Mənəvi ucalığın təsdiqi

 

Etibar insan mənəviyyatının, bəlkə də bütün insani münasibətlərin məhvəridir, özülüdür, əsl şəxsiyyət təzahürüdür! Etibarsızlıq isə mənəvi xəyanətdir, kütləviləşməsi də mənəvi faciə! Zahirlə batinin dərin təzadı olan riyakarlıqla həyatın müxtəlif məqamlarında, müxtəlif diapazonda rastlaşmaq olur. Hətta bu cəhətin çoxlarının fərdi xarakterinə çevrilməsini də müşahidə edirik.

Xalq yazıçısı Elçin Akademik Milli Dram Teatrında tamaşaya qoyulmuş yeni "Teleskop" pyesində həyatda artıq kütləviləşmiş bu mənəvi epidemiyaya qarşı qəti etirazını bildirmiş, ona nifrət və ikrah hissi doğurmağa çalışmışdır. "Teleskop"da bu mənəviyyatsızlıq təzahürünün bir neçə səciyyəvi variantı təqdim edilir. Və sanki hər tamaşaçıya "bəs sən necə" sualı ünvanlanmış olur. Mahiyyətcə bu əsərə tamaşaçılara öz mənəviyyatına tənqidi nəticə ilə nəzər yetirmək imkanı yaradan bir teleskop kimi də baxmaq olarE

Elçin bu problemi əsasən bir ailə çərçivəsində izləmişdir. Ev sahibi Kişinin (əsərdə adı belədir) koma vəziyyətindəki böhranlı məqamlarında ruh halında o dünyaya varid olması, oradan teleskopla həsrətində olduğu, nigaran qaldığı əzizlərini, həmçinin yeganə yaxın dostunu seyr etməsi və onların etibarsızlığından sarsılması dramatik fabulanın əsasını təşkil edir. Əlbəttə, burada bədii vasitə kimi müəyyən şərtiliklərə də yol verilmişdir. Və əsas mətləbin, fikirlərin aydın, qabarıq, ifadəli səhnə təcəssümü yaradılmışdır. Pyesdəki fəlsəfi-mənəvi fikirlər aktual, əhəmiyyətli və son dərəcədə maraqlı olduğu qədər də onların dramaturji həlli, səhnə təcəssümü çətindir, mürəkkəbdir, hətta qeyri-adidir. Bu dünya ilə o dünyanın səhnə paralelliyi, həyatla, gerçəkliklə ruhlar dünyasının heç kəsə bəlli olmayan alleqorik, simvolik illüziyalar aləmi əvvəldən sonadək cazibədar bir məntiqlə, gözlənilməz qəribəliklərlə, daima qüvvətlənən dramatizmlə vahid məqsədə tabe edilmişdir və müəllif ideyasını əyani təsdiqləyən bir finalla yekunlaşdırılmışdır. Dramatik mətn bəzən hardasa ssenari xarakteri də daşıyır, rəqslər, pantomimlər köməkçi olur, məkanların dəyişməsi qeyri-ənənəvi mahiyyət daşıyır və s. Bütün bunlar ümumilikdə hadisələrin son dərəcədə orijinal və monolit dramaturji inkişafını və həllini böyük uğurla və tam monumentallıqla təmin etmiş olur. Burada quruluşçu rejissorun və quruluşçu rəssamın da xidmətləri şübhəsizdir. Görkəmli teatr rəssamı Eduard Koçergin hadisələrin zaman və məkan etibarilə dəyişmələrinin son dərəcədə lakonik və dinamik həllini maraqlı səhnə konstruksiyası ilə tapa bilmişdir. Səhnənin dərinliklərindən irəli çıxan kiçik, işıqlı məkan bu dünyadakılar haqqında məlumat verir. Bütün ətraf isə o dünyanı şərtləndirən müxtəlif biçimli buludlar aləminə qərq olmuşdur və orada o dünyadakı hadisələrin cərəyanı verilmişdir. Bir-birini tamamlayan məkanlar isə, yəqin ki, ümumilikdə bütöv dünya modeli təsəvvürünü yaratmaqdadır. Məkanların belə sürətlə əvəzlənməsi həm də hadisələrin dinamik tempinə kömək etmiş olur.

Bütün bunlar eyni zamanda istedadlı rejissor Kamran Şahmərdanın əsərə verdiyi ümumi səhnə traktovkasının da uğuru sayılmalıdır. O dünya ilə bağlı hadisələrin yüksək templə, bir az da romantik pafosla canlandırılması, xüsusən epizodik surətlərin çılğın və təlaşlı hərəkətləri, rəqsləri səhnədə qeyri-adi bir atmosfer, fövqəladə bir aləm təsəvvürü yarada bilir. Lakin bəzi rəqslərin uzadılması, xüsusən birinci hissənin sonunda Kişinin də onlara qoşulması bir az ifrat görünür.

Dramaturji mətnin qeyri-adiliyi o dünyanın təsvirindəki səhnələrdə aktyorlardan da müəyyən dərəcədə məhz qeyri-adi səhnə təcəssümü tələb edir. Bu cəhətdən əsərin baş qəhrəmanı Kişi obrazının ifaçısı əməkdar artist Füzuli Hüseynovun məhz ruh məqamlarında şaşqın, əsəbi, az qala ekstaz məqamlı davranışı, hadisələrin xarakteri ilə əlaqədar olaraq dərin sarsıntılar, təzadlı ovqatlar yaşaması çox təbii görünür, aktyor təbiətinin daxili zənginliyindən, dərin emosional həyəcanları təqdim və təlqin bacarığından xəbər verir. Bəzən canlı insan kimi görünmək, bəzən də ruh illüziyası doğurmaq, eyni adamın həm bu dünyadakı xarakterini açmaq, həm də o dünyadakı ruhunun təsəvvürünü doğrultmaq, şübhəsiz, çox çətindir, kamil sənət səriştəsi və istedad tələb edir.

Kişinin teleskopla bu dünyaya baxdığı zaman yaşadığı sarsıntılar, mənəvi böhranlar inandırıcıdır, effektlidir. O dünyada balalarının xiffətini çəkən, ailəsindən nigaran olan Kişi teleskopla bu dünyaya baxanda nə görsə yaxşıdır? Məhz bu üsul ilə günümüz üçün çox ağrılı və nigaran mətləbləri aşkarlamaq fürsəti yaranır. Övladlarının onun kitablarını əsəbiliklə varaqlayıb gizlədilmiş pulları axtarması, ərinin matəmini saxlamalı olan arvadının, hətta qayınanasının dünya ləzzətindən, nəşəsindən söhbətləri, yeganə "vəfalı" dostunun onun haqqında qeybətləri Kişini dəhşətə gətirir, sarsıdır, insanlardan ümidini üzür. Lakin buradaca birinci arvadını Kişidən soruşanda ki doğrudanmı o, vaxtilə həmin dostunun dissertasiya işi haqqında böhtanlar yazmışdır, sanki ittiham dairəsi qapanır. Çünki Kişi də nöqsanını boynuna almış olurE Bu qüsurların heç biri təsadüfi göstərilməyib. Onların hər birini yazıçı bugünümüz üçün tipik sayır, bir çoxunun yaşadığı cəmiyyətə insan yaraşığı olan uca, ülvi hislərlə deyil, canavar acgözlüyü ilə, həyatdan daha çox qoparmaq instinkti ilə yanaşmaq ehtiraslarını kəskin sarkastik ittihama çəkmiş olur!

Həmin epizodlarda iştirak edən əməkdar artist Münəvvər Əliyeva (Arvad), xalq artisti Şükufə Yusupova (Qayınana), əməkdar artist Sabir Məmmədov (Dost) səmimi, təbii oyunları ilə səciyyəvi xarakterlər yarada bilirlər.

Kişinin o dünyada rastlaşdığı birinci arvadını (Qadının ruhunu) canlandıran İlahə Həsənova həm cismən zərifliyi, kövrəkliyi, həm də emosiya zənginliyi və həyəcanlı ifası ilə müəllif məqsədinin gözəl təcəssümünə çevrilə bilir.

Pyesdə Kişinin etibarsız ailə üzvlərinə qarşı o dünyada rastlaşdığı ilk arvadının sədaqətli sevgisi və böyük səmimiyyəti göstərilmişdir. Teleskopda gördüyü etibarsızlıqlardan sarsılan Kişinin ən ağır məqamlarında birinci arvadının ruhu onun yeganə təsəllisi və mənəvi dayağı olur. Vaxtilə, yəqin ki, lazımınca qiymətləndirə bilmədiyi birinci arvadının məhəbbətində dəyanəti o dünyada qoyub gəldiyi adamlarla müqayisədə daha qiymətli və əziz görünür. Təbii ki, etibarsızlıq nə qədər vüsət tapırsa, qarşılıqlı məhəbbətə, sevgidə dəyanətə bağlılıq, vurğunluq da bir qədər ucada durur. Kişi də bu dünyadakı rəzalətləri teleskopla "kəşf" etdikdən sonra o dünyadakı arvadına onun etibarına, sevgisinə, sədaqətinə görə yenidən və daha qətiyyətlə bağlanırE Və o, keçmiş əzizlərindən, hətta həyatın özündən (daha çox onun etibarsızlığından) qətiyyətlə imtina edərək ölmüş arvadı ilə o dünyada qalmağı üstün tutur, əsl səadət hesab edir. Sonralar onun həyata qaytarılması haqqında qərar bildirildikdə də dəhşətlə sarsılır, fəryad edir, etibarsız dirilərlə yaşamaqdansa etibarlı ruhlarla qalmağı üstün tutur, burada tapmış olduğunu bir daha itirmək istəmir. Məhz bu məqamlarda həqiqi mənəvi bağlılığın və ülvi eşqin insanlara bəxş edə bildiyi ruhi rahatlığın, təskinliyin, hətta sevincin nə qədər əvəzsiz olması bir daha təsdiq olunur. Burada həmçinin insan həyatının ən faciəli, çıxılmaz psixoloji məqamlarında belə həqiqi ürək sirdaşının, məhəbbət şərikinin yeganə təskinlik və səadət mənbəyi olması fikri əsl təntənəsini tapmış olur!

Elçinin bütün yaradıcılığında və xüsusən dramaturgiyasında dünyanın ən gözəl və qüdrətli varlığı olan insanın dəhşətli dərəcədə mürəkkəb və anlaşılmaz psixoloji dünyasının, mənəviyyat aləminin tədqiqi və təhlili məsələləri, problemləri əsasdır, aparıcıdır. O bunu xüsusi məharətlə bacarır və ironik, eyhamlı üslubda əsl vətəndaş sözünü də deyə bilir. Onun əsərlərindəki fəlsəfi-mənəvi problemlər və surətlər də daha vüsətli və qlobal miqyaslı ümumiləşməyə malikdir. Buna görə də bəzən surətlər şərti adlar daşıyırlar.

"Teleskop"da da əsas iştirakçıların konkret adı göstərilməmişdir. Çünki oradakı mənəvi problemlər heç bir zaman və məkan konkretliyinə sığışan deyil, təəssüf ki, ümumən insan xisləti üçün tipik cəhətlərdir. Və sanki müəllif bu əsəri ilə müasirlərinə müraciətlə deyir ki, daima ömrün qısalığından, həyatın etibarsızlığından, dünya gərdişinin amansızlığından, təlatümlərindən şikayətliyik, gileyliyik. Heç olmasa, bizdən asılı olan ləyaqət ucalığını qoruyaq, bir-birimizə ümid, təsəlli və güvənc dayağı olaq; salam verib, çörək kəsdiyimiz adamlarla sədaqətli və etibarlı olaqE

 

 

Təhsin MÜTƏLLİMOV

 

Azərbaycan.- 2011.-18 iyun.- S. 7.