Milli ideya müstəqil Azərbaycanın inkişafını təmin edən əsas amillərdəndir

 

Bu il Azərbaycan dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünü qeyd edir. 20 il tarixi baxımdan uzun bir dövr deyil. Lakin bu illər ərzində ölkəmiz ağır, məşəqqətli, keşməkeşli yollardan keçib, milli mövcudluğunu qoruyub saxlamaq üçün mücadilələr edib, eyni zamanda böyük uğurlara da imza atıb. Hazırda Azərbaycan müxtəlif sahələrdə sürətli inkişaf tempini nümayiş etdirən, regionda lider olan, dünyanın aparıcı dövlətləri ilə tərəfdaşlıq əlaqələri quran, beynəlxalq aləmdə böyük nüfuza malik bir dövlətdir. Azərbaycan güclü, qarşısına istənilən məqsədləri qoyub həll etməyə qadir olan və gələcəyə ümidlə baxan qüdrətli bir ölkədir.

Yaxın keçmişimizə nəzər salsaq, görərik ki, bizi bu günümüzə gətirən yol heç də asan olmayıb. İlk növbədə qeyd edək ki, Azərbaycan Respublikasının dövlət müstəqilliyi mürəkkəb və ziddiyyətli siyasi proseslər, Ermənistanın ölkəmizə qarşı ərazi iddiası ilə başladığı müharibə şəraitində əldə edilmişdir. Müstəqillik aktı 1991-ci ildə qəbul edilsə də, onun hüquqi əsasını təşkil edən Konstitusiya 1995-ci ildə işlənib hazırlanmışdır. Bunun səbəbi bir tərəfdən müharibə ilə bağlı idisə, digər tərəfdən Azərbaycanda gedən hakimiyyət uğrunda mübarizədən, bəzi "siyasətçilərimizin" radikalizmindən və dağıdıcı fəaliyyətə meyil etməsindən irəli gəlirdi. 1992-ci ildə hakimiyyətdə olanlar öz çıxışlarında müstəqil dövlətdən, onu möhkəmləndirmək və qorumaq zərurətindən danışsalar da, əməldə qanunları hər an pozurdular. Bu adamlar dərk etmirdilər ki, hakimiyyət qanunlara və normalara əsaslanır. Dövlətin hər hansı ictimai və ya siyasi təşkilatın daxili qaydaları, prinsipləri və dəyərləri baxımından idarə edilməsi mümkün deyildir. Bu halda dövlət öz funksiyasından və mahiyyətindən uzaqlaşır, onun qanuni əsasları sarsılır.

Bir faktı qeyd edək ki, Azərbaycan xalqı uzun illərdən sonra özünün müstəqillik idealına qovuşsa da, əslində bu, formal xarakter daşıyırdı. 1993-cü ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişi ilə Azərbaycan cəmiyyətində dövlətçilik ideyalarının bərqərar olması fundamental mahiyyət kəsb etməyə başladı. Ölkə xaosdan, vətəndaş müharibəsindən, hərc-mərclikdən, bir sözlə, dövlətçiliyini itirmək təhlükəsindən qurtuldu. 1994-cü ilin oktyabr, 1995-ci ilin mart aylarında dövlət çevrilişinə cəhd hadisələrində Heydər Əliyev özünün qətiyyəti və xarizması ilə Azərbaycan dövlətçiliyini ağır faciələrdən xilas edə bildi. Ümummilli lider siyasi sabitliyi təmin etməklə yanaşı, demokratik dövlət modeli konsepsiyasını da uğurla həyata keçirməyə başladı.

1995-ci ildə qəbul edilmiş Konstitusiya ilə Azərbaycan demokratik, hüquqi, dünyəvi dövlət kimi ilk dəfə olaraq insan hüquqlarının prioritetliyini və hakimiyyət bölgüsünü özünün gələcək inkişaf istiqaməti kimi seçdi. Ulu öndərin müəllifliyi ilə hazırlanmış və ümumxalq səsverməsi nəticəsində qəbul olunmuş bu ali sənəd müstəqil Azərbaycanın Konstitusiyası kimi tarixə düşdü.

1995-ci ildə müstəqil Azərbaycanın ilk parlamentinə keçirilən seçkilər dövlət müstəqilliyinin möhkəmləndirilməsi prosesinin hüquqi bazasının yaradılmasına daha geniş imkanlar açdı. Ümummilli liderin Azərbaycan dövlətçiliyi qarşısında ən böyük xidmətlərindən biri də müstəqil ölkənin uğurlu neft strategiyasının hazırlanaraq həyata keçirilməsi idi. 1994-cü il sentyabrın 20-də dünyanın iri neft şirkətləri ilə imzalanmış "Əsrin müqaviləsi" bu mənada Azərbaycanın dünya birliyində tanınmasında müstəsna rol oynadı. Həmin saziş nəticəsində beynəlxalq aləmin diqqət mərkəzinə çevrilən ölkəmiz, eyni zamanda qlobal məkanda özünün yeni statusunu müəyyənləşdirməyə nail oldu. Bir sözlə, arxada qalan illərin hər hansına müraciət etsək, orada dahi şəxsiyyət, böyük insan Heydər Əliyevin silinməz izini görürük. Bu 20 il ərzində reallaşan hər bir layihədə, əldə edilən hər bir uğurumuzda ulu öndərin böyük payı vardır.

1993-cü ildə heç də hamı inanmırdı ki, gün gələcək və Heydər Əliyevin bütün arzuları, ideyaları reallaşacaq. Bu gün böyük insan Heydər Əliyevin ömür yolu hər birimiz üçün xalqa, vətənə sədaqətin rəmzinə çevrilib. Ümummilli lider, ictimai-siyasi quruluşdan asılı olmayaraq, bütün dövrlərdə doğma Azərbaycanının inkişafına misilsiz töhfələr verib.

İndi hamı etiraf edir ki, Azərbaycan xalqının tarixən formalaşmış ənənələri əsasında milli dövlətçilik modelinin yaradılması, möhkəmləndirilməsi, ən başlıcası isə qorunub saxlanması yalnız XX əsrin sonlarına doğru - ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərliyi dövründə gerçəkləşmişdir. Xalqımız tarixin müxtəlif mərhələlərində milli dövlət yaratmaq əzmini və iradəsini nümayiş etdirsə də, etiraf etmək lazımdır ki, müəyyən səbəblərdən yaranmış tarixi şansdan sonadək bəhrələnə bilməmiş, bəzi hallarda üzləşdikləri uğursuzluqlar məhz lider amili ilə şərtlənmişdir. Bu mənada ulu öndər Heydər Əliyev XX əsr Azərbaycan tarixinin təkcə milli müstəqillik ideyasını praktik olaraq gerçəkləşdirmiş lider kimi deyil, həm də yaratdığı dövləti böyük əzmlə hər cür qəsddən qoruyan, dayanıqlığını təmin edən, onun hərtərəfli inkişafı üçün iqtisadi, siyasi, hüquqi zəmin hazırlayan böyük strateq, müdrik rəhbər kimi əbədiyaşarlıq qazanmışdır.

Akademik Ramiz Mehdiyev "Müasir Azərbaycan milli ideyanın təcəssümü kimi" əsərində ("Azərbaycan" qəzeti, 26 may 2001-ci il) XIX-XX əsrin əvvəllərində Quzey Azərbaycanda milli ideyanın formalaşması tarixindən, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından, klassiklərin, görkəmli maarifçilərin milli mənlik şüurunun oyanışındakı rolundan söz açaraq qeyd edir ki, fəlsəfə elmində çoxdan təsdiqlənib ki, milli ideya cəmiyyətin həyatında, siyasi praktikada mühüm rol oynayır: "Ona görə də hər bir millətin öz milli ideyası olmalıdır, əks halda, həmin millətin yaşamağa haqqı yoxdur. Filosoflar milli ideyanı xalqın taleyini, onun vəzifəsini ifadə edən və taleyüklü məsələlərin həlli üçün milli enerjini səfərbər edən inteqrativ milli mənlik şüuru konsepsiyası adlandırırlar".

Akademik Ramiz Mehdiyev xüsusi vurğulayır ki, milli ideya bir insanın ixtirası deyil, o, xalqın şüurunun dərinliklərindən qaynaqlanır və konkret tarixi məqamda sosial reallıq onu dəstəkləyir. Çoxmillətli dövlətdə ərazi bütövlüyünü qoruyub saxlamaq üçün milli ideya dilindən, etnik mənsubiyyətindən və dinindən asılı olmayaraq, ölkənin bütün əhalisinin maraqlarını nəzərə almalıdır. Milli ideya cəmiyyətin inkişafının ümumi məqsədi və strategiyasıdır.

Əsərdə görkəmli filosof onu da bildirir ki, milli ideya və milli ideologiya anlayışlarını qarışdırmaq olmaz: "Elmi ədəbiyyatda onların eyniləşdirilməsi hallarına tez-tez rast gəlmək olar. Hərçənd, məlum olduğu kimi, qərarlaşmış milli dövlətə bunların hər ikisi xasdır. Buna baxmayaraq, çox vaxt milli ideyanı səhvən ideologiya kimi təsnif edirlər. Halbuki onların funksiyaları müxtəlifdir: milli ideyanı strategiya kimi səciyyələndirmək olar, ideologiya isə ideyanın reallaşdırılmasına kömək edən taktikadır. İdeologiya milli ideyanın cəmiyyətdə yayılması metodları və vasitələridir. O, milli ideyanın daşıyıcısıdır. Reallıq dəyişir, onun təqdim edilməsinin metodları və formaları da dəyişməlidir.

Şəksiz təşkilatçılıq xüsusiyyəti olan ideologiya cəmiyyətin mənəvi həyatının ən mühüm strukturudur, lakin ondan yalnız milli məsələlərin həlli, milli ideyanın reallaşdırılması üçün zəruri mexanizm kimi istifadə etmək lazımdır. Nəzərə almaq lazımdır ki, milli birliyə xidmət edən ideologiya milli ruhun mənəvi meyarlarına uyğun olmalıdır. Lakin əgər milli şüura tətbiq edilmiş həqiqilik meyarı surroqat həqiqətlə əvəz edilirsə, onda hakimiyyət nüfuzunu itirir, milli dəstəkdən məhrum olur".

Akademik Ramiz Mehdiyevə görə, son 20 ildəki siyasi inkişaf göstərib ki, Azərbaycan cəmiyyəti üçün təkcə milli ideya yetərli deyil, ölkəyə milli maraqlara söykənən yeni, müasir siyasi ideologiya lazımdır: "Məhz bu səbəbdən müasir Azərbaycanın ideoloji konstruksiyasının mahiyyətinin müəyyən edilməsi çox aktual məsələdir. Artıq 18 ildir ki, "azərbaycançılıq" ideoloji konstruksiyası bu missiyanı gerçəklikdə öz üzərinə götürüb. Bu konstruksiya mühüm funksional keyfiyyətlərlə zəngindir. Onların mahiyyəti ölkəni mənəvi və fiziki cəhətdən zəiflətmək cəhdlərindən qorumaqdan, Azərbaycanı unitar, hüquqi və demokratik dövlət kimi möhkəmləndirmək və inkişaf etdirməkdən ibarətdir. Azərbaycançılıq ideologiyası elə bir mənəvi dəyərdir ki, o, müstəqil və öz yolu ilə gedən Azərbaycanı informasiya baxımından koqnitiv (idraki) sivilizasiyalar sırasına, yəni biliklərə əsaslanan və biliklər iqtisadiyyatı yaradan cəmiyyətə çevirəcək.

Milli ideyanın və azərbaycançılıq ideologiyasının reallaşdırılması yalnız o halda uğurlu hesab edilə bilər ki, onlar əhalinin sosial aktiv təbəqələrinin səfərbər edilməsi, inkişaf və modernləşdirmə strategiyası, ölkənin qarşısında duran məsələlərin həlli ətrafında hakimiyyətin xalq kütlələri ilə həmrəyliyinin təmin olunması vasitəsinə çevrilsin".

Yaxın tariximizə müraciət etsək, görərik ki, hələ müstəqilliyin ilk illərində müxtəlif siyasi qüvvələrin maraqları üzərində qurulmuş siyasi münasibətlər sistemi cəmiyyətin ümumi düşüncəsinə neqativ təsir göstərirdi və elə bunun nəticəsi idi ki, uzun müddət Azərbaycanda milli birliyin yaradılması, hakimiyyətin xalq kütlələri ilə həmrəyliyi mümkün olmamışdı. Lakin ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra ictimai həyatın bütün sahələrində nəzərə çarpan inkişaf xalqın vahid qüvvə kimi özünütəsdiqinə şərait yaratmış oldu. Müstəqilliyin yenicə əldə olunması faktı Azərbaycan xalqının həmrəyliyini zərurətə çevirmişdi və dövlətin sosial dəyərlərinin möhkəmlənməsi, onun siyasi, iqtisadi inkişafını təmin etmək üçün milli birlik modelinin yaradılması da prioritet vəzifələrdən biri kimi qarşıda dayanırdı. Ulu öndər hakimiyyətə gəlişinin elə ilk günlərindən bu istiqamətdə uğurlu addımlar atmağa, cəmiyyətin bütün sosial təbəqələrini vahid bir ideologiya ətrafında sıx birləşdirməyə müvəffəq oldu. Onun təklif etdiyi dəyərlər sistemi milli dövlətçiliyə xidmət amalı üzərində qurulmuşdu və şübhəsiz, belə bir ideologiya keçid dövrünü yaşayan Azərbaycan üçün həyati əhəmiyyət kəsb edirdi. Qeyd edək ki, Azərbaycan dövlətinin tarixi ənənələrinin formalaşması və onun siyasi əsaslarının mükəmməl bir ideoloji sistemin tərkib hissəsi kimi təsbit olunması milli dövlətçilik təfəkkürünün meydana gəlməsində müstəsna rol oynamışdır. Milli dövlətçilik düşüncəsi isə artıq XX əsrin sonları, XXI əsrin əvvəllərində vahid ideoloji konsepsiya kimi özünü təsdiq etmişdir. Ulu öndər Heydər Əliyevin böyük fədakarlıqlar bahasına ayağa qaldırdığı Azərbaycan dövləti bütün dünya azərbaycanlılarının tarixi və siyasi istinadgahına, dayaq nöqtəsinə çevrilmişdir. Tarixi proseslərin mürəkkəb ictimai-siyasi xarakterini ardıcıl şəkildə araşdırarkən bunu görməmək, sadəcə, mümkün deyildir və etiraf etmək lazımdır ki, əgər Azərbaycan dövlətinin varlığını qoruyub saxlamaq mümkün olmasaydı, onda Azərbaycan xalqının taleyi şübhə altında qala bilərdi. Bu ideologiya tarixin sınaqlarından uğurla çıxa bilmişdir.

Əlbəttə ki, azərbaycançılıq ideologiyasının siyasi mahiyyətini araşdırmaq, onun həqiqi fəlsəfi məzmununu müəyyən etmək olduqca mürəkkəb bir məsələdir. Ancaq hamımızın görə bildiyimiz çox sadə bir həqiqət də var: bu ideologiya milliliklə müasirliyi, dinə sonsuz inamla tolerantlığı, demokratik düşüncə ilə dövlətçilik şüurunu elə mükəmməl bir səviyyədə özündə birləşdirir ki, onun söykəndiyi dəyərlər sistemi bütövlükdə Azərbaycan xalqının ümumi xarakterini ehtiva edir. Bu ideologiya adi bir həyat hadisəsi deyildir, müasir dünyanın mürəkkəb geosiyasi reallıqları fonunda öz xalqının milli mentalitetinə və demokratik prinsiplərə əsaslanan qüdrətli dövlət yaratmış böyük bir siyasi xadimin idarə etdiyi tarixi prosesdir. Azərbaycançılıq ideyası bizə ona görə lazımdır ki, müstəqil dövlətimizi yaşatmaq üçün tarixin sınaqlarından uğurla çıxmış və hər bir azərbaycanlının eyni dərəcədə inandığı vahid konsepsiyaya ehtiyacımız var. Biz ona görə bu ideologiyaya inanırıq ki, o, uğurlarımızı təmin etmək üçün mümkün olan yolların ən optimalını seçməyə imkan yaradır.

Görkəmli filosof, akademik Ramiz Mehdiyev əsərində yazır: "Bizim müasir Azərbaycan üçün milli ideya anlayışının məzmununu nə ilə dolğunlaşdırmaq barədə düşünməyimizə ehtiyac yoxdur. Strateji məqsədlər ölkənin Konstitusiyasında müəyyən edilib. Ona görə də milli ideyanın maddiləşdirilməsi Azərbaycan Konstitusiyasının reallaşdırılması yolu ilə həyata keçirilir. 1995-ci ildə qəbul edilmiş Konstitusiya ölkənin bütün vətəndaşlarını birləşdirən ideyadır. Bu gün Azərbaycan Konstitusiyası Azərbaycan milli ideyasının rəsmi ifadəsidir.

Bəs milli ideyanın və xalqın dəyər oriyentasiyalarının mahiyyəti nədən ibarətdir? Heç şübhəsiz, əsas dəyərlərdən biri məhz dövlətçilikdir. Dövlətin ali dəyərləri isə müstəqillik, dövlət suverenliyi, habelə mədəniyyət, din və ənənə dəyərləridir. Milli ideya Azərbaycan cəmiyyətinin və dövlətinin həyatının əsas məqsədi və mənasıdır. XXI əsrdə Azərbaycan milli ideyasının əsas tərkib hissələri bunlardır: dövlətin ərazi bütövlüyünün və müstəqilliyin qorunub saxlanması, iqtisadiyyatın hərtərəfli inkişafı, vətəndaşların firavanlığı (buraya bir sıra komponentlər daxildir), müasir təhsil standartları, mənəvi inkişaf, demokratiya, təhlükəsizlik və ondan irəli gələn tam bir sıra məsələlər".

Məqalədə 1988-ci ildən 1993-cü ilədək olan dövrü "qarışıqlıq, hakimiyyətsizlik və anarxiya dövrü" adlandıran akademik Ramiz Mehdiyev Azərbaycanı bu vəziyyətdən Heydər Əliyevin xilas etdiyini, İlham Əliyevin prezidentliyə başladığı 2003-cü ildə isə ölkənin öz tarixində yeni mərhələyə qədəm qoyduğunu vurğulayır. Akademik qeyd edir ki, bu gün Azərbaycan Respublikası regionda informasiya mübadiləsinin və qarşılıqlı intellektual fəaliyyətin prioritet amilinə çevrilir. Müxtəlif dillərdə yayımlanan və çox geniş analitik və xəbər spektrini əhatə edən informasiya resurslarının sayına görə Azərbaycan Cənubi Qafqaz ölkələri arasında liderdir. Buna görə də dünya intellektual elitasının müxtəlif mərkəzləri Azərbaycanla birgə iqtisadi, siyasi, elmi və humanitar xarakterli layihələri nəzərdən keçirməyə maraq göstərir: "Hərçənd bu da sirr deyil ki, ölkədə ictimai şüura təzyiq göstərmək məqsədilə informasiya-analitik "beşinci dəstə"lər yaratmaq cəhdləri də müşahidə olunur. Lakin sabitliyi pozmağa göstərilən bu cür cəhdlər Azərbaycan tərəfindən çox sərt reaksiya ilə üzləşmişdir və bundan sonra da üzləşəcək. Azərbaycan belə cəhdləri informasiya təxribatı, onun daxili işlərinə qarışmaq aktı və ölkənin suverenliyinə qəsd hesab edir".

Akademik Ramiz Mehdiyev daha sonra əsərdə Dağlıq Qarabağ problemindən də söz açır və xüsusi vurğulayır ki, Azərbaycan ərazisinin işğal edilməsi, hüququn güc üzərində aliliyinin Ermənistan tərəfindən total şəkildə inkar edilməsi heç də təbii hal kimi qəbul edilə bilməz. Prezident İlham Əliyev dəfələrlə göstərib ki, Azərbaycanın səbrinin həddi var, beynəlxalq hüququn prinsipləri sərbəst şəkildə yozulmamalı, beynəlxalq gündəlikdə həmin prinsiplərə prioritet verilməlidir: "Bu mənada dünya siyasətində "ikili standartlar"ın - bir halda təcavüzkarı sakitləşdirmək, başqa halda onu məcbur etmək praktikasının olmasını xatırlatmaq vacibdir. Çox vaxt aşkar görünür ki, dünya birliyi bəzi regionlarda münaqişəli vəziyyətlərə qeyri-mütənasib dərəcədə ciddi diqqət yetirdiyi halda, başqa regionlarda bu vəziyyətə açıq-aşkar etinasızlıq göstərir, münaqişələrin "dinc yolla həll edilməsi" və danışıqlar cəhdinə sədaqətdən dəm vurulur, həmin danışıqlar isə onilliklər boyu davam edir və heç bir nəticə vermir. Azərbaycanın işğal edilmiş ərazilərinin azad olunmasının zəruriliyi barədə BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi (822, 853, 874 və 884 nömrəli) 19 ildən artıqdır ki, icra olunmamış qalır. Halbuki bəzən hətta beynəlxalq hüquqi baxımdan xeyli mübahisəli, lakin müasir dünya nizamının sırf geosiyasi tələblərinə cavab verən hallarda BMT Təhlükəsizlik Şurasının qərarları bir neçə saatda həyata keçirilir".

Dağlıq Qarabağ münaqişəsinin Ermənistan-Azərbaycan qarşıdurması çərçivəsindən çıxdığını göstərən akademik onun artıq beynəlxalq və regional məsələyə çevrildiyini yazır. Son illərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiyanın fəal iştirakını, bəzi ölkələr tərəfindən Ermənistan-Türkiyə sərhədinin açılmasının "zəruriliyi" məsələsi ilə əlaqədar Türkiyə rəhbərliyinə olan təzyiqləri qeyd edir və göstərir ki, dünyanın daha rasional və ədalətli qaydaya ehtiyacı var: "XXI əsrin geosiyasəti getdikcə daha çox geoiqtisadiyyata və yanacaq-energetika amilinə istiqamətlənir. Bu isə heç şübhəsiz, qlobal sabitlik və təhlükəsizlik üçün yeni təhdidlər və çağırışlar doğurur".

Akademik Ramiz Mehdiyev göstərir ki, Azərbaycan gənclərinin indiki nəsli vətəndaşı olduqları dövlətin beynəlxalq aləmdə müstəqil mövqelərdən çıxış etməsini təbii hal hesab edir: "Lakin başa düşmək lazımdır ki, bu mövqeni yaradan ölkə daxilində, Cənubi Qafqaz regionunda və dünyada baş verən proseslər haqqında geniş təsəvvürə malik olan liderdir. Milli ideyanın uğurla həyata keçirilməsi, milli identikliyin qorunub saxlanması və eyni zamanda, dünya birliyinə inteqrasiya, həqiqətən, tarixi nailiyyətdir, çünki iqtisadiyyatın inteqrasiya olunduğu, texnologiyaların sürətlə inkişaf etdiyi, transmilli maliyyə kapitalı və bilik axınları qarşısında dövlətlərarası sərhədlərin götürüldüyü müasir aləmdə milli ideoloji konsepti inkişaf etdirmək çətindir. Hər yerdə mövcud olan qlobalizmin məddahları milli, lokal dəyərlərin üstündən xətt çəkmiş, milli dövlətlərin əhəmiyyətini azaltmaqla onları anaxronizm hesab etməyə başlamışlar. 1990-cı illərin əvvəlində Qərbin bütün fəlsəfi və siyasi təfəkkürü bu ruhda idi. Belə nəticələr çıxarmağın yanlışlığı göz qabağındadır".

Bu gün ulu öndərin siyasi kursunu davam etdirən ölkə başçısı hər addımında milli maraq və mənafeləri uca tutur, ölkə vətəndaşlarının arzu və istəklərini reallaşdırmaq üçün böyük əzmkarlıqla çalışır. "Müstəqillik o deməkdir ki, ölkə tam şəkildə müstəqil siyasət apara bilsin. Ölkələr var ki, müəyyən səbəblərə görə müstəqil siyasət aparmaq iqtidarında deyillər, haradasa imkanları yoxdur, haradasa tədbirlər görülməyibdir. Azərbaycan bu baxımdan ayaqüstə çox möhkəm dayanan ölkədir" - deyən Prezident İlham Əliyev bəyan edir ki, hər hansı bir ölkənin inkişafı demokratikləşmə proseslərindən, qanunun aliliyinin qorunmasından, vətəndaş cəmiyyəti təsisatlarının inkişafından, ən əsası isə vahid milli ideya ətrafında birləşməkdən ibarətdir. Bu gün milli ideyanın uğurla həyata keçirilməsi, onun identikliyinin qorunub saxlanılması, milli mənəvi dəyərlərin müdafiəsi, eyni zamanda onların ümumbəşəri dəyərlərlə inteqrasiyasından bəhrələnmək tarixi nailiyyətdir.

 

 

Habil QURBANOV,

AMEA-nın Fəlsəfə, Sosiologiya

və Hüquq İnstitutunun

"Dövlət və hüquq nəzəriyyəsi,

mülki hüquq və mülki proses"

şöbəsinin müdiri, hüquq elmləri

doktoru, professor

 

Azərbaycan.- 2011.- 19 iyun.- S. 2.