Azərbaycanda səmt
qazının atmosferə atılmasının
azaldılması və utilizasiyası təcrübəsinə
həsr olunmuş regional konfrans keçirilmişdir
İyunun 17-də Bakıda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) və Dünya Bankının "Səmt qazının yandırılmasının azaldılması üzrə Qlobal Tərəfdaşlıq" (GGFR) qurumunun təşkilatçılığı ilə səmt qazının yandırılmasının azaldılması və utilizasiyası üzrə Avropa və Mərkəzi Asiya ölkələri mütəxəssislərinin konfransı keçirilmişdir.
AzərTAc xəbər verir ki, tədbirdə Nazirlər Kabinetinin, ARDNŞ-nin, Rusiya, Qazaxıstan, Türkmənistan və Özbəkistanın hökumət qurumlarının, Azərbaycan hökuməti və qeyri-hökumət təşkilatlarının, "bp-Azərbaycan" şirkətinin nümayəndələri, eləcə də ENİ, "Statoil" şirkətlərinin, Norveç Neft Direktoratının, Kanadanın Alberta əyalətinin və "Questor Technology" şirkətinin təmsilçiləri iştirak etmişlər.
Konfransı giriş sözü ilə açan ARDNŞ-nin vitse-prezidenti Rəfiqə Hüseynzadə ARDNŞ-nin prezidenti Rövnəq Abdullayevin tədbir iştirakçılarına müraciətini oxumuşdur. Müraciətdə deyilir ki, son illər Azərbaycanda ekoloji problemlərin həlli dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilmişdir. Ölkəmizdə ekoloji vəziyyətin yaxşılaşdırılması, ətraf mühitin mühafizəsi məsələlərinə daim xüsusi diqqət və qayğı göstərmiş ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş davamlı inkişaf uğurla həyata keçirilir. Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı" əsasında ARDNŞ ətraf mühitin sağlamlaşdırılması ilə bağlı tədbirlərini uğurla həyata keçirmişdir. ARDNŞ beynəlxalq neft-qaz, neft-kimya şirkəti kimi atmosferə atılan səmt qazının azaldılması istiqamətində 2015-ci ilədək hədəflərini müəyyənləşdirmişdir və davamlı olaraq bu istiqamətdə layihələr həyata keçirir. 2006-cı ildən ARDNŞ-nin atmosferə atılmaların azaldılması üzrə keçirdiyi tədbirlər nəticəsində həmin il atmosferə atılmalar 578,6 milyon kubmetr idisə, 2010-cu ildə bu rəqəm 298,3 milyon kubmetr olmuşdur.
Konfrans haqqında məlumat verən Dünya Bankının Azərbaycan üzrə meneceri Jozef Oven bildirmişdir ki, enerji təhlükəsizliyi, səmərəliliyi və iqlim dəyişiklikləri mövzuları ətrafında fikir mübadiləsi aparmaq üçün yaxşı imkan yaranmışdır.
Azərbaycan ilə GGFR arasındakı əlaqələrdən danışan J. Oven diqqətə çatdırmışdır ki, əməkdaşlıq əsasən qazdan səmərəli istifadə edilməsi sahəsində layihələrin həyata keçirilməsi, təcrübə mübadiləsi və müvafiq sahələr üzrə yardımların göstərilməsi istiqamətində sürətlə inkişaf edir. Dünya Bankı, GGFR üzrə təşkilat və ARDNŞ, həmçinin "Təmiz inkişaf mexanizmi" layihəsi çərçivəsində də əməkdaşlıq edirlər. İnanırıq ki, görülən tədbirlər nəticəsində Azərbaycan və digər ölkələrdə enerji ehtiyatlarından istifadə zamanı ətraf mühitin qorunması problemi öz həllini tapacaqdır.
J.Oven onu da demişdir ki, konfrans Avropa və Mərkəzi Asiyada, eyni zamanda, dünyanın müxtəlif regionlarında enerji məsələləri ilə bağlı problemlərin gələcək həlli istiqamətində vacib qərarlar qəbul etmək baxımından olduqca əhəmiyyətlidir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin şöbə müdiri İlyas Əlizadə hər bir ölkədə olduğu kimi, Azərbaycanda da ekologiya ilə bağlı problemlərin həlli məsələsinin hökumət səviyyəsində olduğunu demişdir. Vurğulamışdır ki, son illər ölkəmizdə bu məsələ ilə bağlı bir neçə proqram həyata keçirilmişdir. Proqramlar çərçivəsində Azərbaycanda müxtəlif ekoloji sahələri əhatə edən müxtəlif layihələr uğurla yerinə yetirilmişdir. ARDNŞ-nin müxtəlif təşkilati-texniki tədbirləri nəticəsində atmosferə atılmaların miqdarı iki-üç dəfə azalmışdır. Bundan başqa, bp-nin istifadə etdiyi yataqlarda yandırılan qazın həcmi ildən-ilə azalır. 2011-ci ildə bu tullantıların sıfır səviyyəsinə çatdırılması nəzərdə tutulmuşdur. Azərbaycanda ekoloji layihələr üçün lazımi hüquqi baza yaradılmışdır.
Tullantıların azaldılması ilə bağlı layihələrin sayının artırılmasının zəruri olduğunu qeyd edən İ.Əlizadə konfransın bu baxımdan əhəmiyyətini vurğulamışdır.
Açılış mərasimindəki çıxışlardan sonra konfrans öz işini "ARDNŞ-də səmt qazının atmosferə atılmasının azaldılması təcrübəsi", "Atmosferə atılan səmt qazının azaldılması üzrə respublikada həyata keçirilən tədbirlər", "Neft və qaz sektorunda proqmatik layihə imkanları" və digər mövzularda müzakirələrlə davam etdirmişdir.
Müzakirələrdə ARDNŞ-nin Ekologiya İdarəsi rəisinin elm və texnika üzrə müavini Əflatun Həsənov diqqətə çatdırmışdır ki, 2010-cu il - "Ekologiya ili" çərçivəsində ARDNŞ-də bütün sahələrdə mühüm tədbirlər həyata keçirilmişdir. Eyni zamanda, ətraf mühitə təsir edən mənbələrin idarə olunması ilə bağlı 3 sənəd hazırlanaraq təsdiq edilmişdir.
Sonra Ə.Həsənov
ARDNŞ-nin GGFR ilə əməkdaşlığından
danışmışdır. Vurğulanmışdır ki,
hazırda ölkəmizdə iqlim dəyişmələrinin
təsirinin azaldılması və istixana qazlarının
emissiyasının minimuma endirilməsi istiqamətində bir
çox işlər görülür. Azərbaycan ötən
illərdə yanacaq istehlakını nəinki azaltmış,
əksinə, artırmışdır.
Azərbaycan.- 2011.-18 iyun.- S. 5.