Astaranın turizm potensialı genişdir
Astara Azərbaycanın əsrarəngiz gözəlliyə malik füsunkar guşələrindəndir. Heç də təsadüfi deyildir ki, xalqımızın ümummilli lideri Heydər Əliyev Astaranı "Cənub mirvarisi" adlandırmış, bu diyar haqqında olduqca xoş sözlər söyləmişdir.
Astaranın iqtisadiyyatı dinamik inkişaf edir, sosial-iqtisadi problemlər uğurla həllini tapır. Aqrar sahənin inkişafına görə Astaranın adı respublikanın rayonları arasında öncül yerlərdə çəkilir. Bunlarla bərabər, Astara həm də turizm diyarıdır. Rayonun ərazisində olan seyrəngahlar, tarixi-mədəni abidələr, hotellər, istirahət mərkəzləri, Xəzər dənizi boyunca salınan çimərliklər turistlərin maraq göstərdikləri məkanlardır.
Prezident İlham Əliyevin 2011-ci ilin "Turizm ili" elan edilməsi barədə imzaladığı sərəncam Astarada da turizmin inkişafına güclü təkan vermiş, mövcud potensialın hərəkətə gətirilməsi üçün geniş imkanlar yaratmışdır. "Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı"nda qarşıya qoyulan vəzifələrin icrası ilə əlaqədar Mədəniyyət və Turizm Nazirliyinin yerli şöbəsi tərəfindən mühüm tədbirlər həyata keçirilir.
Astarada turistlərin böyük maraq göstərə biləcəyi çoxlu turist obyektləri vardır. Həmin obyektlərin adları, foto şəkilləri ölkədə nəşr olunan alboma daxil edilmək üçüq Mədəniyyət və Turizm Nazirliyinə göndərilmişdir. Bundan başqa, rayondakı turizm obyektləri haqqında bukletlər hazırlanaraq gələn turistlərə təqdim olunur. Obyektlər haqqında turistlərə dəqiq və ətraflı məlumat vermək üçün turizm bələdçilərinin geniş məlumatlı olmaları vacibdir. Bununla əlaqədar rayon mədəniyyət və turizm şöbəsi tərəfindən bələdçilər vaxtaşırı olaraq seminarlara cəlb edilirlər.
Astara tarixi-mədəni abidələrlə, mənzərəli təbiət guşələri və istirahət yerləri ilə zəngindir. Rayonun ərazisindəki "Şindan qalası", "Divəkə" mağarası, "Gəlin qayası" dolmen abidələri, Azərbaycan dövlətçiliyinin banilərindən biri Şah İsmayıl Xətainin Ərçivan kəndində olduğu yerlər, həmin kənddəki "Şəhərgah" və "Xangəldi" əraziləri haqqında maraqlı məlumatlar var və bu barədə əhali arasında çoxlu əfsanələr söylənilir. Prezidentin sərəncamı ilə yaradılmış Hirkan qoruğunun böyük bir hissəsi də Astaranın ərazisindədir.
Rayonun dağətəyi ərazisində ilin bütün fəsillərində bitib-tükənməyən bulaqlar mövcuddur. Osman bulağı, Ərçivan kəndinəki "Yanar bulaq", "Savalan" ticarət mərkəzinin ətrafındakı bulaqlardan sızılan suların tayı-bərabəri yoxdur. Sım, Ağ körpü və Alaşa kəndlərindəki bulaqların suyu isə müalicə əhəmiyyətlidir.
Ümumiyyətlə, rayon ərazisində Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş 102 tarix və mədəniyyət abidəsi yerləşir ki, onların da əksəriyyəti memarlıq abidələridir. Astara şəhərindəki XIX-əsrə aid olan "Qum", Ərçivan kəndindəki Məhəmməd Hənəfiyyə, Giləkəran, Pensər, Şiyəkəran kənd məscidləri, Pensər və Ərçivan kəndlərindəki hamamlar, Ərçivan, Şiyəkəran, Səncərədəki Ləmlər qədim yaşayış yerləri, türbələr, ziyarətgahlar buna misal ola bilər.
Astaranın mətbəx mədəniyyəti də özünəməxsusluğu ilə diqqəti həmişə cəlb etmişdir. Saxsı təndirdə bişirilən çörək, ləvənginin müxtəlif növləri, düyüdən, ətdən, çöl və su quşlarından, undan, balıqdan hazırlanan xörəklər dadına və ləzzətinə görə tamam başqadır. Xüsusən, balıq sırdağı, onun ləvəngisi, pətə, qara plov, toy qatığı, boranıplov, lərgəplov, südlü plov və başqa yerli kulinariya nümunələri rayona gələn qonaqların sevimli yeməkləridir.
Astarada 7 turizm marşrutu müəyyənləşdirilmişdir. Bu marşrutlar tarix və mədəniyyət abidələrini, görməli guşələri, ziyarətgahları və inanc yerləri ilə yanaşı, nadir el sənətkarlığının inkişaf etdiyi yaşayış məntəqələrini əhatə edir. 4 ulduzlu "Şindan", "Savalan", "Xəzər" və Gömrük mehmanxanaları, "Abşeron" və "Sahil" istirahət mərkəzləri isə müasir tələblərə cavab verən şəraitləri ilə il boyu turistlərin xidmətindədir. Turistlərə mədəni xidmət göstərilməsi də yaddan çıxmır. Qonaqlar "Əvəsor" folklor kollektivinin, "Sevinc" xalq çalğı alətləri ansamblının, istedadlı yerli müğənnilərin çıxışlarını, ifa olunan xalq mahnılarını və muğamları heyranlıqla qarşılayırlar.
Bütün bunlarla birlikdə Astarada turizmin inkişafı üçün potensial imkanlar tükənməyib. Müalicəvi əhəmiyyətli qumu olan dəniz sahillərində yüksək standartlara cavab verən istirahət obyektlərinin yaradılmasına ciddi ehtiyac var. İsti su ərazisində də müalicə və istirahət etmək üçün hər cür şərait yaratmaq olar. Söhbət müxtəlif revmatik ağrılar və yel xəstəliklərindən gedir. Üstəlik, İsti su çayının sahilində və qalın meşəlikdə istirahət üçün əlverişli imkanlar mövcuddur. Bir sözlə, həm Xəzərin sahilində, həm də İsti su ərazisində turizmin inkişafı, müalicə və istirahət mərkəzlərinin yaradılması üçün investisiya qoyulması vacibdir.
Özbəkistanın məşhur şairi, həmyerlimiz Maqsud Şeyxzadə bir vaxtlar Astarada olarkən ona heyranlğını ifadə edən şeirlərindən birində belə bir misra yazmışdır. "Astaranı bir görən, onu heç vaxt unutmaz". Doğrudan da, Astaraya gələn turistlər onun gözəlliyinə məftun olur, buradan zəngin və xoş təəssüratla ayrılırlar.
Seyran CAVADOV
Azərbaycan.- 2011.-18 iyun.- S. 6.