Bakıda Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlığı Komitəsinin 11-ci iclası başlamışdır

 

İyunun 20-də Bakıda Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlığı Komitəsinin 11-ci iclası öz işinə başlamışdır.

Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlığı Komitəsinin həmsədri, Azərbaycan Respublikası Milli Məclisi Sədrinin müavini Valeh Ələsgərov iclası açaraq demişdir ki, ölkəmiz Avropa İttifaqı ilə əlaqələrin genişlənməsinə böyük önəm verir. Belə tədbirlərdə və keçirilən digər ikitərəfli görüşlərdə aparılan müzakirələr əməkdaşlıq sahələrini daha da genişləndirir, münasibətlərimizin daimiliyinə əminlik yaradır. Qarşıda duran vəzifələr də bu məqsədə xidmət edəcəkdir.

Komitənin Çexiyadan olan digər həmsədri Milan Kabrnox qurumun bu formatda sonuncu toplantısının 2009-cu ilin sonunda Brüsseldə keçirildiyini xatırlatmış, ötən müddətdə baş verən mühüm hadisələrdən danışmışdır. O demişdir ki, Azərbaycan tərəfi ötən müddətdə iqtisadiyyat, mədəniyyət, elm, təhsil, eləcə də demokratiya sahəsində bir sıra uğurlara imza atmışdır. Avropa İttifaqının Azərbaycan ilə əlaqələrin genişlənməsində maraqlı olduğunu vurğulayan çexiyalı həmsədr cari ilin 6 ayı ərzində Avropa İttifaqı prezidentinin, Avropa Parlamenti sədrinin Azərbaycana mühüm səfərlərinin bunun bariz nümunəsi olduğunu demişdir. O bildirmişdir ki, Avropa təsisatları Azərbaycan ilə əməkdaşlıqdan məmnundur və buna böyük önəm verirlər. Nümayəndə heyətləri tərkibində müxtəlif sahələri əhatə edən təmsilçilərin olmasını əməkdaşlığın yüksək səviyyəsinin əlamətlərindən biri olduğunu deyən qonaq Azərbaycanı bir daha son illər demokratiya, iqtisadiyyat, təhsil, mədəniyyət sahələrində əldə etdiyi nailiyyətlərə, xüsusilə də "Eurovision-2011" mahnı müsabiqəsindəki parlaq qələbəyə görə təbrik etmişdir. Bakıda aparılan müzakirələrin əməkdaşlığın daha da təkmilləşdirilməsinə və geniş vüsət almasına xidmət edəcəyinə inamını ifadə etmişdir.

Parlament Əməkdaşlığı Komitəsinin ikigünlük toplantısında əsasən iqtisadiyyat, təhsil, ətraf mühit sahələrində əməkdaşlıq, eləcə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə töhfə vermək kimi məsələlər müzakirə olunacaqdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.-21 iyun.- S.1.