"Azərbaycan - doğma diyar" devizi altında milli azlıqların III Respublika incəsənəti festivalına yekun vurulmuşdur

 

Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə reallaşan "Azərbaycan - doğma diyar" devizi altında milli azlıqların III Respublika incəsənəti festivalı başa çatmışdır.

AzərTAc xəbər verir ki, bu münasibətlə iyunun 17-də Azərbaycan Dövlət Opera və Balet Teatrında keçirilən festivalın yekun konsertində 20-dən çox kollektiv çıxış etmişdir.

Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək demişdir ki, Azərbaycan dövləti tərəfindən atılan məqsədyönlü addımlar dinindən, milliyyətindən, irqindən asılı olmayaraq bütün dövrlərdə mehriban ailə, dost, qardaş olaraq yaşamaq ənənələrini daha da möhkəmləndirmişdir.

Bildirilmişdir ki, ulu öndər Heydər Əliyev daim milli azlıqların problemləri ilə maraqlanmış və ölkəmizdə onların rahat və firavan yaşamaları üçün əlindən gələni etmişdir. Hazırda bu ənənələr ümummilli liderin siyasi kursunun layiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Nazir diqqətə çatdırmışdır ki, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın mədəniyyətimizin inkişafı ilə bağlı reallaşdırdığı layihələr ölkəmizdə yaşayan, dilindən, dinindən, irqindən asılı olmayaraq hər bir istedadlı insanın üzə çıxmasına, tanınmasına böyük təkan verir.

YUNESKO-nun 2005-ci il oktyabrın 20-də qəbul etdiyi "Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında Konvensiya"ya uyğun olaraq ölkəmizdə yaşayan milli azlıq və etnik qrupların mədəniyyəti Azərbaycan mədəniyyətinin tərkib hissəsi kimi qorunur və inkişaf edir. Bu xalqların milli mədəniyyətlərinin, incəsənətlərinin, adət-ənənələrinin və dillərinin qorunub saxlanılması üçün məqsədyönlü iş aparılır.

Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə 2006-cı, 2008-ci illərdə "Azərbaycan-doğma diyar" devizi altında keçirilmiş azsaylı xalqların incəsənət festivalı respublikanın ictimai-mədəni həyatında mühüm hadisə kimi yadda qalmışdır. Görülən işlərin davamı olaraq ölkədə yaşayan milli azlıq və etnik qrupların mədəni irsinin qorunub saxlanılması və inkişaf etdirilməsi, habelə xalqlar arasında qarşılıqlı anlaşma və tarixi dostluq münasibətlərinin möhkəmləndirilməsi məqsədilə nazirlik tərəfindən bu festivalın 2 ildən bir keçirilməsi nəzərdə tutulmuşdur.

Ə.Qarayev demişdir ki,

4 gün davam edən festival çərçivəsində 15 rayondan 40-dan çox kollektiv paytaxtda öz bacarıq və istedadını nümayiş etdirmiş və onlar arasından seçilmiş ən yaxşı musiqi qrupları bu gün burada sizlərlə birlikdədirlər.

Gecədə Lənkəran şəhər "Nənələr" talış folklor xalq mahnı və rəqs kollektivinin, "Suvar" ləzgi mahnı və rəqs ansamblının, Rus Mədəniyyət Mərkəzinin, Balakən rayonundakı "Cahan" avar folklor qrupunun, Qəbələ rayonu "Cəngi" udin folklor ansamblının, Azərbaycanın Yəhudi Mədəniyyət mərkəzinin və digər kollektivlərin çıxışları böyük maraqla qarşılanmışdır.

Sonda fərqlənən kollektivlərə nazirliyin xüsusi diplomları təqdim edilmişdir.

 

 

Azərbaycan.- 2011.-18 iyun.- S. 5.