Əbədiyaşar mahnılar
Azərbaycan musiqi mədəniyyətinin inkişafında xüsusi xidmətləri olan bəstəkar Cahangir Cahangirovun yaradıcılığında əsas yeri mahnılar təşkil edir. Vətənə, xalqa, millətə, anaya olan məhəbbəti onun bəstələrində çox munis və ifadəli şəkildə əks-səda tapdığından musiqi libası biçdiyi misralar daha təsirli səslənir. Üzeyir Hacıbəylidən dərs almış və dahi bəstəkarın yaratdığı məktəbin ən istedadlı tələbəsi olmuş Cahangir Cahangirov çox maraqlı və müxtəlif janrlı musiqi əsərlərinin müəllifidir. Bununla bərabər, Cahangir Cahangirov iki əsəri ilə Azərbaycan musiqi mədəniyyətində əbədi qalmağa layiq bir sənətkar olub. Bunlardan biri böyük Füzuliyə həsr etdiyi "Füzuli kantatası", ikincisi isə İslam Səfərlinin sözlərinə yazdığı "Ana" mahnısıdır.
Həmkarlarından fərqli olaraq, Cahangir Cahangirovun musiqisində çox incə, həssas bir ürək döyünür. Ciddi və məsuliyyətli sənətkar olduğundan hər sözə musiqi bəstələməzdi. Bəlkə də buna görədir ki, yazdığı bütün mahnılar şövqlə oxunub və əbədiyaşarlıq tapıb.
Hələ sovetlər dönəmində Cahangir Cahangirov keçmiş ittifaqın hər yerində məşhur idi. Onun yaradıcılığına rəğbət gətirən xüsusiyyətlər çoxdur. Birinci mühüm cəhət bəstəkarın folklordan bacarıqla istifadə etmək qabiliyyəti və onu çox təbii surətdə müasir həyatın tələblərinə uyğunlaşdırmaq istedadı idi. Bir sıra instrumental havaların, operaların, operettaların, dramatik pyeslərə yazılmış musiqilərin, vokal simfonik əsərlərin, eləcə də kütləvi mahnıların müəllifi olan Cahangir Cahangirov son dərəcə istedadlı və zəhmətkeş bir bəstəkar olub.
O, 20 iyun 1921-ci ildə Bakının Balaxanı kəndində neftçi ailəsində anadan olmuşdur. Hələ orta məktəbdə oxuduğu illərdə özfəaliyyət dərnəyinə yazılmış, xorda oxumuş, tarda çalmışdır. Musiqiyə göstərdiyi maraq onu Bakı Teatr Texnikumunda təhsil almağa gətirib. 1940-cı ildə Azərbaycan Dövlət Konservatoriyasına daxil olan Cahangir Cahangirov ifaçılığın sirlərini Üzeyir Hacıbəylidən öyrənib. O, özünü həmişə xoşbəxt sanırmış ki, müəllimi məhz dahi bəstəkarımız Üzeyir Hacıbəyli olub. Bu böyük şəxsiyyətin təşəbbüsü və bilavasitə rəhbərliyi altında yaradılmış bir çox musiqi kollektivlərində işləmək səadətini də yaşayan Cahangir Cahangirov çox sonralar Üzeyir bəylə keçirdiyi günləri ömrünün "ən qiymətli məqamları" adlandırıb.
Bəstəkarlığa gedən yolun ilk yaradıcılıq sınaqlarında bir sıra mahnı və xor musiqisi yazan Cahangir Cahangirovun Azərbaycan musiqi mədəniyyətinin görkəmli simaları Qara Qarayev, Cövdət Hacıyev, Soltan Hacıbəyov, Fikrət Əmirov kimi bəstəkarlarla daim təmasda olması, yaradıcılıq ünsiyyətinə qatılması həyatında dərin izlər salıb.
1947-ci ildə dahi Azərbaycan şairi Nizami Gəncəvinin 800 illik yubileyi ilə əlaqədar Cahangir Cahangirovun bəstələdiyi "Gül camalın" və xor üçün iki vokal əsəri o dövrün musiqisevərləri tərəfindən rəğbətlə qarşılanmışdır. O illərdə müxtəlif bəstəkarlar tərəfindən irihəcmli əsərlərin yaranması bir növ dəbə düşmüşdü. Cahangir Cahangirov da "Arazın o tayında" adlı vokal simfonik əsərini yazmaqla geniş şöhrət qazandı. O dövrün bütün mətbuatı çox aktual səslənən sərbəst qurulmuş, lakin milli kökə bağlı bu simfonik əsərin orijinal xüsusiyyətlərinə malik olmasından söz açardılar. Klassik şairlərin sözlərinə duyumlu musiqilər qoşan Cahangir Cahangirovun ötən əsrin ortalarında bəstələdiyi "Nazənin", "Xəzər", "Vətən qızları", "Bahar mahnısı", "Məhsul mahnısı", "Bahar olsun" və s. geniş şöhrət qazanmışdı. İnstrumental simfonik əsərlər üzərində müvəffəqiyyətlə işləyən bəstəkarın "Bayram süitası" da musiqisevərlərin diqqətini çəkmişdi.
Cahangir Cahangirovun ilk
operası "Azad" adlanır. Bu əsər 1957-ci ildə
Opera və Balet Teatrında səhnəyə qoyulmuş və
ictimaiyyət tərəfindən maraqla
qarşılanmışdır. Operanın librettosunu şair
Hüseyn Arif yazmışdır. Bu opera Mirzə İbrahimovun
"Gələcək gün" romanı və "Azad
qız" povesti əsasında bəstələnmişdir. Bəstəkarın
ikinci operası isə 1978-ci ildə tamaşaya qoyulmuş
"Xanəndənin taleyi" adlanır. "Təzə gəlin"
operettası da 1976-cı ildə bəstələnmişdir.
Azərbaycan bəstəkarının
əsərlərinin sorağı dünyanın bir çox
konsert salonlarından gəlirdi. Bəstəkarı tez-tez
xarici ölkələrə dəvət edir, ondan yerli
ansambllarda işləməsini xahiş edirdilər. Təbii
ki, olduğu ölkələrdə Azərbaycan mədəniyyəti,
musiqisi haqqında geniş məlumat verən Cahangir Cahangirov
son anda Vətənə qayıtmağı, burada çalışmağı
daha üstün tutardu.
Məlumdur ki, ötən əsrin
ortalarında satirik məzmunlu mətnlər əsasında
oratoriyaların yaradılması yeni hadisə
sayılırdı. Cahangir Cahangirov da Azərbaycanın
böyük satirik şairi Mirzə Ələkbər Sabirlə
bağlı oratoriya yazmışdır. Musiqi tədqiqatçıları
yazırdılar ki, Cahangir Cahangirovun bu oratoriyası parlaq ifadəli
melodiyaya, sədalı xor fakturasına malikdir və cəlbedicidir.
Oratoriyada müğamdan improvizasiyalı xalq mahnısı rənglərindən
geniş istifadə edilmişdir.
Cahangir Cahangirovun
yaradıcılığında satirik və uşaq mahnı
nümunələrinə də rast gəlmək olur. Həmkarları
ən çox diqqəti ona yönəldirdilər ki, bu bəstəkarın
mahnılarında rəqs təranələri daha
güclüdür. Bir çox mahnılarının ahəngində
böyük plastiklik, ehtiraslı çırpıntı və
incə bir oynaqlıq duyulmaqdadır. Vals janrına da
müraciət edən Cahangir Cahangirov yalnız lirik təranələrdə
deyil, hətta "Azərbaycan" adlı mahnıda da Vətənin,
əməyin, həyatın məzmununu vals sədalarının
ritmində tərənnüm edə bilmişdir. Müraciət
etdiyi müxtəlif musiqi janrlarında Cahangir Cahangirovun
uğur qazanmasının əsas səbəbi onun xalq musiqisinə,
eləcə də muğamlara bağlı olması ilə əlaqədardır.
Məsələn, müəllifin "Mərdlik nəğməsi"
adlı bir mahnısında aşıq havalarının bulaq
kimi çağlayan ruhu duyulur. Milli musiqimizin zənginliklərindən
bacarıqla istifadə edən bəstəkar öz duyğu və
düşüncələrinin ifadəsini orijinal surətdə
əks etdirməyə qadir olub.
Cahangir Cahangirovun
"Füzuli kantatası" ona çox böyük
şöhrət gətirdi. Bəllidir ki, Azərbaycanda ilk
kantata 1934-cü ildə Üzeyir Hacıbəyli tərəfindən
yaradılmışdır. Bu kantata qədim Şərqin
filosof-şairi Firdovsinin 1000 illiyinə həsr olunmuşdur. Sonralar
isə - 1938-ci ildə Qara Qarayev Azərbaycanın ikinci
kantatasını - "Ürək mahnısı"nı
yazır. Üçüncü kantata Cövdət Hacıyev
tərəfindən yaradılmışdır. Bu ənənəni
Rauf Hacıyev, Niyazi davam etdirmişlər. Bu sırada Cahangir
Cahangirovun da töhfəsi məzmununa, səslənmə
tonuna, emosionallığına, muğamın improvizasiyalı
motivlərinə görə fərqləndi. Xüsusilə də
Şövkət Ələkbərovanın həzin, məlahətli
səsi, xoş avazlı nəfəsi kantatanın dərin
hisslər, sevinc və kədər ifadə etmək
imkanlarını daha da artırdı. 50 il keçir ki,
"Füzuli kantatası" dinləyici ürəyini fəth
etməkdə, onun hisslərini təlatümə gətirməkdədir.
Mahnıları ilə qəlblərdə
özünə əbədi abidə qurmuş Cahangir Cahangirov
həmişə yaşamaqdadır. Vaxtilə unudulmaz
müğənnimiz Rəşid Behbudovun ifasında
eşitdiyimiz "Ana" mahnısı ananın qüdrətinə
layiq bir şah abidədir.
Uzun müddət Azərbaycan
Dövlət Konservatoriyasında dərs demiş Cahangir
Cahangirovun musiqi mədəniyyətimizin inkişafında
göstərdiyi xidmətlər sağlığında
layiqincə qiymətləndirilmişdir. Müxtəlif orden və
medallarla təltif edilən bəstəkar xalq artisti fəxri
adına layiq görülmüşdür. Hələ tələbə
ikən dövlət mükafatları laureatı idi.
1990-cı ildə dünyasını dəyişmiş
görkəmli bəstəkarımızın indi 90 ili tamam
olur. Özü bizimlə olmasa da, mahnıları yurdumuz
boyunca yayılmaqdadır.
Flora XƏLİLZADƏ
Azərbaycan.- 2011.-19 iyun.- S. 4.