaradılan münbit şərait, göstərilən hərtərəfli qayğı və diqqət iş adamlarına qol-qanad verir, onları doğma yurda daha möhkəm tellərlə bağlayır. Formalaşan sağlam mənəvi-psixoloji mühit bütün sahələrdə aşkarlığı, şəffaflığı, ədaləti adi həyat normasına çevirir. Ölkədə korrupsiyaya və rüşvətxorluğa qarşı güclənən mübarizə rayonda da geniş müdafiə olunur. Baş verə biləcək neqativ halların, edilən müraciətlərin operativ şəkildə araşdırılıb həll edilməsi üçün rayon icra hakimiyyətində "qaynar xətt" yaradılmışdır. "Qaynar xətt"ə (5-51-74) daxil olan zənglər təbii ki, nəticəsiz qalmır, hər bir şikayət öz ədalətli həllini tapır.

Rayon icra hakimiyyətinin başçısı Alı Alıyev söhbətimizdə qeyd etdi ki, rayondakı bütün əlaqədar təşkilatlar öz fəaliyyətində əhali ilə canlı ünsiyyətə daha çox üstünlük verirlər. Məqsəd aydındır: real vəziyyəti öyrənmək, adamları narahat edən problemləri onların öz dilindən eşitmək. Pozulmaz ənənəyə çevrilən səyyar qəbullar da məhz bu aydın məqsədə xidmət edir. 37 min nəfərdən çox əhalinin yaşadığı ərazilərdə keçirilən səyyar qəbullarda edilən 295 müraciətin 265-i təmin olunmuşdur. Müraciətlərin böyük əksəriyyəti iş yeri ilə bağlıdır. Son 3 ayda rayonda 210 daimi iş yerinin açılması təqdirəlayiqdir. İşğal vaxtı dağıdılmış evlərin dövlət vəsaiti hesabına bərpa olunması uğurla davam etdirilsə də, bu sahədə hələ görüləsi xeyli iş var. Son iki ildə rayonda 20 subartezian quyusu qazılıb istifadəyə verilsə də, bu sahədəki ehtiyac da tam ödənilməmişdir. Hazırda yaşayış məntəqələrinə təbii qaz çəkilişi sürətlə davam etdirilir. Artıq 6 kənddə qaz yanır. Mövcud 39 yaşayış məntəqəsinin tezliklə qazlaşdırılması cari qayğılar sırasındadır.

 

 

Lazım QULİYEV

 

Azərbaycan.- 2011.-18 iyun.- S. 1.