"Azərbaycanın ərazi
bütövlüyünün bərpası istiqamətində
xaricdə təhsil alan azərbaycanlı tələbələrin
və diaspor təşkilatlarının beynəlxalq fəaliyyətinin
gücləndirilməsi" mövzusunda konfrans
keçirilmişdir
İyunun 17-də Bakıda Azərbaycan-Amerika Gəncləri İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində xaricdə təhsil alan azərbaycanlı tələbələrin və diaspor təşkilatlarının beynəlxalq fəaliyyətinin gücləndirilməsi" mövzusunda konfrans keçirilmişdir.
AzərTAc xəbər verir ki, konfransda Azərbaycan-Amerika Gəncləri İctimai Birliyinin sədri, layihənin rəhbəri Vüqar Əhmədov mövzu ilə bağlı ətraflı məlumat vermiş, xaricdəki erməni diasporunun apardığı təbliğat barədə söz açaraq bu layihənin əhəmiyyətindən danışmışdır.
İsveçrənin Sürix Universitetinin doktorantı Elxan Həsənli və başqaları dünya erməni diasporu və mərkəzlərindən bəhs etmiş, xaricdə yaşayan erməni tələbələrə və icmasına ayrılan maliyyə yardımlarını xatırlatmışlar.
Tədbirdə erməni diasporunun müasir dövrümüzdə tətbiq etdiyi fəaliyyət metodları, onların öyrənilməsi nəticəsində aşkara çıxan yeni reallıqlar barəsində də danışılmışdır.
Konfransda "Əcnəbi mediada Azərbaycanın ərazi bütövlüyü və diaspor fəaliyyətinin mediada rolu", "Diasporların münaqişələrin həllinə təsiri və münaqişələrin həllində diasporların Amerika siyasətinə təsiri" mövzularında çıxışlar dinlənilmiş, dünyada mövcud olan bir çox diaspor təşkilatları, o cümlədən erməni diaspor təşkilatları barədə iştirakçılara məlumat verilmişdir. Azərbaycan diasporunun gördüyü işlərdən söz açılmış, bu istiqamətdə aparılacaq layihələr haqqında təkliflər irəli sürülmüşdür.
Prezident Administrasiyasının məsul işçisi Vüqar Əliyev gənclərin və tələbələrin xaricdə Azərbaycanın haqq işinin müdafiəsi üçün diaspor təşkilatları ilə əməkdaşlığın gücləndirilməsinin əhəmiyyətindən danışmışdır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasının vacibliyini qeyd edən V.Əliyev xaricdə təhsil alan tələbələrin və diaspor təşkilatlarının dövlətimizin beynəlxalq aləmdə apardığı siyasəti dəstəklədiklərini xüsusi vurğulamışdır.
Prezident İlham Əliyevin dünyada yaşayan Azərbaycan diasporunun inkişafı üçün gördüyü işlərdən danışan V.Əliyev Ermənistanın Azərbaycana qarşı təcavüzkarlığı ilə bağlı dövlətimizin başçısının beynəlxalq aləmin məlumatlandırılması istiqamətində həyata keçirdiyi genişmiqyaslı tədbirləri və apardığı siyasəti diqqətə çatdırmışdır.
Konfransda
xaricdə təhsil alan tələbələr, diaspor təşkilatları,
hökumət və qeyri-hökumət təşkilatlarının
nümayəndələri, KİV təmsilçiləri də
iştirak etmişlər.
Azərbaycan.- 2011.-18 iyun.- S. 3.