Azərbaycanın Avropadakı tərəfdaşlarının sayı artır

 

Prezident İlham Əliyevin Serbiya və Sloveniyaya səfəri zamanı bir sıra mühüm razılaşmalar əldə olundu

 

Sosializmin süqutundan sonra demokratiya və bazar iqtisadiyyatı yolunu seçmiş Mərkəzi və Şərqi Avropa dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi rəsmi Bakının xarici siyasətində mühüm yer tutur. Azərbaycan iqtisadi və siyasi islahatları başa çatdırmış həmin ölkələrin Avropanın siyasi, iqtisadi və təhlükəsizlik sistemlərinə inteqrasiya sahəsindəki mütərəqqi təcrübəsindən səmərəli şəkildə yararlanmaq niyyətindədir.

Prezident İlham Əliyevin bir müddət əvvəl Serbiyaya, daha sonra isə Sloveniyaya rəsmi səfərləri Azərbaycanın bu ölkələrlə genişmiqyaslı əməkdaşlığı üçün yaxşı potensialın mövcudluğunu bir daha təsdiqləmişdir. Həmin səfərlərin yekunları həm də onu göstərir ki, ölkəmiz bu Avropa dövlətləri ilə qarşılıqlı faydalı əlaqələrin yüksələn xətlə inkişafında maraqlıdır. Bu maraq eyni zamanda Serbiya və Sloveniyanın keçid dövrünü sürətlə başa vuraraq demokratikləşmə, sosial-iqtisadi inkişaf, habelə avratlantik strukturlara inteqrasiya sahəsində ciddi uğurlar qazanması ilə bağlıdır.

Prezident İlham Əliyev Serbiyaya rəsmi səfəri çərçivəsində bu ölkənin dövlət başçısı Boris Tadiçlə görüşmüş, iki ölkə arasında əməkdaşlığın mövcud durumu və gələcək perspektivləri ilə bağlı geniş fikir mübadiləsi aparmışdır. Prezidentlərin görüşündə Azərbaycan ilə Serbiya arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə əlaqələrin uğurla inkişaf etdiyi, habelə yüksək səviyyəli qarşılıqlı səfərlərin münasibətlərin dərinləşməsi baxımından əhəmiyyəti vurğulanmışdır.

Serbiya Prezidenti Boris Tadiç Azərbaycanı ölkəsinin mühüm tərəfdaşı adlandıraraq demişdir ki, siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə əlaqələrin möhkəmləndirilməsi vacibdir. O, həmçinin vurğulamışdır ki, ölkəsi Azərbaycan şirkətlərinin Serbiyanın nəqliyyat infrastrukturunda və digər sahələrdə iştirakında maraqlıdır. Serbiya Prezidenti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəsinin beynəlxalq hüquqa söykənən ədalətli mövqeyini bir daha bəyan etmişdir: "...Serbiya və Azərbaycan bu gün eyni vəzifələr və məsələlər qarşısındadır. Ölkələrimiz arasında oxşarlıqlar da vardır. Söhbət burada Dağlıq Qarabağ və Kosovo məsələlərindən gedir. Serbiya Respublikası Azərbaycanın hər hansı bir hissəyə bölünməsinin tərəfdarı deyil, qətiyyən bu fikirdə deyil və Azərbaycanı BMT-nin üzvü kimi öz ərazi bütövlüyü çərçivəsində tanıyır. Əslində bu, bizim mətbuat konfransında bəyanatımızın əsas hissəsidir. Mən, eyni zamanda, cənab Prezidentə təşəkkürümü bildirdim. Cənab Prezidentin Kosovo məsələsində tutduğu mövqe ilə bağlı təşəkkürümü bildirdim".

Xatırlatmaq lazımdır ki, Kosovonun 2008-ci ilin fevral ayında birtərəfli qaydada mustəqilliyini elan etməsindən sonra Azərbaycan bu əyalətdə 1999-cu ildən xidmət edən sülhməramlı qüvvələrini geri cağırmışdır. 18 fevral 2008-ci ildə Azərbaycan Xarici İşlər Nazirliyi bu hadisəni beynəlxalq huquq normaları ilə ziddiyyət təşkil edən qanunsuz akt olaraq qiymətləndirmiş, Kosovonun İslam Konfransı Təşkilatı tərəfindən tanınmasına qarşı cıxdığını bəyan etmişdir. 8 oktyabr 2008-ci ildə BMT Baş Assambleyası BMT Beynəlxalq Məhkəməsindən Kosovonun birtərəfli qaydada müstəqilliyini elan etməsinin qanuni olub-olmamasına qiymət verməsini tələb edən qətnamə qəbul etmişdir. Qətnamə Azərbaycan daxil olmaqla 77 dövlət tərəfindən dəstəklənmişdir. Serbiya ilə yanaşı, BMT Beynəlxalq Məhkəməsinə Azərbaycan, Argentina, Venesuela, İspaniya, Gürcüstan və digər dövlətlər Kosovonun mustəqilliyinin əleyhinə arqumentlər təqdim etmişlər.

Səfər zamanı imzalanmış ikitərəfli sazişlər də ikitərəfli münasibətlərin inkişafı baxımından vacibdir. Bu sazişlər fövqəladə hallar, gömrük, sərmayələrin təşviqi və qarşılıqlı qorunması, energetika, mülki aviasiya, təhsil, gənclər və idman, ətraf mühitin mühafizəsi, mədəniyyət sahəsində əməkdaşlığı nəzərdə tutur. Prezident İlham Əliyevin iştirakı ilə Azərbaycanın Serbiyadakı səfirliyinin rəsmi açılış mərasiminin keçirilməsi də ikitərəfli əlaqələrin bundan sonrakı inkişafı baxımından vacib əhəmiyyətə malikdir.

Prezident İlham Əliyevin Serbiyadan sonra Sloveniyaya gerçəkləşən səfəri də iki ölkə arasında əlaqələrin dinamik inkişaf etdiyini göstərmişdir. Səfər zamanı hər iki dövlətin başçılarının apardıqları ikitərəfli danışıqlar deməyə əsas verir ki, Sloveniya Azərbaycanın Avropa İttifaqı və NATO ilə əməkdaşlığına hər cür dəstək vermək niyyətindədir. Avropa İttifaqının "Yeni qonşuluq siyasəti"ni dəstəkləyən Azərbaycan bu dövlətin uğurlu təcrübəsinə istinad etməklə, təşkilata üzvlük üçün bir sıra zəruri prosedurları asanlıqla keçə bilər.

Prezident İlham Əliyev Sloveniyanın dövlət başçısı ilə görüşündə ölkələrimiz arasında mövcud əməkdaşlığın hazırkı səviyyəsindən razı qaldığını da xüsusi vurğulamışdır: "Ölkələrimiz arasında əlaqələr çox yüksək səviyyədədir. Bizim aramızda çox fəal siyasi dialoq aparılır. Cənab Prezidentin qeyd etdiyi kimi, iki il bundan əvvəl biz Sloveniya Prezidentini Azərbaycanda qəbul edirdik, bu gün mən Sizin gözəl ölkənizə səfər edirəm. Bu arada biz cənab Prezidentlə mütəmadi qaydada telefonla əlaqə saxlamışıq, beynəlxalq tədbirlərdə daim imkan olan kimi görüşürük. Yəni, ölkələrimiz arasında mövcud olan siyasi dialoq çox yüksək səviyyədədir. Əlbəttə ki, bu, əlaqələrimizin inkişafı və bütün başqa sahələri əhatə etmək üçün yaxşı zəmin yaradır. Əminəm ki, səfərim və imzalanmış sənədlər, aparılmış danışıqlar nəticəsində qəbul ediləcək qərarlar münasibətlərimizi daha da möhkəmləndirəcəkdir. Biz buna maraqlıyıq və Sloveniya bizim üçün bu bölgədə çox vacib tərəfdaşlardan biridir".

Sloveniyanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq hüquq norma və prinsiplərinə uyğun mövqe nümayiş etdirməsi də səfərin yaddaqalan məqamlarındandır. Sloveniya Prezidenti Danilo Türk mətbuat üçün bəyatında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində mövcud "status-kvo"nun saxlanılmasının yolverilməz olduğunu demişdir. Eyni zamanda o, Rusiya Prezidenti Dmitri Medvedevin vasitəçiliyi ilə Azərbaycan və Ermənistanın dövlət başçılarının Soçi görüşünə böyük ümidlər bəslədiyini vurğulamışdır.

Ümumilikdə, Prezident İlham Əliyevin Serbiya və Sloveniyaya rəsmi səfərləri Azərbaycanın Avropadakı tərəfdaşlarının sayının getdikcə artdığını göstərir. Bu isə respublikamızın istər avrostrukturlara inteqrasiyası, istərsə də bu geosiyasi arealda maraq və mənafelərinin təmini baxımından mühüm göstəricidir.

 

 

S.ELMANOĞLU

 

Azərbaycan.- 2011.-18 iyun.- S. 1.