Milli Məclisdə
görüş
İyunun 17-də Milli Məclis Sədrinin birinci müavini, parlamentin Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərov Ombudsmanların IX Bakı Beynəlxalq konfransının iştirakçıları ilə görüşmüşdür.
Səmimi keçən görüşdə Ziyafət Əsgərov qeyd etdi ki, ombudsmanların "Milli azlıqların və miqrantların mədəni hüquqları: hüquqi aspektlər və implementasiya" mövzusunda IX Bakı Beynəlxalq konfransı çox vacib məsələni müzakirəyə çıxarmaqla regional və qlobal əməkdaşlıq üçün yeni imkanlar yaradıb.
Sonra o, insan hüquq və azadlıqlarının, o cümlədən milli azlıqların və etnik qrupların hüquqlarının qorunması istiqamətində Azərbaycan parlamentinin gördüyü işlərdən söz açdı. Bildirdi ki, Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı çox işlər görülür. Ölkəmiz insan hüquqları ilə bağlı çoxsaylı beynəlxalq konvensiyalara qoşulub.
Azərbaycan sürətli iqtisadi inkişafla yanaşı, tolerant dövlət kimi də dünyada yaxşı tanınır. Ölkəmizdə tolerantlıq yüksək səviyyədədir, insanların dini etiqadına hörmətlə yanaşılır. Dilindən, dinindən, cinsindən asılı olmayaraq vətəndaşlar arasında heç bir ayrı-seçkilik qoyulmur. Bütün vətəndaşların hüquqları mövcud qanunvericilik əsasında yüksək səviyyədə qorunur.
Daha sonra Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən də söz açan Ziyafət Əsgərov bildirdi ki, Ermənistanda həyata keçirilən etnik təmizləmə siyasəti və xalqımıza qarşı hərbi təcavüz nəticəsində 1 milyondan artıq vətəndaşımızın hüquq və azadlıqları kobud şəkildə pozulmuşdur.
Ziyafət Əsgərov müstəqillik dövrünün təsisatlarından olan ombudsman institutunun da insan hüquqlarının keşiyində dayandığını önə çəkərək bildirdi ki, ölkənin hüquq-mühafizə orqanları ilə yaxşı əməkdaşlıq əlaqələri yaradan bu qurum işinin öhdəsindən layiqincə gəlir.
İnsan hüquqları üzrə müvəkkil Elmira Süleymanova bildirdi ki, Milli Məclislə Ombudsman Aparatı arasında əməkdaşlıq yüksək səviyyədədir. Onlar qarşılıqlı şəkildə insan hüquqlarının müdafiəsi ilə bağlı birgə layihələr hazırlayıb həyata keçirirlər.
Görüşdə iştirak edən Beynəlxalq Ombudsmanlar İnstitutu idarə heyətinin üzvü, Norveç parlament ombudsmanı Arne Fliflet, Pakistan federal ombudsmanının səlahiyyətli nümayəndəsi, Asiya Ombudsmanlar Assosiasiyasının nümayəndəsi Məhəmməd Əzhar, Rusiya Federasiyası Tatarıstan Respublikasının ombudsmanı Sariya Saburskaya, YUNESKO-nun Moskva bürosunun nümayəndəsi Alla Ampar, Kazan Universitetinin professoru Revol Valeyev və digər ölkələrin ombudsmanları, həmçinin hüquqşünas-alimləri çıxış edərək xalqlarımız arasında tarixən mövcud olan dostluq əlaqələrindən, Bakıda müşahidə etdikləri iqtisadi inkişafdan, paytaxtın gözəlliyindən, eyni zamanda Ombudsmanların IX Bakı Beynəlxalq konfransının yüksək səviyyədə təşkil olunduğundan söz açdılar. Onlar Azərbaycanın ombudsman institutunun təcrübəsindən faydalandıqlarını da bildirərək dedilər ki Azərbaycan həqiqətən də dünyada tolerant ölkə kimi tanınır. Buradakı sabitliyi, dini dözümlülüyü biz özümüzdə gördük və bunları öz ölkəmizdə təbliğ edəcəyik.
Ombudsman Elmira Süleymanova konfransda üç mühüm qurumun - Beynəlxalq Ombudsmanlar İnstitutunun, Avropa Ombudsmanlar İnstitutunun və Asiya Ombudsmanlar Assosiasiyasının nümayəndələrinin təmsil olunmalarının ombudsmanlara prioritetləri müəyyənləşdirmək imkanı yaratdığını da bildirdi.
Görüşdə
qarşılıqlı maraq doğuran müxtəlif məsələlər
barədə də fikir mübadiləsi aparıldı.
Azərbaycan.- 2011.-18 iyun.- S. 3.