Sözün və zamanın
ucalığında
Başqa sənət və peşə sahibləri ilə müqayisədə Azərbaycan yazıçıları və şairləri hələ sovet dövründə daha çox azadlıq və müstəqillik eşqi ilə çırpınırdılar. Sovet rejiminin bütün sərtliyi milli azadlıq duyğularının üstündən heç də həmişə qara xətt çəkməyi bacarmadı. Repressiyaların iti caynaqları millətin ziyalılarını, vətənpərvər oğullarını, bəzən də ən fağırlarını belə gedər-gəlməzə aparsa da, qəlbi millətin xoş sabahı ilə döyünən insanların azadlıq eşqini söndürə bilmədi. Yazıçı və şairlərimizdən Ənvər Məmmədxanlı, İlyas Əfəndiyev, Əzizə Cəfərzadə, İsmayıl Şıxlı, Bəxtiyar Vahabzadə, Fərman Kərimzadə, Məmməd Araz, Xəlil Rza Ulutürk və başqalarının əsərlərində milli azadlıq duyğuları elə qönçələyirdi ki, sonralar quruluş dəyişəndə də onların yaradıcılığı bütün zamanlar üçün əbədiləşdi. Müstəqilliymizin yenidən bərpası məhz bu unudulmaz insanların arzularını gerçəkləşdirdi. Bu faktı da mütləq etiraf etməkdən böyük məmnunluq duyuruq ki, ədəbiyyata vətəndaşlıq, vətənpərvərlik, insanpərvərlik məktəbi kimi yanaşan Heydər Əliyev onu qoruyaraq inkişaf etməsi üçün gözəl şərait yaratdı. Məhz adını çəkdiyimiz qələm sahibləri də ulu öndərin milli təəssübkeşliyinə, siyasi cəsarətinə arxalanaraq yazıb-yaradırdılar.
Ümummilli lider Heydər Əliyev 1997-ci ilin oktyabrında Azərbaycan yazıçıları ilə olan görüşündə söyləmişdir: "...Azərbaycan xalqının müsbət xüsusiyyətlərindən biri də odur ki, mədəniyyətə, ədəbiyyata daim diqqət, qayğı göstərib və hörmət edibdir. Bilmirəm, bəlkə səhv edirəm, ancaq yazıçıya, şairə, mədəniyyət xadiminə bizim Azərbaycandakı kimi hörmət və ehtiram bəlkə də az yerlərdə tapılar. Bunun da kökləri var. Çünki bizim ədəbiyyatımız da, mədəniyyətimiz də zəngindir". Bu səbəbdən də zəngin ədəbiyyatı, mədəniyyəti yaradan şəxsiyyətlərlə həmişə fəxr edərək onların yaratdığı əsərləri sevə-sevə oxumuş, xatirələrini qəlbimizdə əbədi saxlamışıq. Azərbaycanın istedadlı yazıçı və şairləri həmişə zamanın fövqündə dayanıblar. Müxtəlif repressiyaların, quruluşların diktəsi, ağır təzyiqləri onların həyatından ağır izlərlə keçsə də, Azərbaycan ədəbiyyatı bütün dövrlərdə inkişafda olub.
Dövlət müstəqilliyimizin bərpasından keçən 20 il ərzində, demək olar ki, Azərbaycan yazıçılarının, şairlərinin yaradıcılığında, həyat və fəaliyyətində yeni mərhələ başladı. Ötən əsrin sonlarında ölkəni bürüyən xaos, qarışıqlıq bir çox sahələrdə olduğu kimi, Azərbaycan yazıçılarının da həyatından izsiz keçmədi. Həmişəki kimi, qələm sahiblərimiz bu ziddiyyətli dövrdən də qalib çıxdılar. Həyatın qəribə qanunları var. Qalmaqallar da, didişmələr də zaman keçdikcə unudulur. Yaşayan, yadda qalansa ədəbi meyarlar və dəyərlər olur.
Sovet dövründə Azərbaycan Yazıçılar İttifaqı kimi tanınan qurum 1991-ci ildən Yazıçılar Birliyi adlandı. Bir məsələni də məmnunluqla qeyd etmək lazımdır ki, hələ sovet dövründə ən nüfuzlu ictimai təşkilat kimi tanınan Yazıçılar İttifaqı bütün zamanlarda dilimizin, mənəviyyatımızın, milli varlığımızın keşiyində durub. Xalqımızın mühüm taleyüklü məsələləri müzakirəyə çəkiləndə ən gur səslənən də yazıçı sözü olub. Azadlıq meydanına gedən yolun ilk cığırı, əslində, yazıçılar ocağından başlanıb. Çoxunun yadındadır ki, xalq hərəkatının önündə ilk növbədə Azərbaycan yazıçıları gedirdi. Xalqın milli şüurunun yetkinləşməsində, mənəvi dəyərlərinin mənimsənilməsində şeirin, nəsrin, dramaturgiyanın müstəsna rolu olub.
1993-cü ildə ümummilli liderin xalqın tələbi ilə hakimiyyətə qayıdışı ədəbi aləmdə bir coşqunluq yaratdı. Müstəqillik dövrünə qədəm qoymuş Azərbaycan dahi rəhbərin ədəbiyyata, mədəniyyətə və incəsənətə göstərdiyi qayğının yeni sevinclərini yaşadı. Görkəmli ziyalıların, yazıçı və şairlərin, sənət adamlarının əməyini yüksək qiymətləndirən Heydər Əliyev onların həyat tərzinin daha da yaxşılaşması üçün müxtəlif sərəncamlar imzaladı.
Azərbaycan Yazıçılar Birliyinə həmişə həssaslıqla yanaşan ulu öndər Heydər Əliyev maddi baxımdan çox çətin duruma düşən bu qurumun mükəmməl fəaliyyəti üçün ona dövlət qayğısının artırılması haqqında 1997-ci ildə fərman imzaladı. Azərbaycan yazıçılarının yaradıcılıq imkanlarının genişləndirilməsi üçün bir sıra tədbirlər həyata keçirildi. Ədəbi irsin təbliği və müasir yazıçıların əsərlərinin çap işini yaxşılaşdırmaq məqsədilə nəşriyyat, poliqrafiya və kitab satışı işlərinin yenidən qurulması, təkmilləşdirilməsi barədə öz mülahizələrini bildirən ümummilli lider Azərbaycan yazıçılarının mətbu orqanlarının və ədəbi jurnallarının nəşrinin dövlət büdcəsinə keçirilməsini təmin etdi.
Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonra bir sıra yeni orden və medallar təsis olundu. Təsadüfi deyildir ki, ulu öndər Heydər Əliyev müstəqillik illərində ilk "İstiqlal" ordenini Azərbaycanın üç görkəmli şairinə - Bəxtiyar Vahabzadə, Məmməd Araz və Xəlil Rza Ulutürkə təqdim etdi. Sonrakı illərdə bu ali mükafata Mirvarid Dilbazi, Elçin, Anar, Maqsud İbrahimbəyov, İsa Hüseynov, Nəbi Xəzri, Qabil və başqaları layiq görüldülər. Yazıçıların həyat tərzinin yaxşılaşdırılması və yaradıcılıqlarının mükəmməl inkişafı üçün bir sıra layihələr də həyata keçirildi. Onlara fəxri ad və mükafatlarla bərabər, təqaüdlər də verildi, mənzillə təmin olundular. Yubileyləri dövlət səviyyəsində keçirildi. Səhhətində problem olan yazıçı və şairlər dövlət vəsaiti hesabına xarici ölkələrdə müalicəyə göndərildi.
Yaddaqalan məqamlardan biri də ulu öndərin gənc nəsildən olan yazıçı və şairlərin bir qrupu ilə keçirdiyi görüşdür. Ümummilli liderin bu görüşdə verdiyi tövsiyələr əslində proqram xarakteri daşıyırdı. Nəinki gənclər, bütövlükdə hər bir qələm sahibi ulu öndərin ədəbiyyatın qarşısına qoyduğu vəzifəni aydın dərk etməlidir. Məhz öz yaradıcılıq fəaliyyətini də bu yöndə istiqamətləndirməlidir. Sovet dövründən müstəqilliyə keçən yazar nəyi bilməli, unutmamalı, nəyi davam etməlidir. Heydər Əliyev deyirdi: "...Səməd Vurğunun, Rəsul Rzanın , Süleyman Rüstəmin, Mehdi Hüseynin, Süleyman Rəhimovun, Mirzə İbrahimovun əsərlərini heç kəs heç vaxt unutmayacaqdır". Əksinə, onlarda olan bədiilik, yüksək səviyyəli sənət nümunələri bizim üçün həmişə... örnək olacaqdır. ...Onlar müstəqil dövlətdə yaşamamışdılar. Ancaq bizə elə böyük irs qoyublar ki, biz onlardan daim bəhrələnməliyik... Gənc nəsil bizlərə, yaşlı nəslə nisbətən daha da xoşbəxtdir. Çünki onlar müstəqil dövlətdə yaşayırlar. Biz müstəqilliyimizi həmişə yaşadacağıq". Bunun üçün də yaradıcılıq sahəsinin insanları müstəqillik şəraitində də ədəbiyyatın, incəsənətin, mədəniyyətin daha da inkişaf etməsinə, zənginləşməsinə, dünyada tanınmasına çalışmalıdırlar.
1994-cü il YUNESKO-nun xətti ilə Füzuli ili elan olundu. O zaman Heydər Əliyev "Füzulinin 500 illik yubileyinin yüksək səviyyədə keçirilməsi üçün xüsusi komissiyanın yaradılması haqqında" sərəncam imzaladı. Həqiqətən də bu yubiley dünyanın mədəni aləmində bir bayrama çevrildi. Moskva, Sankt-Peterburq, Kərbəla, Kərkük, Bağdad, Tehran, Ankara, Paris, Tbilisi, Daşkənddə və YUNESKO-nun baş qərargahında, Bakıda Füzulinin yubileyi təntənəli surətdə qeyd edildi.
Dövlət müstəqilliyimizi qazandıqdan sonra ümummilli lider Heydər Əliyevin "Kitabi-Dədə Qorqud" dastanının 1300 illiyinin dövlət səviyyəsində qeyd edilməsi ilə bağlı imzaladığı fərman da bu 20 ilin yaddaşına düşən tarixi nailiyyət idi. Çünki ana kitabımızın bu cür geniş və mükəmməl şəkildə xatırlanması çox vacib bir məsələ idi. Akademik Ramiz Mehdiyev "Əsl vətəndaş, böyük şəxsiyyət və qüdrətli lider haqqında bəzi düşüncələr" adlı əsərində yazıb: "Hamımızın ümumi ruhunun ifadəçisi olan "Dədə Qorqud" dastanının 1300 illik yubileyinin təntənə ilə keçirilməsi həqiqətən onu birdəfəlik Azərbaycan xalqının mənəvi sərvətinə çevirdi, gənclərimizin mənəvi dəyərlər sisteminə daxil etdi". Bu hadisələrdən qaynaqlanan başqa bir mədəniyyət, ədəbiyyat abidəsinin - "Manas" eposunun 1000 illik yubileyinin beynəlxalq səviyədə qeyd olunması türk dünyasında böyük əks-səda verdi.
Ulu öndərin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyev Yazıçılar Birliyinin problemlərinə böyük diqqət və qayğı ilə yanaşaraq Birliyin fəaliyyət göstərdiyi binanın əsaslı təmir olunaraq qələm sahiblərinin ixtiyarına verilməsini həyata keçirdi. Yazıçılar Birliyinin nəzdindəki Tərcümə Mərkəzinin maliyyə xərcləri dövlət büdcəsinə salındı. Dövlət başçısı ildə 70 nəfər yaşlı, 20 nəfər gənc yazıçıya təqaüdlərin verilməsi haqqında sərəncam imzaladı. O cümlədən, Yazıçılar Birliyinin, eləcə də onun orqanı olan "Ədəbiyyat qəzeti"nin nəşrə başlamasının 75 illik yubileyləri münasibətilə sərəncam imzaladı.
Azərbaycan Yazıçılar Birliyinin sədri Anar söyləyir: "Sovet sistemində də və Azərbaycanın müstəqilliyi dövründə də Yazıçılar Birliyinin yaradıcıı təşkilat kimi sifətini və bütövlüyünü qoruyub saxlamağa çalışdıq və buna nail olduq... Yadımdadır, Qarabağ məsələsi ortaya atılanda buna qarşı ilk etiraz səsini qaldıran Yazıçılar Birliyi oldu. O vaxt mərkəzə - Moskvaya ölkə rəhbərliyinə göndərdiyimiz məktublar, müraciətlər, Azərbaycan, Moskva, Türkiyə televiziya kanalları ilə çıxışlarımız, müxtəlif ölkə mətbuatında çap etdirməyə nail olduğumuz yazılarla Azərbaycanın haqq səsini dünyaya çatdırmağa çalışdıq. Xalqımızı ayıq-sayıq olmağa çağırdıq. Əlbəttə, Heydər Əliyev bizi bütün bataqlılardan xilas etdi. Bu unudulmaz şəxsiyyətlə olan görüşlərimizi heç vaxt unutmuruq. Müstəqilliyimizi qazandıqdan sonra birliyimizin ilk fəxri üzvü ümummilli lider Heydər Əliyev oldu. Heydər Əliyev sözün həqiqi mənasında böyük ədəbiyyatçı idi".
Azərbaycan yazıçılarının müstəqillik illərində ilk X qurultayında çıxış edən Heydər Əliyev demişdir: "...Bu gün ümumiyyətlə müstəqillikdən danışarkən ədəbiyyatımızın xalqımız üçün nə qədər zəngin sərvət olduğunu qeyd etmək lazımdır. Bizim ədəbiyyatımız, mədəniyyətimiz xalqımızın milli sərvətidir və intellektual mülkiyyətidir". Bu mülkiyyətin qayğısına qalmaq, onu qorumaq isə həmişə gərəkdir. Ulu öndərin bu sahəyə göstərdiyi diqqət nəticəsində Azərbaycan yazıçıları, şairləri dayaqdan ilham alıblar. Söz sahibləri biliblər ki, onları hər cür bəladan, təzyiqdən qoruyan çox cəsarətli rəhbərləri var. Yazıçılar Birliyi ilə Heydər Əliyevin daim əlaqə saxlaması həm də birlik üzvlərinin fəaliyyətinə parlaq işıq salıb. Onlar müstəqil şəkildə yazıb yaratmaqla söz sarayının mülkünə öz kərpiclərini hörə biliblər. Heydər Əliyevdən başlanan xeyirxahlıq missiyası bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən layiqincə davam etdirilməkdədir. Yenə də yazıçıların yubileyləri qeyd olunur, müxtəlif mükafatlara layiq görülür, sinələrinə orden və medallar taxılır, təqaüdlər verilir, kitabları latın qrafikası ilə dövlət hesabına çap edilir. Bir sözlə, repressiyalara düçar olmuş, sovet rejiminin ən sərt üzünü görmüş yazıçı və şairlərin "şinelindən" çıxmış qələm sahibləri müstəqilliyin onlara bağışladığı azadlıqdan bəhrələnərək yazıb- yaradırlar.
Ulu öndərin arzuları, ideyaları çiçək açmaqdadır. Azərbaycanın özü kimi əbədi olan dahi şəxsiyyətin min bir çətinlik və mübarizələrlə saldığı yolun ləyaqətli varisi tərəfindən necə əzmlə davam etdiyinin şahidiyik. Bu gün də Azərbaycan ədəbiyyatının, mədəniyyətinin görkəmli nümayəndələrinin yubileyləri YUNESKO səviyyəsində keçirilir. Azərbaycan ədəbi mühitinə dövlət tərəfindən daim qayğı göstərilir. Onların yaradıcılıq fəaliyyətləri ilə səmərəli məşğul olmaları üçün müxtəlif sərəncamlar imzalanır, tədbirlər həyata keçirilir. Ölkə Prezidenti cənab İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva çox fədakarlıqla çalışırlar ki, Azərbaycanın adı dünyanın ən möhtəşəm dövlətləri sırasında özünəməxsus yer tutsun. Bu istiqamətdə ədəbiyyatın da, mədəniyyətin də zənginləşməsində müxtəlif addımlar atılır. Azərbaycan yazıçı və şairləri müstəqil və azad şəkildə yazıb-yaratdıqlarına görə dövlət başçısı İlham Əliyevin onlara göstərdiyi ardıcıl diqqətə görə minnətdardırlar. Bu həqiqətin etirafı ona görə qiymətlidir ki, Azərbaycan ədəbiyyatı, mədəniyyəti yeni üfüqlərə doğru qanadlarını geniş açıb.
Flora XƏLİLZADƏ
Azərbaycan.- 2011.- 18 iyun.- S. 2.