Mətbuat Şurasının "qara siyahısı"na yeni qəzetlər əlavə olundu

 

İyunun 17-də Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin iclası keçirilib. Əvvəlcə MŞ sıralarına yeni üzvlərin qəbulu məsələsinə baxılıb. Prosedur qaydalara uyğun olaraq Şuraya müraciət edən kütləvi informasiya vasitələrinin rəhbərləri həmin KİV-lərin fəaliyyəti barədə arayış verib, sualları cavablandırıblar. Yekunda "İqtisadiyyat" və "Gəncənin səsi" (Gəncə şəhəri) qəzetləri, "Vision of Azerbaijan" jurnalı, "Salamnews" və "Sosial" İnformasiya Agentlikləri MŞ sıralarına qəbul olunublar.

Sonra MŞ-nın "reket jurnalistika"ya qarşı mübarizə Komissiyasının və Şikayətlər üzrə Komissiyanın rəyləri əsasında qərarların qəbulu ilə bağlı müzakirələr aparılıb. Şuranın İdarə Heyətinin üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə rəhbərlik etdiyi "reket jurnalistika"ya qarşı mübarizə Komissiyanın iyunun 13-də keçirilmiş iclasının rəyləri barədə məlumat verib və 3 qəzetin "reket nəşr" adlandırılaraq MŞ-nın "qara siyahı"sına salınması üçün ciddi əsasların olduğunu bildirib. İH üzvləri müvafiq rəyləri və sənədləri nəzərdən keçirərək komissiyanın təkliflərinə müsbət münasibət bildiriblər. Beləliklə, "Sağlamlıq keşiyində", "Əyalətin səsi" və "Vətəndaş haqqı" qəzetlərinin adları MŞ-nın "qara siyahı"sına əlavə olunub (MŞ-nın "qara siyahısı" qəzetimizdə dərc olunacaq).

İclasda MŞ-nın Şikayətlər üzrə Komissiyasının rəyləri əsas götürülərək "Ağdam" və "Azərbaycan cəmiyyəti" qəzetlərinə MŞ-nın xəbərdarlığı olunub. "Ağdam" qəzeti ilə bağlı məsələyə baxılarkən məlumat verilib ki, Ağdam Rayon İcra Hakimiyyəti təsisçilərindən olduğu həmin mətbu nəşrlə bağlı MŞ-nın tövsiyə xarakterli məktubunu müzakirə edib. Bununla bağlı Ağdam RİH-dən Şuraya daxil olan cavabda bildirilib ki, məsələ qəzetin redaktoru Bəxşeyiş Hətəmlinin iştirakı ilə geniş müzakirə olunub və mətbu nəşrdə etik normaların pozulmasına yol verdiyi üçün ona RİH-in xəbərdarlığı edilib. MŞ İdarə Heyəti məktubu məsələyə prinsipial yanaşma nümunəsi kimi dəyərləndirib.

İdarə Heyətinin "İşgüzar", "Yeni səhər" və "Cənub xəbərləri" (Masallı) qəzetləri ilə bağlı qərarlarında isə həmin nəşrlərdə "Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları"nın bir sıra bəndlərinin tələblərinə sayğısız yanaşıldığı əksini tapıb.

MŞ İdarə Heyətinin üzvləri milli mətbuatımızın 136-cı ildönümünün qeyd olunması ətrafında da diskussiyalar aparıblar. Qərara alınıb ki, bu məqsədlə Bakı şəhərində olduğu kimi, bölgələrdə də tədbirlər keçirilsin. Səslənən təkliflər sırasında müxtəlif tematik regional tədbirlərin reallaşdırılması məqsədəmüvafiq sayılıb.

İclasda amerikalı jurnalist Amanda Eriksonla britaniyalı hüquq müdafiəçisi Silya Devisin Bakıda naməlum şəxslər tərəfindən təzyiqə məruz qalmaları da müzakirə olunub. MŞ İdarə Heyətinin üzvləri xarici ölkə vətəndaşlarına yönələn zorakılıq faktını pisləyərək bunu ölkəmiz barədə mənfi fikir yaratmağa yönələn təxribat xarakterli cinayət əməli kimi dəyərləndiriblər. Hadisəni törədənlərin tezliklə tapılıb qanuna müvafiq surətdə cəzalandırılmaları üçün MŞ-nın hüquq-mühafizə orqanlarına müraciət ünvanlaması qərara alınıb.

Qeyd edək ki, iclasda Şuranın Ahıl Jurnalistlər Məclisinin ötən əsrin 60-cı illərinin jurnalistləri ilə görüş təşkil etmək barədə təklifi razılıqla qarşılanıb. Tədbirin iyunun sonunadək reallaşdırılması istiqamətində iş aparılması məqsədəuyğun sayılıb. Həmçinin MŞ-nın ötən il təsis etdiyi Ali Media Mükafatının laureatlarının müəyyənləşdirilməsi istiqamətində işlərə başlaması qərara alınıb.

 

 

Azərbaycan.- 2011.-18 iyun.- S.3.