Azərbaycan-İspaniya biznes forumunun keçirilməsi barədə razılıq əldə olunmuşdur

 

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İspaniyaya rəsmi səfəri çərçivəsində Krallığın Sahibkarlar Konfederasiyaları Təşkilatında (İSKT) bu ölkənin aparıcı şirkətlərinin nümayəndələri ilə görüşmüşdür.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, tədbirdə Konfederasiyanın Beynəlxalq Əlaqələr Komissiyasının prezidenti J.Banegas və İspaniyanın Xarici İşlər Nazirliyinin Qafqaz ölkələri üzrə xüsusi səfiri M.V.Skola iştirak etmişlər.

J.Banegas Azərbaycanın sürətlə inkişaf etdiyini, ispan şirkətlərinin yeni bazarlara çıxmasının vacibliyini,

İSKT-nin bu sahədə lazımı dəstəyin göstərilməsinə hazır olduğunu bildirmişdir. Konfederasiyanın prezidenti E.Məmmədyarovun İspaniyaya səfərinin ölkələrimiz arasında əməkdaşlığın inkişafı üçün yeni sahələrin tapılmasına öz töhfəsini verəcəyini vurğulamışdır.

İspaniyaya ilk dəfə rəsmi səfər etdiyini deyən E.Məmmədyarov iqtisadi və siyasi sahələrdə ölkələrimiz arasında əməkdaşlığın aşağı səviyyədə olduğunu bildirərək bu vəziyyətin tamamilə dəyişməsinin vacibliyini vurğulamışdır. Azərbaycan bazarında artıq fəaliyyət göstərən və ölkəmizə gəlmək istəyən bir neçə ispan şirkətləri barədə məlumat verən E.Məmmədyarov Azərbaycanda neft-qaz sahəsində əldə olunmuş nailiyyətlər, ixrac prosesi və istiqamətləri, respublikamızda xarici şirkətlər üçün böyük imkanlar haqqında danışmışdır.

Ölkələrimiz arasında ikiqat vergitutmanın aradan qaldırılması və sərmayələrin qarşılıqlı qorunması sazişlərinin artıq hazır olduğunu bildirən nazir sənədlərin imzalanması üçün İspaniyanın əlaqədar qurumlarının Bakıya səfərlərinin təşkil edilməsinin vacibliyini vurğulamışdır.

Azərbaycanda həyata keçirilən iri layihələr barədə məlumat verən E.Məmmədyarov ispan şirkətlərini ölkəmiz ilə birbaşa əlaqələrin qurulmasına dəvət etmişdir.

Azərbaycanlı nazir İspaniyanın Sənaye, Turizm və Ticarət Nazirliyinin xarici ticarət üzrə dövlət katibi Alfredo Bonet ilə keçirdiyi görüşə istinad edərək bildirmişdir ki, Azərbaycan-İspaniya biznes forumunun keçirilməsi barədə razılıq əldə olunmuşdur.

İSKT-nin prezidenti bu forumun keçirilməsini dəstəkləmişdir.

 

 

Azərbaycan.- 2011.-18 iyun.- S. 3.