Azərbaycan nümayəndəsi Belçikada keçirilmiş Kompendium Müəlliflərinin 10-cu Assambleyası və "Avropada fəal mədəni iştirak" mövzusunda beynəlxalq konqresdə iştirak etmişdir

 

Belçikanın Gent şəhərində Avropa Şurası, Avropa Müqayisəli Mədəni Tədqiqatlar İnstitutu ("ERİK-arts") və Belçika hökumətinin birgə təşkilatçılığı ilə Kompendium Müəlliflərinin 10-cu Assambleyası və "Avropada fəal mədəni iştirak" mövzusunda beynəlxalq konqres keçirilmişdir.

Mədəniyyət və Turizm Nazirliyindən AzərTAc-a bildirmişlər ki, üç gün davam edən hər iki tədbirdə Avropa Şurası, Avropa Müqayisəli Mədəni Tədqiqatlar İnstitutu ("ERİK-arts"), AMATEO Avropa Şəbəkəsi, İFAKKA, Avropa Mədəniyyət Fondu və digər beynəlxalq təşkilatların nümayəndə heyətləri, Azərbaycan, Almaniya, Avstriya, Belçika, Bolqarıstan, Çexiya, Ermənistan, Finlandiya, Hollandiya, Xorvatiya, İrlandiya, İspaniya, İtaliya, Latviya, Litva, Macarıstan, Makedoniya, Malta, Norveç, Polşa, Portuqaliya, Rumıniya, Rusiya, Serbiya, Sloveniya, Ukrayna və Yunanıstanın Kompendium üzrə milli müəllifləri iştirak etmişlər.

Bu beynəlxalq tədbirlərdə Azərbaycanı Mədəniyyət və Turizm Nazirliyinin Kompendium layihəsinin milli müəllifi, mədəniyyət siyasəti şöbəsinin qeyri-maddi mədəni irs sektorunun müdiri Yaşar Hüseynli təmsil etmişdir.

Bir gün davam edən "Avropada mədəniyyət siyasəti və təmayülləri Kompendiumu" Milli Müəlliflərinin 10-cu Assambleyasında layihənin daxili məsələləri, o cümlədən

2010-cu ildə qəbul olunmuş mündəricat dəyişiklikləri, Kompendiumda əks olunan mədəni hüquqlar və etika, keyfiyyət nəzarəti və insan resursları, "Açıq Kompendium" təşəbbüsünün inkişafı, milli məruzələrin tərcümə edilməsi və s. məsələlər əsas müzakirə obyekti olmuş, müvafiq nəticələr çıxarılmışdır.

Növbəti iki gündə "Avropada fəal mədəni iştirak" mövzusunda keçirilən beynəlxalq konqres zamanı Avropa məkanında mədəni özfəaliyyətə dair fakt və rəqəmlər, qitədə fəal mədəni iştirakın dəstəklənməsi, mədəniyyətlərarası iştirakın möhkəmləndirilməsi, Avropada mədəniyyət sektoruna könüllülərin cəlb olunması, milli azlıqlar və çoxluqların bədii təcrübələri, yaşlı nəslin özfəaliyyəti kimi mövzular müzakirə edilmiş, milli azlıqların mədəni həyata cəlb olunmasının özəllikləri və incəlikləri açıqlanmışdır.

Tədbirin sonunda qeyd olunmuşdur ki, layihəyə 2011-ci ildən etibarən Andorra, Belarus, Bosniya və Herseqovina, Kiprin də qoşulması ilə iştirakçı ölkələrin ümumi sayı 46-ya çatmışdır.

 

 

Azərbaycan.- 2011.-18 iyun.- S. 5.