Vətəndaş hüquq və azadlıqlarının təminatına yönəlmiş islahatlar

 

İnsan hüquq və azadlıqları müasir dünyada demokratik inkişafın ayrılmaz hissəsinə, bəşəriyyətin mənəvi-hüquqi, siyasi ideallarının ali təzahurünə, vətəndaş cəmiyyətinin yetkinliyinin başlıca meyarına çevrilmişdir. Dövlət müstəqilliyini qazandıqdan sonra müstəqil Azərbaycan da demokratik inkişaf yolu ilə irəlilədiyini bəyan etmiş, insan hüquq və azadlıqlarının yüksək səviyyədə təminatı məsələsini özünün mühüm vəzifələrindən biri elan etmişdir.

Müstəqil respublikamızda insan hüquqlarının prioritetliyi 1991-ci il oktyabrın 18-də qəbul edilmiş Azərbaycan Respubllikasının "Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı"nda əksini tapmışdır. Bu ali sənəddə Azərbaycanda hakimiyyətin və bütün təbii sərvətlərin xalqa mənsubluğu, mülkiyyətin bütün formalarının bərabərliyi, vətəndaşların seçki hüququnun, çoxpartiyalı sistemin təminatı, habelə insan və vətəndaş hüquq və azadlıqlarının ümumi prinsipləri rəsmən elan edilmişdir. Fəqət, müstəqilliyimizin ilk illərində bir sıra obyektiv və subyektiv səbəblər üzündən Azərbaycanda bu sahədə, demək olar ki, əsaslı irəliləyiş baş verməmişdir.

1993-cü ilin iyununda ulu öndər Heydər Əliyevin xalqın tələbi ilə Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra respublikada ictimai-siyasi sabitliyin, qanunçuluğun və hüquq qaydalarının bərpası istiqamətində kompleks tədbirlərin həyata keçirilməsi prosesi geniş vüsət almışdır. Ulu öndər Heydər Əliyevin "Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi haqqında" 9 avqust 1994-cü il tarixli fərmanı ilə cinayətkarlığa qarşı mübarizə tədbirləri daha da gücləndirilmiş, hüquq-mühafizə orqanlarının bu istiqamətdə uzunmüddətli dövr üçün fəaliyyət proqramı müəyyənləşdirilmişdir. Fərmanda cəmiyyətdə sosial bəlaya çevrilmiş rüşvətxorluq və korrupsiya kimi cinayətlərin geniş yayılmasının xüsusi narahatlıq doğurduğu vurğulanmış, bu kimi neqativ təzahürlərə qarşı mübarizənin gücləndirilməsi üçün konkret mexanizmlər əksini tapmışdır.

Ulu öndər Heydər Əliyevin siyasi uzaqgörənliyinin, prinsipiallığının və iradə nümayişinin nəticəsi olaraq 1994-cü ildə "Əsrin müqaviləsi"nin əfsanədən reallığa çevrilməsi ölkənin bütün strateji əhəmiyyətli sahələrinin inkişafına təkan verməklə yanaşı, Azərbaycanda hüquqi islahatların yeni mərhələdə aparılmasına geniş imkanlar açmışdır. Müdrik şəxsiyyətin rəhbərliyi altında hazırlanaraq 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyası ölkənin gələcək inkişaf prioritetlərini müəyyənləşdirməklə yanaşı, insan hüquq və azadlıqlarının təminatını dövlətin ali məqsədi kimi ön plana çıxarmışdır. Konstitusiyanın 12-ci maddəsinin I hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Əsas Qanunda əksini tapmış müddəaların üçdə ikisinin sırf insan hüquq və azadlıqları ilə bağlı olması da ulu öndərin ümumbəşəri dəyərlərə sadiqliyinin, onun daxili demokratizminin bariz təcəssümüdür.

1996-2000-ci illərdə isə Azərbaycan insan hüquq və azadlıqlarının, demokratik təsisatların təminatı ilə bağlı mühüm beynəlxalq konvensiyalara, sazişlərə qoşulmuşdür. Ulu öndərin 1993-cü ildən tətbiqinə moratorium qoyduğu ölüm hökmü 1998-ci il fevralın 10-da tamamilə ləğv edilmiş, Azərbaycan bütövlükdə Şərqdə bu qətiyyətli və tarixi qərarı verən ilk ölkə olmuşdur. O vaxt hətta Avropa Şurasının üzvü olan bir sıra dövlətlər də analoji addımı hələ atmamışdılar. Yüksək humanizmin və insanpərvərliyin bariz ifadəsinə çevrilən bu addım Azərbaycanın beynəlxalq nüfuzunu yüksəltmiş, 2001-ci il yanvarın 25-də müstəqil respublikamız Avropa Şurası kimi mötəbər beynəlxalq təşkilata tamhüquqlu üzv qəbul edilmişdir.

1998-ci il fevralın 22-də ümummilli lider Heydər Əliyev "Azərbayan Respublikasında insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında" fərman imzalamış, bu mühüm sənəddə insan hüquqlarının təminatı yönümündə həyata keçirilən tədbirlərin mahiyyəti və konsepsiyası müəyyən edilmişdir. Sözügedən fərmanın müəyyənləşdirdiyi mühüm məqsəd və vəzifələrə, ümumilikdə, Azərbaycanın yeni inkişaf mərhələsinə adekvat olaraq insan hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən tədbirlərin səmərəliliyini artırmaq məqsədilə Azərbaycan Respublikasının Prezidenti 18 iyun 1998-ci il tarixdə xüsusi sərəncam imzalamışdır. Bu sərəncamla "Azərbaycan Respublikasında İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı" təsdiq olunmuşdur. Dövlət proqramına əsasən, Azərbaycanın qoşulduğu konvensiyalara, qəbul etdiyi qanunvericilik aktlarına, eyni zamanda, Konstitusiyanın müddəalarından irəli gələn tələblərə müvafiq olaraq insan hüquqlarının müdafiəsi sahəsində görülən işlərin səmərəliliyi daha da artırılmışdır. Xüsusi vurğulamaq lazımdır ki, Azərbaycan Prezidenti İlham Əliyevin 17 iyun 2007-ci il tarixli fərmanı ilə 18 iyun tarixinin - "İnsan Hüquqları Günü" elan olunması da məhz bu əlamətdar tarixdən qaynaqlanır.

Azərbaycan Respublikasının insan hüquqlarının qorunması sahəsində əldə etdiyi mühüm nailiyyətlərdən biri də Birləşmiş Millətlər Təşkilatı (BMT) və Azərbaycan hökuməti arasında 1998-ci ilin avqustunda imzalanmış "İnsan hüquqları və demokratiyanın dəstəklənməsi sahəsində birgə layihə haqqında" memorandum olmuşdur. Bu memoranduma əsasən, BMT insan hüquqlarını dəstəkləmək və müdafiə etmək sahəsində ümumi biliklərin və potensialın Avropa standartlarına uyğunlaşdırılması, prosedur və hesabatlar sisteminin təkmilləşdirilməsi, mülki cəmiyyətin inkişafı və digər məsələlər sahəsində Azərbaycan Respublikası hökuməti ilə birgə tədbirlər həyata keçirmişdir.

Ulu öndərin insan hüquqlarının təmini sahəsində həyata keçirdyi çoxşaxəli siyasəti uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı 28 dekabr 2006-cı il tarixli "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə milli fəaliyyət planının təsdiq edilməsi haqqında" sərəncamda isə Azərbaycanın müasir inkişaf dövründə hüquqi dövlət quruculuğu və insan hüquqlarının müdafiəsi sahəsində səylərin gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi göstərilmişdir. Sərəncamda icra hakimiyyəti orqanlarına, məhkəmələrə və Baş Prokurorluğa normativ hüquqi aktların tətbiqi zamanı insan hüquqlarının müdafiəsi sahəsində qanunvericiliyin tələblərinə riayət olunmasına nəzarətin gücləndirilməsi tövsiyə olunmuşdur. Həmçinin Azərbaycan Respublikasının Milli Məclisə qanun layihələrinin hazırlanması və qanunların qəbul edilməsi zamanı Azərbaycan Respublikasının Konstitusiyasında, habelə respublikamızın tərəfdar çıxdığı beynəlxalq sənədlərdə əks etdirilmiş insan hüquq və azadlıqlarının əsas meyar kimi rəhbər tutulması, Azərbaycan Respublikasının normativ hüquqi aktlarının beynəlxalq hüquqi sənədlərə uyğunluğunun təmin edilməsi məsləhət görülmüşdür.

Qloballaşan dünyada hər bir dövlətin demokratik dəyərlərə sadiqliyi, ilk növbədə, onun insan hüquqlarına munasibəti ilə müəyyən olunur. Azərbaycan Prezidenti İlham Əliyevin insan və vətəndaş hüquq və azadlıqları ilə bağlı həyata keçirdiyi kompleks tədbirlər respublikamızın Avratlantik məkana inteqrasiya siyasətinin səmimiliyinə əyani sübutdur. Şəxsiyyətin toxunulmazlığı, söz, mətbuat, vicdan azadlığı, bütün vətəndaşların bərabər hüquqlara malik olması, siyasi plüralizm Azərbaycanda demokratik cəmiyyətin əsas atributları kimi bərqərar olmuşdur. Ölkədə 50-yə yaxın siyasi partiyanın sərbəst fəaliyyəti, 4500-ə yaxın qəzet və jurnalın mövcudluğu, dini etiqad azadlığı ictimai həyat reallıqları kimi diqqəti çəkir.

Prezident İlham Əliyevin sərəncamı ilə 18 iyunun Azərbaycanda İnsan Hüquqları Günü elan olunması da respublikamızın prioritet seçdiyi bu mütərəqqi yolun dönməzliyini və əbədiliyini, insan hüquq və azadlıqlarının dövlət mənafeyindən üstün tutulduğunu bir daha təsdiqləyir.

 

 

Samir ELMANOĞLU

 

Azərbaycan.- 2011.-18 iyun.- S. 5.