Nazirlər Kabinetində
görüş
İyunun 20-də Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə ölkəmizdə səfərdə olan Gürcüstanın mədəniyyət və abidələrin mühafizəsi naziri Nikolas Rurua ilə görüşmüşdür.
Nazirlər Kabinetinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə Azərbaycan ilə Gürcüstan arasında tarixi dostluq münasibətlərindən irəli gələn yüksək səviyyəli iqtisadi-siyasi əlaqələrin mövcudluğu nəzərə çatdırılmışdır. Qeyd edilmişdir ki, müasir dövrdə bu əlaqələrin qorunub saxlanılması və daha da inkişaf etdirilməsi digər sahələrlə yanaşı, mədəni əməkdaşlığa da öz müsbət təsirini göstərir. Möhkəm özüllər üzərində davam edən mədəni ünsiyyət və qarşılıqlı faydalı əməkdaşlıq uzun illər boyu bir-biri ilə mehriban qonşuluq şəraitində yaşamış xalqlarımızın mənafeyinə tamamilə uyğundur.
Daha sonra vurğulanmışdır ki, məhz yüksək səviyyəli etimadın əldə olunması ümumən Qafqaz regionunda dinc həyatın, əmin-amanlığın bərqərar edilməsi baxımından birgəyaşayışın zəruri şərtlərindəndir.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və Gürcüstanın ölkəmizdəki səfiri Teymuraz Şaraşenidze görüşdə iştirak etmişlər.
Azərbaycan.- 2011.-21 iyun.- S.1.