İzimizi itirməyək

 

 Hər bir milləti millət edən, yaşadan, dünyaya tanıdan onun ana dili və əsrlərlə yaratdığı maddi mədəniyyət nümunələridir. Azərbaycan xalqı qədim tarixə, zəngin mədəniyyətə malikdir. Bunun bir qismini memarlıq abidələri təşkil edir. Onların üzərindəki kitabələr Azərbaycanda yaşayıb yaratmış hökmdarlardan, memarlardan, nəqqaşlardan, din xadimlərindən, sufi şeyxlərindən, bir sözlə, seçilmiş şəxsiyyətlərdən bəzən yeganə məlumat verən dəyərli mənbədir. Kitabələrə əsasən, bir çox abidənin tarixi, təyinatı, memarlıq mərkəzləri dəqiqləşdirilmiş, Azərbaycanda orta əsrlərdə mövcud olmuş sufi cəmiyyətlərinin mərkəzləri, onların fəaliyyətlərinin xronoloji çərçivəsi və fəaliyyət dairəsi müəyyənləşdirilmiş, tarixi ərazilərə, yer adları və s. məsələlərə aydınlıq gətirilmişdir. Kitabələr ölkədə aparılmış abadlıq işlərini, iqtisadi yüksəliş illərini, feodal dövlətlərinin istiqlaliyyətini, siyasi nüfuzunu, dövlət quruluşunu, sərhədlərini və s. dəqiqləşdirməyə kömək edir. Bir sözlə, yazılı daş abidənin simasıdır.

Filarmoniya bağı adlanan ərazidə XIV əsrin abidəsi olan sufi Şeyxi Seyyid Cəmaləddinin oğlu Seyyid Səədullanın tikdirdiyi və o dövrdə xeyriyyə cəmiyyəti kimi fəaliyyət göstərmiş binanın qorunub saxlanılmış portalında bu abidənin tarixi və fəaliyyəti haqqında bir neçə yazılı daşlar var idi.

Yazılarda Seyyid Cəmaləddinin və Seyyid Səədullanın adları çəkilir. Bunlar tarixi şəxsiyyətlərdir. Seyyid Cəmaləddin tarixi sənədlərdən məlum olduğuna görə, Eynəzzaman Cəmaləddin Gilidir (yəni, Gilanlıdır). O, Şeyx Səfi Ərdəbilinin Şeyx Zahid adıyla tanınmış ustadı Tacəddin İbrahimin mürşüdü (müəllimi) olmuşdur. Ömrünün çox hissəsini Astarada yaşayıb sufizmi təbliğ etmiş və öz nəzəriyyəsini Şirvanda yaymaq üçün oğlu və müridi (tələbəsi, davamçısı) Seyyid Səədullanı Bakıya göndərmişdir. Hazırda Lənkəran-Astara yolunun üstündə Pensar (Butasar) kəndi qəbiristanlığında yerli camaat tərəfindən "Seyyid Cəmaləddin piri" adlanan abidə var. İnsanlar indi də oranı ziyarət edirlər.

Filarmoniya bağındakı abidənin üzərində bir neçə yazılı daş yerləşirdi. Portalın sol tərəfində iki yazılı daş var idi. Birinin tərcüməsi belədir: "Bu binanı tikdi Ramazan əş-Şirvaninin oğlu Əxi, müqəddəs rəcəb ayında h.786=19.VIII -18.IX.1384 il".

Orada yerləşən ikinci yazının tərcüməsi belədir: "Peyğəmbər - ona salam olsun dedi: - Allaha inananlar ziyarət edilir və Allah onları pis işdən uzaqlaşdırır".

Qapının üzərində yerləşən yazıda deyilir: "Bu müqəddəs xeyriyyə idarəsinin bina olunmasına, peyğəmbərliyin məşəli, risalətin tacı Seyyid Cəmaləddinin oğlu, seyyidlərin görkəmlisi, xeyrat sahibi (Allahın mərhəmətinə çatmış) Seyyid Səədulla əmr etmişdir".

Abidənin sağ tərəfində Quran XXXIII - 33 ayəsi və 6-cı surənin 90-cı ayəsi yazılmışdır: "Allah istəyir Sizdən və peyğəmbərlər əhlindən çirkinliyi uzaq eyləyə, Sizi hər cür eyiblərdən tər-təmiz təmizləyə. Doğru yola yönəldib belə qovmün əhlini Allah, onların yolu ilə get. De ki, sizdən əcir ummaram mən bunun əvəzində".

Yazıda sadalanan epitetlərdən məlum olur ki, Seyyid Səədulla zəmanəsinin görkəmli din xadimi, sufi şeyxi, xeyriyyəçi olmuşdur (xeyrat sahibi) və bir çox insanlara əl tutmuş, dadına çatmışdır. Orta əsrlərdə abidə mühüm sosial-siyasi və iqtisadi mərkəzlərdən biri kimi fəaliyyət göstərmişdir.

Ümumiyyətlə, islamdakı təriqət və cərəyanlar, cəmiyyətlər, görkəmli siyasi və din xadimləri, cəmiyyətdə baş verən hadisələrdə islamın siyasi və sosial rolu, onun iqtisadi-siyasi konsepsiyası və s. məsələlər barəsində yığcam, lakin dəqiq və orijinal, bəzən də yeganə məlumatlar çox vaxt kitabələrdə öz əksini tapmışdır.

Sufizmi dərindən tədqiq etmiş ingilis alimi Dj.Triminhem sufizmin yaranma tarixini, sufi cərəyanları və təşkilatları, onların şeyxləri, baniləri, sufizmin yayılma arealını hərtərəfli zəngin mənbələr əsasında tədqiq etmişdir. Lakin onun coğrafi xəritəsində Azərbaycan yoxdur. Azərbaycanda sufi təriqətlərinin mövcudluğu, onların şeyxlərinin, təriqət başçılarının adları, cəmiyyətdə rolu və mövqeyi, islam dünyası ilə sosial-siyasi, mədəni birliyi kitabələr əsasında müəyyənləşdirilmişdir.

Bu cür müqəddəs tikili komplekslərdə alim, ruhani və yaxud təriqət başçısının öz zaviyəsi olurdu. Şeyx zaviyədə oturub müridlərinə təlim-tərbiyə verir, onların vasitəsilə öz nəzəriyyəsini yayır, müridlərinin feodalla münasibətində ortaya çıxan bir sıra sosial-iqtisadi məsələlərin həll edilməsində iştirak edirdi. Bununla yanaşı, o, əsasən, öz müridlərinin mənafeyini güdür, beləliklə, kütlə içərisində nüfuz qazanırdı. Seyyid Cəmaləddinin oğlu Seyyid Səədulla da belə nüfuz sahiblərindən olub.

Belə abidələrin karvan-ticarət yolları üzərində meydana gəlməsinin mühüm səbəbləri vardı. Bunlardan ən mühümü feodalizm dövrünün iqtisadi və siyasi problemlərinin həll olunmasında islam dinindən ideoloji silah kimi istifadə olunması idi. Kitabələrdən göründüyü kimi, belə mərkəzlərin əksəriyyəti müsəlman dünyasında geniş yayılmış çox mürəkkəb fəlsəfi cərəyan olan sufilik ilə əlaqədardır. Bütün bunlar abidənin nə qədər böyük tarixi əhəmiyyət kəsb etdiyindən xəbər verir.

2009-cu ildə Filarmoniya bağında aparılan abadlıq və yenidənqurma işlərindən sonra qeyd olunan tarixi abidədə pullu ictimai tualet açılmışdır.

Tarixi abidənin içərisində ictimai tualetin yerləşdirilməsi yolverilməz bir hal olduğundan, elmi ictimaiyyət bu fakta münasibət bildirmişdir. Bundan sonra ictimai tualetin qapıları üzərindən müvafiq tablolar götürülmüş və qapısı bağlanmışdır.

Lakin 7 iyun 2011-ci ildə abidənin üzərindəki yazılar çıxarılmış və yeri hörülmüşdür. Hazırda yazılı daşlar "İçərişəhər" tarixi muzeyinin həyətində yerləşdirilmişdir.

Abidə xeyriyyəçiliyin Azərbaycanda hələ orta əsrlərdən ənənəvi olaraq mövcud olduğu haqqında məlumat verən dəyərli bir mənbədir və təyinat baxımından memarlıq irsimizdə yeganədir. Bundan əlavə, Bakıda XIV əsrə aid olan bir neçə abidədən biridir, xalqın tarixi yaddaşıdır. Bu tarixi yaddaşı qoruyub yaşatmaq hər bir ölkə vətəndaşının borcudur. Babalarımız qoruyub bizə ötürüb, biz də gələcək nəsillərə ötürməliyik. Biz gəldi-gedərik. Əbədi qalan və dünya durduqca duran Azərbaycan və Azərbaycan xalqıdır, onun maddi-mədəniyyətidir.

Yazı isə, qeyd etdiyimiz kimi, abidənin pasportudur, onun simasıdır, yaşıdır. Yazıları abidənin üzərindən itirərkən biz bu torpaqda bir millət kimi öz izimizi itiririk.

Sonuncu Roma imperatoru Mayorian (457-461-ci illər) əsl şəhər hakimi olaraq qəbul etdiyi Qanunnaməyə özünə qədər tikilmiş memarlıq abidələrinin qorunması haqqında maddə əlavə etmişdir. Burada deyilirdi ki, qədim abidələrə ziyan yetirən hər bir şəhər sakini qanun qarşısında məsuliyyət daşıyacaqdır. Dünya fatehlərindən biri sayılan Teymurləng demişdir: "Əgər kimsə haçansa bizim qüdrətimizə şübhə ilə yanaşsa, yaratdığımız abidələrə baxsın".

Ermənilərin xalqımızın mədəni irsinə vurduğu zərbələrdən əsrlər boyu iztirab çəkdiyimiz bəs deyilmi? İtirilən abidələrimizi, tarixi yaddaşımızı, bizə torpağa vətəndaşlıq hüququ verən daş kitabələri beləmi qoruyuruq?! 600 il orta əsrlərin dəhşətli müharibələrinə, talanlarına sinə gərmiş, 200 il rus ekspansiyasından salamat çıxmış möhtəşəm tarixi abidə indi müstəqillik, əmin-amanlıq dövründə gözümüzün qabağında simasızlaşdırılır, cinayətkarcasına məhv olunur. Bu, yolverilməzdir! Görəsən bizim qüdrətimizə şübhə edənlərə bizim varislərimiz hansı abidələrimizi göstərib öyünəcək?

Abidənin tarixi əhəmiyyətini nəzərə alaraq orada ictimai tualetin bağlanması və yazılı daşların yenidən yerinə qaytarılması və bərpa olunmasını vacib hesab edirik. Xalqın nadir maddi-mədəniyyət nümunəsi sayılan bu möhtəşəm abidə şəhərimizin sakinləri və qonaqlarına təyinatına uyğun xidmət etməlidir.

Qeyd: Bir məqamı da xatırladaq ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli qərarı ilə təsdiqlənmiş "Azərbaycan Respublikası ərazisində Dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcəsinə görə bölgüsü" siyahısına abidə daxil edilməmişdir.

Nazirlər Kabineti yanında İDTMQ idarəsinin Nazirlər Kabinetinə 22.10.2009-cu il tarixli ¹ 021544 təqdim etdiyi yeni siyahısında "Ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələri" bölümündə bu abidə "Seyyid Cəmaləddinin oğlu Seyyid Səədullanın xeyriyyə idarəsinin portalı (h. 786 = 1384-cü il)" adı ilə sayca 39-cu salınmışdır.

 

 

Məşədixanım NEMƏT,

AMEA-nın müxbir üzvü,

 

Cəfər QİYASİ,

AMEA-nın müxbir üzvü,

 

Vəfa QULİYEVA,

AMEA-nın müxbir üzvü,

tarix elmləri doktoru

 

Azərbaycan.- 2011.-19 iyun.- S. 6.