Dövlət orqanlarının
elektron xidmətlər göstərməsinin təşkili
mühüm əhəmiyyət kəsb edir
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) Azərbaycan Prezidenti İlham Əliyevin "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" fərmanının icrasının təmin edilməsinə həsr olunmuş kollegiya iclası keçirilmişdir.
Tədbirdə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin kollegiya üzvləri, birlik, müəssisə rəhbərləri və mütəxəssislər iştirak etmişlər.
Nazirlikdən AzərTAc-a bildirmişlər ki, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov ölkəmizdə "elektron hökumət"ın formalaşdırılması üzrə aparılan işlərdən danışmışdır. Nazir "elektron hökumət"in vətəndaşların müraciətlərinə baxılmasına, dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılmasına, onların elektron xidmətlər göstərməsinə, bunlardan vətəndaşların və biznes qurumlarının asanlıqla istifadə etməsinə, bürokratik əngəllərin aradan qaldırılmasına xidmət etdiyini və bu istiqamətdə ciddi tədbirlərin həyata keçirildiyini qeyd etmişdir. Adıçəkilən fərmanın dövlət orqanları tərəfindən "elektron xidmətlər"in göstərilməsinin təşkili və genişləndirilməsi üçün mühüm əhəmiyyət daşıdığını, konkret məsələlərin həllinə yönəldiyini vurğulayan nazir qısa bir zamanda görüləcək işləri diqqətə çatdırmışdır.
İclasda ölkəmizdə "elektron hökumət"in formalaşdırılması istiqamətində aparılan fəaliyyət barədə məlumat verilmişdir. Fərmanın icrası ilə bağlı müəyyənləşdirilmiş tədbirlər və onların yerinə yetirilmə yolları haqqında danışılmışdır. Bu istiqamətdə nazirliyə həvalə edilmiş məsələlərin həyata keçirilməsi, digər dövlət orqanları ilə sıx əməkdaşlıq edilməsi, nazirliyin fəaliyyətində, o cümlədən tabeli idarə və müəssisələr tərəfindən əhaliyə göstərilən xidmətlərin elektron formada həyata keçirilməsinin təşkili imkanları müzakirə edilmişdir.
Kollegiya üzvləri, nazirliyin ayrı-ayrı birliklərinin rəhbərləri, mütəxəssislər bu məsələlərlə bağlı çıxış etmiş və fərmanın icrasının təmin edilməsi məqsədilə görüləcək tədbirlər barədə fikirlərini bildirmişlər.
Nazir Ə.Abbasov
kollegiya iclasına yekun vuraraq həyata keçiriləcək
tədbirlərin əhəmiyyətini bir daha
vurğulamış və fərmanın müddəalarından
irəli gələn məsələlərin nazirliyin tabeli
qurumlarının fəaliyyətində tətbiqi və dövlət
qurumlarında aparılan işlərlə əlaqələndirilməsi
üzrə konkret tapşırıqlar vermişdir. Bu məsələlər
barədə nazirliyin kollegiyası müvafiq qərar qəbul
etmişdir.
Azərbaycan.- 2011.-19 iyun.- S. 1.