Azərbaycan ilə İspaniya arasında diplomatik pasportlara malik şəxslərin qısamüddətli vizadan azad edilməsi haqqında saziş imzalanmışdır

 

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İspaniyaya rəsmi səfəri çərçivəsində iyunun 16-da bu ölkənin xarici işlər və əməkdaşlıq naziri xanım Trinidad Ximenez ilə görüşmüşdür.

Görüşdə E.Məmmədyarov İspaniyaya ilk rəsmi səfərə dəvətə görə təşəkkürünü bildirmiş, müxtəlif sahələrdə ikitərəfli əməkdaşlıq üçün geniş potensialın olduğunu vurğulamışdır.

T.Ximenez İspaniya şirkətlərinin enerji, eləcə də digər sahələrdə əməkdaşlıq etməyə hazır olduğunu bildirmişdir.

Tərəflər iki dövlət arasında müqavilə-hüquq bazasının gücləndirilməsi, yaxın zamanlarda Azərbaycanda hər iki ölkənin şirkətlərinin iştirakı ilə biznes forumun keçirilməsi barədə razılığa gəlmişlər.

E.Məmmədyarov ispaniyalı nazirə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesi barədə ətraflı məlumat vermişdir. Görüşdə həmçinin son vaxtlar Şimali Afrika və Yaxın Şərqdə cərəyan edən proseslər haqqında fikir mübadiləsi aparılmışdır.

Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri T.Ximenezi ölkəmizə rəsmi səfərə dəvət etmişdir. İspaniyalı nazir dəvəti qəbul etmiş və cari ilin sonunadək səfər edəcəyini demişdir.

Görüşdən sonra "Azərbaycan Respublikası ilə İspaniya Krallığı arasında diplomatik pasportlara malik şəxslərin qısamüddətli vizadan azad edilməsi haqqında Saziş" imzalanmışdır.

Həmin gün E.Məmmədyarov İspaniya Deputatlar Konqresinin xarici əlaqələr üzrə komissiyasının prezidenti Duran ye Lleida və komissiyanın üzvləri ilə görüşmüşdür.

Nazir Azərbaycanın müstəqilliyinin bərpa olunduğu 20 il ərzində qazandığı nailiyyətlər barədə ətraflı məlumat vermişdir. İspaniya ilə ikitərəfli münasibətlərə toxunan E.Məmmədyarov ölkələrimiz arasında əməkdaşlıq üçün geniş potensialın olduğunu vurğulamışdır.

Görüşdə iştirak edən bir neçə deputat NATO Parlament Assambleyasının üzvləri qismində Azərbaycanda səfərdə olduqlarını bildirmişlər. Onlar Azərbaycanın yüksək templə inkişaf etdiyinin şahidi olduqlarını qeyd etmişlər.

Sonda E.Məmmədyarov deputatların suallarını cavablandırmış, onlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesi barədə ətraflı məlumat vermişdir.

 

 

Azərbaycan.- 2011.-18 iyun.- S.3.