Elektron kitabxanalar: mahiyyəti və əhəmiyyəti

 

Kitabın bilik mənbəyi olması barədə mübahisə aparmağa ehtiyac yoxdur. İlk yazılı ədəbi nümunələrin toplusu kimi kitab əvəzsiz sərvətlərimizdən biridir. "Avesta"dan yol başlayan kitab müxtəlif ictimai-iqtisadi formasiyalarda insanların yaxın dostuna çevrilibsə, demək, onun bundan sonra da qəlblərə yol tapacağına şübhə yoxdur. Zaman keçdikcə, digər sahələrdə elmi-texniki tərəqqi özünü göstərdiyi kimi, burada da dəyişikliklər, yeniləşmələr qaçılmaz olub. Elektron KİV-in bu istiqamətdə oynadığı rol danılmazdır.

Odur ki, tarixi-mədəni, ədəbi-bədii, eləcə də elmi-fəlsəfi irsin qorunub saxlanması kimi ümummilli və ümumxalq xidməti yerinə yetirən kitabxanaların da son illər elektron vasitələrdən yararlanması təbiidir. 12 mindən artıq müxtəlif tipli kitabxananın mövcudluğu bir daha göstərir ki, bu sahəyə də dövlətin qayğısı böyükdür. Bu, eyni zamanda, özünü onda göstərir ki, ölkədə kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması, maddi-texniki bazasının möhkəmləndirilməsi, xidmət mədəniyyətinin günün tələbləri səviyyəsində qurulması, müasir tələblərə cavab verən texnologiya və proqram təminatları ilə təmin edilməsində kompleks tədbirlər görülür.

Keçmiş sovetlər birliyi dövründə əsası qiraətxanalardan qoyulan kitabxanalar mərkəzləşdirilmiş sistemə qədər inkişaf yolu keçmişdir. Mədəni-kütləvi tədbirləri adətən klublarla birgə keçirən kitabxanaların funksiyaları və şəbəkələri çox da geniş olmayıb. Lakin istər savadsızlığın azaldılmasında, istərsə də yeni nəslin formalaşdırılmasında kitabxanaların oynadığı rol klublardan heç də kəskin fərqlənmirdi.

Müstəqilliyimizin ötən 20 ili ərzində digər sahələrdə olduğu kimi, bu sahədə də inkişaf özünü müəyyən formada göstərir. Kitabxanaların elektron formasına keçməsi də məhz inkişaf göstəricilərindən biridir. Bu gün internetin xidmət şəbəkələrinin genişliyi təkcə iqtisadi deyil, mədəni sahənin də elektronlaşdırılmasını zəruri edib. Kitabxanaların elektron sistemə keçməsinin isə mahiyyəti tamamilə fərqlidir. Deməliyik ki, milli-mənəvi dəyərlərimizin təkcə qorunub gələcək nəsillərə çatdırılmasında deyil, eyni zamanda, onların beynəlxalq aləmə qısa vaxt ərzində təqdim edilməsində də elektron kitabxanaların böyük rolu vardır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 20 aprel 2007-ci il tarixli sərəncamı ilə təsdiq olunan "Azərbaycanda kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması haqqında" və "Azərbaycanda kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı", yuxarıda qeyd etdiyimiz kimi, mühüm tədbirlərin həyata keçirilməsi məqsədilə atılmış addımlardan biridir.

Bu gün ən mühüm vəzifələrdən biri də ölkənin böyük kitabxanalarının elektron kataloqunun müasir standartlar səviyyəsində qurulmasıdır. Çünki bu onların dünya informasiya məkanına daxil olmasında mühüm vasitədir. Məhz elektron kataloq kitabxananın informasiya resurslarının sürətli və keyfiyyətli fəaliyyətini təmin edir. Ona görə də kitabxanaların avtomatlaşdırılmasında elektron kataloq böyük əhəmiyyət daşıyır.

Kitabxanalarda elektron kataloqların yaradılması bibliometriya, bibliomininq və s. kimi elmi problemlərin həlli, elektron kitabxana resurslarının menecmentinin təşkili, xidmətlərdən istifadə üçün elektron kreditlərin (tələbə və aspirantlara) verilməsi, qarşılıqlı elektron kitab mübadiləsi kimi mühüm məsələlərin həllində təkcə vasitəçi deyil, əslində, əsas amillərdəndir.

Mütəxəssislərin fikrincə, informasiya quruculuğu proseslərinin sürətlə inkişaf etdiyi dövrdə elektron kitabxanaların xidməti daha önəmli xarakter daşıyır. Vətəndaşların informasiya tələbatının ödənilməsində elektron kitabxanaların imkanlarından yararlanan abunəçilərin sayı getdikcə artmaqdadır.

Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Prezident Kitabxanası və M.F.Axundov adına Milli Kitabxananın bu istiqamətdə fəaliyyəti nümunəvi sayılır. Oxucular hər iki kitabxananın elektron kataloqu vasitəsilə onlara lazım olan ədəbiyyat barədə məlumat almaqla yanaşı, mətnləri birbaşa oxumaq imkanı da əldə edə bilirlər. Bir sözlə, kitabxanaların oxucularla daha operativ əlaqə qurulmasında da bu xidmətin əvəzi yoxdur.

 

 

Məhəmməd NƏRİMANOĞLU

 

Azərbaycan.- 2011.-19 iyun.- S. 4.