Azərbaycanın Baş naziri Rusiyanın nəqliyyat naziri ilə görüşmüşdür

 

İyunun 17-də Azərbaycanın Baş naziri Artur Rasizadə "Bakı Ekspo" sərgi mərkəzində "TransCaspian" 10-cu yubiley beynəlxalq nəqliyyat, tranzit və logistika sərgisində iştirak etmək üçün respublikamıza gəlmiş Rusiyanın nəqliyyat naziri İqor Levitinlə görüşmüşdür.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə Azərbaycan ilə Rusiya arasındakı mövcud çoxtərəfli əlaqələr çərçivəsində nəqliyyat sahəsində də qarşılıqlı əməkdaşlığın möhkəmləndirilməsi və genişləndirilməsinin zəruriliyi vurğulanmışdır. Qeyd olunmuşdur ki, Bakıda keçirilən "TransCaspian" sərgisi müxtəlif ölkələrdə nəqliyyat infrastrukturunun vəziyyəti barədə geniş təsəvvür yaratmaq baxımından mühüm əhəmiyyət kəsb edir.

Söhbət zamanı nəqliyyat sektorunun daha səmərəli fəaliyyətinə dair tərəfləri maraqlandıran bir sıra digər məsələlər ətrafında da fikir mübadiləsi aparılmışdır. Görüşdə Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov və Rusiyanın ölkəmizdəki səfiri Vladimir Doroxin iştirak etmişlər.

 

 

Azərbaycan.- 2011.-18 iyun.- S. 1.