Çox çətindir
qaçqın ömrü yaşamaq
"Bu il məcburi köçkünlərin vəziyyətinin yaxşılaşdırılması üçün səylərimiz davam etməlidir. Yeni qəsəbələr salınmalıdır və eyni zamanda, yataqxanalarda yaşayan köçkünləri biz oradan köçürməliyik. Bakıda artıq belə gözəl təcrübə vardır. Keçən il bir neçə evin açılışını qeyd etdik. Bakıda soydaşlarımız üçün hündürmərtəbəli evlər tikilir və bu proses davam etməlidir. Yataqxanaların siyahısı çıxarılıbdır. Düzdür, orada məskunlaşan köçkünlərin sayı çoxdur. Bu, çox böyük maliyyə vəsaiti tələb edəcəkdir. Ancaq biz bunu etməliyik. Elə etməliyik ki, bu il ərzində artıq yataqxanaların bir neçəsi köçürülsün. Bunu etmək üçün, əlbəttə ki, Bakıda yeni evlər tikilməlidir. Torpaq sahələrinin ayrılması üçün mən artıq müvafiq göstərişlər verdim. Həm şəhər icra hakimiyyətinə, həm Dövlət Əmlak Məsələləri Komitəsinə. Qaşqınkomla bərabər siz bütün bu işləri müzakirə edib, tezliklə o yerləri müəyyən etməlisiniz. Yəqin ki, o yerlər artıq tikilmiş evlərin yanında olmalıdır ki, orada köçkünlər yığcam şəkildə yaşasınlar".
İlham Əliyev
İyunun 20-si dünyanın bir çox ölkəsində olduğu kimi, Azərbaycanda da Beynəlxalq Qaçqınlar günü kimi qeyd olunur. BMT-nin qaçqınlar üzrə Ali Komissarlığının məlumatına görə, hazırda dünyada 10 milyona yaxın qaçqın var. Bu rəqəmin artmasına səbəb son illər dünyada baş verən hadisələr, insanların müxtəlif toqquşmalar üzündən yaşadıqları problemlər və çətinliklərdir. Rəsmi məlumata əsasən, ölkəmizdə qaçqın və məcburi köçkünlərin sayı 1 milyondan çoxdur. Azərbaycandakı qaçqınların 250 mini Ermənistandan gələnlər, 50 mini Fərqanə hadisələri vaxtı Orta Asiyadan gələn ahıska türkləri, 11 minə yaxını isə sığınacaq axtaranlardır. Bu kateqoriyaya aid insanların əksəriyyəti - 686 min 586 nəfəri isə Dağlıq Qarabağ və ətraf rayonlardan olan məcburi köçkünlərdir.
Ermənistanın iki əsr ərzində dəfələrlə türklərə, o cümlədən azərbaycanlılara qarşı yürütdüyü soyqırımı siyasəti nəticəsində Azərbaycan xalqı da qaçqınçılıq və məcburi köçkünçülük problemlərini yaşamış və bu gün də həmin ağrı-acılarla üz-üzə qalmaqdadır. Son 200 il ərzində regionda gedən mürəkkəb siyasi proseslər nəticəsində azərbaycanlıların ata-baba yurdlarından zorla köçürülməyə, etnik təmizləmə və deportasiya siyasətinə məruz qalması barədə dəfələrlə söz açılsa da, beynəlxalq birliyin bu faktlara laqeyd münasibəti, yaxud göz yumması sonrakı dövrlərdə daha dəhşətli işgəncə və qətliamlara rəvac verib. Ermənilərin türklərə qarşı belə qeyri-insani münasibətlərinin kökündə, təbii ki, işğalçılıq siyasəti, "böyük Ermənistan" dövlətinin yaradılması ideyası dayanır. Etnik təmizləmə siyasətində, eyni zamanda Qafqazı daim qaynar qazan həddində saxlayan imperiyaların da barmağı olması bir həqiqətdir. 1988-1992-ci illərdə Ermənistan ərazisindəki azərbaycanlılara qarşı son etnik təmizləmə siyasəti qəddarlıq və vəhşiliklə həyata keçirildi. Nəticədə 500 mindən artıq soydaşımız yenidən öz ata-baba torpaqlarından qovularaq qaçqına çevrildi. Hələ 1828-30-cu illərdə çar Rusiyasının köməyi ilə Azərbaycanın mərkəzi hissəsində məskunlaşdırılan ermənilər dəfələrlə Dağlıq Qarabağı qoparmağa çalışmış, bu tarixi torpaqlarımızı da Ermənistan ərazilərinə qatmağa cəhd göstərmişlər. 1988-ci ildə öz havadarlarına - erməni millətçilərinə, daşnaklara, xarici ölkələrdə terrorçuluqla məşğul olan lobbilərinə, nəhayət, vassallıq etdiyi sovet Rusiyasına arxalanan Ermənistan silahlı qüvvələri Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağa genişmiqyaslı hücumlara başladı. 1988-1992-ci illər ərzində Ermənistan silahlı qüvvələrinin ölkəmizə hərbi təcavüzü nəticəsində Azərbaycan torpaqlarının daha 20 faizi - Dağlıq Qarabağ və eləcə də ona bitişik və sərhədlərindən xeyli kənarda olan 7 rayonun (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan) əraziləri işğal edildi. Bu işğallar nəticəsində, Ermənistandan qovulan soydaşlarımızla birlikdə bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünə çevrildi.
Bütün münaqişə və müharibələr təkcə məhvedici dağıntılar, ərazi ilhaqları demək deyildir. Burada söhbət bəşəriyyətin ən ülvi varlığı olan insanın düçar olduğu qəddarlıq və dəhşətlərdən gedir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin elan olunmamış müharibəyə çevrilməsi nəticəsində 20 mindən artıq azərbaycanlı həlak olmuş, 4866 nəfər itkin düşmüş, 100 min nəfər yaralanmış, 50 min nəfər müxtəlif dərəcəli xəsarət alaraq əlil və şikəst olmuşdur. Bu təcavüz, eyni zamanda Azərbaycan üçün 17 min kv.km. ərazinin - əsasən məhsuldar və təbii sərvətlərlə zəngin torpaqların işğalı, 900-dən artıq yaşayış məntəqəsinin, 130939 evin, 2389 sənaye və kənd təsərrüfatı obyektinin, 1025 təhsil, 798 səhiyyə ocağının, 1510 mədəniyyət müəssisəsinin, 5198 km avtomobil yollarının, 348 körpünün, 7568 km su və 76940 km elektrik xətlərinin dağılması, bütünlüklə məhv edilməsi deməkdir. Respublikamızın ərazilərinin işğalı zamanı və ümumiyyətlə, ermənilərin azərbaycanlılara qarşı apardığı soyqırımı siyasəti əvvəllər gizli şəkildə həyata keçirilmişdirsə, ötən əsrin 1990-cı illərindən bu, özünü açıq-aşkar göstərmişdir. Ermənilər bir əsr ərzində milyon yarımdan artıq azərbaycanlını qətlə yetirmişlər. Bu gün erməni təbliğat maşını bütün dünyada qondarma erməni soyqırımı adı altında yalan-iftira yaymaqla məşğuldur. Tarixçilərimiz isə bildirirlər ki, artıq əlimizdə bu böhtan və yalanları ifşa etmək üçün konkret faktlar vardır. Ermənilərin istifadə etdikləri bütün tarixi dəlillər sübüt edir ki, bu torpaqlar Azərbaycan türklərinə məxsusdur. Tarixçilərin araşdırmalarına görə, bu hadisələrdə milyon yarımdan artıq azərbaycanlının qətlə yetirildiyi üzə çıxmışdır. Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında olan materiallar da sübut edir ki, Ermənistan tərəfi əsir və girov götürülmüş Azərbaycan vətəndaşlarına qarşı məqsədli soyqırımı siyasəti yeridir. Yüzlərlə Azərbaycan vətəndaşı, o cümlədən uşaq, qadın və qocalar erməni əsir və girovluğunda dözülməz işgəncələrin qurbanı olmuşdur.
Qəbul olunmuş dövlət proqramına uyğun olaraq hökumət bu təbəqəyə aid şəxslərin - qaçqın və məcburi köçkünün sosial qayğılarını həll etməyə çalışır və bu istiqamətdə artıq xeyli iş görülüb. Onları ərzaqla təmin etmək üçün ailə üzvlərinin hamısına hər ay çörəkpulu verilir, imkansızlara sosial yardım kəsilib, mütəmadi olaraq digər yardımlar da göstərilir. Son illər bu təbəqədən olanların yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində də bir sıra işlər görülüb.
Ermənistanın təcavüzkarlıq siyasəti üzündən tarixi torpaqlarından didərgin düşmüş qaçqın və məcburi köçkünlərin məskunlaşdırılması, həyat səviyyəsinin yüksəldilməsi, habelə faydalı məşğulluğunun təmini Azərbaycan iqtidarının ötən illərdə xüsusi diqqət yetirdiyi məsələlər sırasında əsas yerlərdən birini tutur. Ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra bu sahədə mövcud problemlərin ardıcıl və sistemli surətdə həlli üçün kompleks tədbirlər həyata keçirilmiş, neft gəlirlərinin müəyyən qismi bu nəcib məqsədin reallaşdırılmasına sərf olunmuşdur.
Azərbaycan Prezidenti İlham Əliyev yüksək insanpərvərlik və humanizm prinsiplərinə əsaslanan bu siyasəti ötən illərdə inamla davam etdirərək məcburi köçkünlərə qayğını hökumət qarşısında mühüm vəzifələrdən biri kimi müəyyənləşdirmişdir. 2003-cü ildə "Azərbaycanda bir dənə də olsun, çadır şəhərciyi qalmayacaq" - deyən dövlət başçısı bu vədini əməli şəkildə gerçəkləşdirmişdir. Ötən dövrdə qaçqın və məcburi köçkünlərlə aparılan işi təkmilləşdirmək, bu sahə üzrə beynəlxalq standartlara cavab verən qanunvericilik bazası formalaşdırmaq məqsədilə xüsusi Dövlət Proqramı təsdiqlənərək icra edilmişdir. Prezident İlham Əliyevin 2004-cü il 4 fevral tarixli "Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğalı nəticəsində didərgin düşmüş, Bərdə və Ağcabədi rayonları ərazisində çadır düşərgələrində, eləçə də Bərdə rayonu ərazisində dəmir yolu üzərindəki yük vaqonlarında müvəqqəti yerləşdirilmiş Ağdam və digər rayonlardan olan məcburi köçkünlərin sosial, mənzil-məişət vəziyyətinin yaxşılaşdırılması və məşğulluğunun təmin edilməsi tədbirləri haqqında" və 2004-cü il 1 iyul tarixli "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında" sərəncamları bu baxımdan xüsusi vurğulanmalıdır.
Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2009-cu ilin yekunlarına həsr olunmuş iclasındakı çıxışında məcburi köçkünlərə qayğı siyasətinin davamlı xarakter daşıdığını bir daha diqqətə çatdırmışdır: "Bu il məcburi köçkünlərin vəziyyətinin yaxşılaşdırılması üçün səylərimiz davam etməlidir. Yeni qəsəbələr salınmalıdır və eyni zamanda, yataqxanalarda yaşayan köçkünləri biz oradan köçürməliyik. Bakıda artıq belə gözəl təcrübə vardır. Keçən il bir neçə evin açılışını qeyd etdik. Bakıda soydaşlarımız üçün hündürmərtəbəli evlər tikilir və bu proses davam etməlidir".
Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli sərəncamı ilə təsdiq edilmiş "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"nın və sonradan həmin Dövlət Proqramına 31 oktyabr 2007-ci il, 21 fevral 2011-ci il tarixli sərəncamlarla təsdiq olunmuş əlavələrin icrası ötən dövr ərzində uğurla davam etdirilmişdir.
Ötən il ərzində məcburi köçkün həyatı yaşamağa vadar edilmiş soydaşlarımızın məşğulluq və digər sosial problemlərinin həllində, yaşayış səviyyəsinin yüksəldilməsində, mənzil-məişət şəraitlərinin yaxşılaşdırılmasında genişmiqyaslı tədbirlərin icrası uğurla davam etdirilmişdir. Müxtəlif ərazilərdə yeni-yeni qəsəbələr salınmış, gözəl evlər, hündürmərtəbəli yaşayış binaları tikilib istifadəyə verilmişdir. Həmişəki kimi, qaçqın və məcburi köçkünlərin problemlərinin həlli ölkə Prezidenti İlham Əliyevin ən çox diqqət yetirdiyi və qayğı göstərdiyi sahə olmuşdur.
Bəxtiyar QARACA
Azərbaycan.- 2011.-19 iyun.- S. 3.