Şamaxı astrofizika rəsədxanası yenidən qurulur

 

AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası dəniz səviyyəsindən 1500 metr hündürlükdə yerləşir. Bu rəsədxana çətin müşahidə edilən cənub göyünün öyrənilməsində dünyanın bir çox rəsədxanası ilə müqayisədə müəyyən üstünlüklərə malikdir. Burada aydın gecələrin sayı 190-200-ə çatır.

Başqa sözlə desək, mindən artıq dünya rəsədxanası arasında Şamaxı rəsədxanası öz teleskoplarının sayına, çeşidinə, gücünə və bir sıra parametrlərə görə ən önəmli yerlərdən birini tutur.

Bu möhtəşəm elm ocağında indiyədək minlərlə səma cisimlərinin xassələri öyrənilmiş, rəsədxana bir sıra kosmik proqramlarda bilavasitə iştirak etmişdir. Rəsədxana əməkdaşlarının aldıqları elmi nəticələr dünya alimləri tərəfindən layiqincə qiymətləndirilmiş, 20-dək əməkdaş bir sıra beynəlxalq elmi təşkilatlara üzv seçilmişdir. Marsda və Ayda bir neçə krater Şamaxı Astrofizika Rəsədxanası əməkdaşlarının adı ilə adlandırılmışdır. Azərbaycan astronomlarının qazandıqları nüfuz sayəsində Beynəlxalq Astronomiya İttifaqı tərəfindən bir sıra kiçik planetlərə Azərbaycan adı verilmişdir. 2007-ci ilin sentyabrında ABŞ rəsədxanasında kəşf olunmuş daha bir kiçik planetə AMEA-nın müxbir üzvü Əyyub Quliyevin adı verilmişdir.

Rəsədxana AMEA tərəfindən təsdiq olunmuş elmi proqram əsasında fəaliyyət göstərir. Proqram dünya elminin ən qabaqcıl və prioritet problemləri ilə uzlaşdırılmışdır. Rəsədxananın fəaliyyəti çərçivəsində qalaktikaların, ulduzların, planetar dumanlıqların, günəşin, planetlərin və kometaların müşahidəsi aparılır. Günəş-Yer əlaqələri çərçivəsində respublikanın səhiyyə, energetika strukturları ilə birgə işlər görülür, rəsədxananın bu sahə ilə bağlı gündəlik məlumatları respublika KİV-ində çap olunur və praktiki məsələlərdə istifadə edilir. Rəsədxana Azərbaycan elminin təbliği üçün də önəmli fəaliyyət göstərir. Buraya hər il minlərlə turist, məktəbli, xarici qonaqlar gəlir. Onların hamısına burada görülən işlər barədə ətraflı məlumat verilir.

Ölkə Prezidenti İlham Əliyev Şamaxı Astrofizika Rəsədxanasının fəaliyyətinə böyük diqqət və qayğı göstərir. Dövlət başçısının imzaladığı iki sərəncama əsasən, Prezidentin Ehtiyat Fondundan rəsədxanaya birinci dəfə 5 milyon, ikinci dəfə isə 3 milyon manat vəsait ayrılmışdır.

Rəsədxananın yenidən qurulması, maddi-texniki bazasının möhkəmləndirilməsi və ətraf mühitinin sağlamlaşdırılması işlərinin gedişi ilə bağlı AMEA Şamaxı Astrofizika Rəsədxanasının direktoru, AMEA-nın müxbir üzvü Əyyub Quliyev söhbət əsnasında bildirdi ki, dövlət başçısının sərəncamlarından sonra xeyli iş görülüb. Rəsədxananın baş korpusu əsaslı təmir edilib. Binanın dam örtüyü yeniləşdirilib, su, elektrik, siqnalizasiya, telefon və internet xətləri çəkilişi, daxili divarlara alçipan, xarici divarlara alkapon örtüklərin çəkilişi başa çatdırılıb. Baş korpusun istiliklə təmin edilməsi məqsədilə qazanxana və rəsədxananın girişində keçid məntəqəsi tikilib, rəsədxananın ətrafına hasar çəkilib.

Ötən ildən etibarən rəsədxana ərazisində layihə-smeta sənədləri əsasında nəzərdə tutulmuş iki beşmərtəbəli binanın, kottec tipli on binanın və yeməkxananın tikintisi aparılır. Binaların daxilində kommunikasiya xətlərinin çəkilişi, hörgü və suvaq işləri davam etdirilir. Bunlardan əlavə, yaşayış bölməsini istiliklə təmin edən qazanxananın, iki yeni yarımstansiyanın tikintisinə başlanılıb. Rəsədxananın su ilə təminatı həll olunub, Çuxuryurd-Rəsədxana əsas qaz kəməri çəkilib.

Direktor axırda onu da əlavə etdi ki, 2010-cu ildə rəsədxana üçün 125 min manatlıq yeni avadanlıq və texnika, o cümlədən maqnitometr, rəqəmli rezoqraf, maye azot əldə edilməsi üçün mini kriogen qurğu və şair alınıb.

 

 

Telman NƏZƏRLİ

                      

Azərbaycan.- 2011.-19 iyun.- S. 3.