Milli ideya: müstəqillik
simvolundan dövlətçiliyin gələcək inkişaf
modelinə doğru gerçəkləşən yolda
Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev "Azərbaycanın dövlət
müstəqilliyinin bərpasının 20-ci
ildönümü haqqında" imzaladığı sərəncamda
dünyəvi və demokratik dövlət quruculuğunu
müstəqilliyin 20 illiyində ən böyük tarixi
nailiyyət kimi dəyərləndirmişdir. Dövlət başçısı eyni zamanda
vurğulamışdır ki, bundan sonra da Azərbaycanın
ardıcıl yüksəlişi yalnız o halda uğurlu ola
biləcək ki, möhkəm milli-mənəvi təməl
və dəyərlər üzərində dayansın.
Doğrudan
da, müstəqilliyimizi gerçəkliyə çevirən,
onun dönməz olması üçün bizi sıx
birləşdirən amil nədir? - sualının cavabı
məhz milli ideya, mənəvi birlikdir. Bu
gün Azərbaycan xalqı dünyada özünütəsdiq
mərhələsini keçən, daha sabit və
sabahından əmin olan cəmiyyətdir və təbii ki,
daha çox mənəvi inkişaf və seçim
imkanlarına, həm də 20 illik əvəzsiz
təcrübəyə malikdir.
Azərbaycanın XXI əsrə qədər
gəldiyi və bundan sonra qət edəcəyi yol, qlobal
məkanın inkişaf meyilləri, milli prioritetlər, milli
dövlətçilik haqqında düşüncələri
dəyişən reallıq prizmasında milli ideyanın
statusunu yenidən dərk etməyi zəruri edir. İstənilən ölkənin milli
inkişafı ilk növbədə arzu edilən, nail
olunmasına səy göstərilən cəmiyyət
modelinin, konsepsiyasının ideoloji əsaslarının
müəyyənləşdirilməsindən, onun geniş
ictimaiyyətə çatdırılması
istiqamətində aparılan miqyaslı
vəzifələrdən başlayır. Bu həm də
milli ideyanın reallıqda görülən işlərin
təhlili, dərk edilməsi və dəyərləndirilməsi,
yeni mərhələdə seçilmiş yolun
doğruluğunun meyarı qismində nəzərdən
keçirilməsinə imkan verir.
Yaponiya
möcüzəsinin "atalarından" sayılan E.Deminqin
sözlərinə görə: "Dövlətdə
bütün sahələrin kökündən
yeniləşməsi, yalnız müvafiq məqsədlərin
milli ideyaya və ideologiyaya çevrilməsindən sonra
mümkündür".
Sirr deyil ki, müstəqil Azərbaycanın
inkişafından narahat olan, onu gözü
götürməyən müxtəlif qüvvələr
ölkəmizdə milli quruculuğa əngəl olmaq
üçün hər cür vasitələri, ilk
növbədə informasiya və intellekt resurslarını
səfərbər ediblər. Bununla
belə, son illərdə bu problemə münasibətdə
alim və ziyalıların milli ideyanın məzmun
baxımından dinamizminə və onun reallaşmasına
imkan verən vasitələrin çox
çalarlığına dair tədqiqatları
sahəsində bir durğunluq vəziyyətinin
müşahidə edildiyini demək olar. İnkişafın
yeni mərhələsində milli ideya,
onun tarixdə ilk dəfə milli gerçəkliyə
çevrildiyi son 20 ilin zirvəsindən baxdıqda
əvvəlki mərhələlərdən fərqli xüsusiyyətləri,
Prezident İlham Əliyevin bu sahədə fəaliyyətinin
strateji mahiyyətli müddəaları işığında
təhlilini verən əsərlər o qədər
çox deyil.
Azərbaycanda milli dövlət quruculuğunun,
demokratiya, modernləşmə və qloballaşma, milli ideya
və ideologiya məsələlərinin dərin təhlili
verilən çoxsaylı əsərlərin müəllifi
olan akademik Ramiz Mehdiyevin "Müasir Azərbaycan milli
ideyanın təcəssümü kimi" adlı son
məqaləsi deyilənlər baxımından, elmi
ictimaiyyətə, dövlətimizin gələcəyi
haqqında düşünən hər kəsə
ünvanlanan dəyərli tədqiqat olmaqla yanaşı, yeni
əsrdə ictimai elmimizin inkişafı baxımından
həm də əlamətdar hadisədir.
Məqalə müstəqilliyimizin artıq
üçüncü onilliyinin astanasında milli ideyanın
Azərbaycan xalqının qəlbində
yaşatdığı tarixi arzudan, müasir dövrün
inkişaf paradiqmasına çevrilməsi istiqamətindəki
miqyaslı panoramının göz önündə
canlandırılması, dövlətçiliyi təməl
ideoloji dayağı kimi onun yeni mərhələdə
reallığa adekvat məzmunla zənginləşməsi
və gələcəyin oriyentirləri baxımından
mahiyyətinin aşkarlanması yönündə yeni
nəzəri konsepsiyanın təqdimidir.
Məqalədə
Azərbaycanın qət etdiyi şanlı 20 illik tarixi yolun
yekunları təhlil edilmiş, milli dövlətçiliyin
XXI əsrdə bəyan edilən yeni hədəflərinə
dair müəllifin düşüncələri yer
almışdır. Bundan sonra da Azərbaycan
xalqının hansı başlıca ideya və məqsədlər
ətrafında birləşməli olduğu, xalqın
kollektiv əzmi, siyasi və intellektual elitanın ümumi
yaradıcılıq səylərini tələb edən ideya
dayaqlarımızın diqqət mərkəzinə
gətirilməsinin zəruriliyi
vurğulanmışdır. Şübhəsiz ki, bu
əsər Azərbaycan ictimai-siyasi düşüncə
tarixində milli dövlət və milli ideya
məsələlərinin yaşadığımız yeni
reallıq güzgüsündə təhlilinə dair
miqyaslı fikir mübadiləsinə təkan verəcək,
mövcud nəzəriyyə və konsepsiyaların,
sözün əsl mənasında,
zənginləşməsinə hələ öz
töhfəsini verəcək. Məqalədə
qoyulan məsələlər həm nəzəri-konseptual
aktuallığı, həm də real təcrübə
aspektində təhlil edildiyi üçün, ideya və
ideologiyaya dair həm milli, həm də dünya
ictmaiyyətşünaslığında mövcud olan
tədqiqatlar sahəsində yeni yanaşma kimi mühüm
dəyərə malikdir. Milli
varlığımızın əbədi olması
üçün çalışan hər bir
azərbaycanlı bu əsərdən özü
üçün çox şey götürə bilər. Biz
də öz növbəmizdə ilk
təəssüratlarımızı Azərbaycan oxucusu
ilə bölüşmək istərdik.
Milli ideyadan milli
gerçəkliyə qədər gəldiyimiz yol
Milli ideya
mövzusu dünya və Azərbaycan üçün yeni
deyildir. Qürur doğuran məqam odur ki, bu həyati vacib
məsələ nə milli dövlət adlanan sistemin,
ümumiyyətlə, olmadığı, nə də
dövlətçiliyin fəlakətli hadisələr
yaşadığı vaxtlarda gündəmdən heç vaxt
çıxmamışdır. Azərbaycanda bu
məsələnin ilk nəzəri, elmi-siyasi qoyuluşundan
yüz il keçdiyi bir ərəfədə milli ideyanın
həyat və tarixin sınağından çıxaraq müstəqillik
timsalında reallığa çevrilməsinin dərki
çox önəmlidir.
Milli ideya
müasir ictimai elmdə "milli quruculuq" (nation-building)
adlandırılan proseslərin həlledici amilidir. Onun
mənası - öz tərkibinə görə polietnik
sayılan cəmiyyətlərdə ümumi
dövlətçilik mənafeyini dərk edən, milli
birliyi, xalqın vəhdətini, ümummilli
məsələlərdə həmrəyliyini təmin
etmək proseslərini əks etdirir. Milli
quruculuq fasiləsiz olaraq hər yeni gələn nəsillə
çiyin-çiyinə milləti yaratmaq, milləti
formalaşdırmaq prosesidir. Milli
ideyanın formalaşması siyasi və intellektual elitanın,
dövlətin və cəmiyyətin ortaq səyləri
ilə mümkün olur. Milli quruculuq
Qərb təcrübəsinin təqlidi kimi bəsit başa
düşülməməlidir. Bu, hər
şeydən əvvəl milli inkişaf modelidir. Çünki onun subyekti də, obyekti də
Azərbaycan vətəndaşıdır, gənci,
müəllimi, alimi və mühəndisi,
ziyalısıdır.
Bu
sahədə saysız-hesabsız nəzəri yanaşmalar
mövcuddur. Kimlərsə polietnik cəmiyyətdə vahid
xalqın formalaşmasını qeyri-mümkün hesab edir
və yaxın tarixdən buna dair çoxlu misallar gətirir.
Digərləri bunun əksini söyləyir.
Lakin dünya tarixi etnik-dini, milli
mənsubiyyətindən asılı olmayaraq, xalqların
dövlətçiliyin inkişafında ümumi
səylərlə iştirak etdiyi neçə
ölkələr tanıyır və Azərbaycan da məhz
bu ölkələr sırasındadır.
Tədqiqatlarda
milli ideya insanların birləşməsində bənzəri
olmayan simvol, özəl bir mexanizm kimi təqdim edilir. Adətən,
belə bir nümunə misal gətirilir ki, ABŞ-da
müstəqillik uğrunda mübarizəyə başlananda
öz məqsədi ətrafında möhkəm
birləşən bir qrup Şimali Amerikaya
"İstiqlaliyyət Bəyannaməsi" ünvanlayır.
Yəni hələlik mövcud olmayan bir xalqa
müraciət edir. Xalq hələ
formalaşmamışdı, ABŞ əhalisi hələ bu
ideya səviyyəsində deyildi. Bu
Bəyannamə xalqın formalaşmasına
çağırış kimi qısa bir zamanda onun
birləşməsində mühüm vasitəyə
çevrildi. Birliyi təmin etdi. Bu və buna bənzər dövrlərdə milli
ideyanın yaranması və irəli sürülməsi
məhz fövqəladə dərəcədə
çətin, lakin keçilməsi labüd olan
mərhələdir.
İdeyanın
potensial gerçəklik olduğunu ilk dəfə min illər
əvvəl fəlsəfə kəşf etmişdir və
tarix bu həqiqəti hər yeni gələn dövrdə sübut
edir. Milli ideya isə nisbətən yeni olan bir Avropa, bir
Qərb fenomenidir. Eyni zamanda, bu gün
millət, milli dövlət, milli ideyaya dair yalnız Yeni
Dövrün, modern epoxanın nəzəri konsepsiyaları
çərçivəsində fikir yürütmək kifayət
deyil, hətta bu mümkün deyil. Çünki,
əvvəla, millət və milli dövlətin
ənənəvi məzmunu çox dəyişib. Bu gün dünyanın əksər
dövlətləri (Yaponiya və İslandiya istisna olmaqla)
polietnik dövlətlərdir və əhalisinin
tərkibində avtoxton xalqlarla birgə artıq 1-ci, 2-ci
və 3- cü nəsil miqrant birlikləri yaşayır.
"Millilik" fenomeni daha
əvvəl meydana gəldiyi üçün Qərbdə bu
sahədə dərin elmi irs mövcuddur. Həqiqət
bundan ibarətdir ki, Qərbdə "millət "
sözü "dövlət" sözü ilə sinonim
kimi, eyni mənada işlənir və yanlış anlamlara yol
açılmaması üçün məhz bu kontekstin
əsas hesab edildiyi aydın dərk edilməlidir. Bütün
mürəkkəbliyinə rəğmən millət
anlayışının daha iki anlamı ümumən
qəbul edilmişdir: millət - vətəndaşlıq kimi
və ümumi dilin, tarixin və mədəni identikliyin
bağladığı milli etnik birliklərin ümumi siyasi
iştirakına əsaslanan kollektiv suverenitet kimi; Milli ideya
həm də ilk növbədə ölkənin bütün
vətəndaşlarının bu təməl
dəyərləri bölüşməsi və qəbul
etməsi deməkdir.
Tarixi
təcrübəyə nəzər saldıqda yalnız milli
deyil, fövqəlmilli (transmilli) ideyaların da (ekumenizm,
turançılıq, qlobalizm, kosmopolitizm və s.) yer
aldığı məlum olur. Bunların transmilli
ideya, yoxsa ideologiyasızlaşdırma olduqları
barədə hələ yekdil fikir yoxdur. Hesab
edirik ki, insan və dövlət üçün ideyanın
alternativi yoxdur və "ideologiyasızlaşdırma"
özü də bir ideologiyadır. Postmodern
dövrün "hər şeyin sonu" fəlsəfəsi
ideyadan da kənar keçməyib. "Tarixin,
siyasətin sonu, müəllifin ölümü"
konsepsiyaları "milli dövlət və ideyanın da
sonunun" çatdığını, postmilli
"ideyasızlıq" çağının
başlandığını iddia edirlər.
Milli
dövlətin "postmodern" paradiqmasının
müddəaları tamamilə fərqli baxış ortaya
qoyur. Postmodern yanaşmaya görə istənilən, o
cümlədən milli strukturu tarix, ənənə və
identiklik olmadan da dırnaqarası "sıfırdan
yaratmaq", formalaşdırmaq mümkündür.
Tarixdə
həmişə yeni yollar axtarışı yeni ideya
axtarışlarından başlanır və ideyalar yeni
reallığı yaradır. İdeyanın hər şeyə
qadir gücü onun şüurlara hakim ola
bilməsində, buna nail olmaq üçün isə konkret
məqsədləri, konkret formalarda, obraz, ideal və simvollarda
təqdim edə bilməsindədir. İdeyalar
tarixini izləyəndə hətta bəzən bu fenomenin
mükəmməl təlimini yaradan Platonun haqlı
olduğunu, gerçək olanın yalnız ideyalar
aləminin olduğu müddəasını yada salmalı
olursan.
Fəlsəfə
bütün sahələrdə olduğu kimi, ideyanın
mahiyyəti və gücünü də ilk olaraq təhlil
edən sahədir. İdeyalar haqda təlimi Platon "ən
düzgün elm" adlandırmışdı. O deyirdi:
"Burada heç nəyi nəzərdən qaçırmaq
olmaz, hər şey təfərrüatına qədər
yekunlaşdırılmalıdır."(Platon).
İdeyalar
haqda ayrıca elm sahəsi mövcud deyil. XIX əsrin
əvvəllərində fransız mütəfəkkiri
A.L.Destüt de Trasi ilk dəfə ideologiya
anlayışını elmə gətirmiş, onu insanlarda
ideyaların yaranması və dinamikasının ümumi
qanunlarını öyrənən elm kimi
səciyyələndirmişdi. Lakin ilk
vaxtlar bu sözü ictimai praktikanın və real siyasətin
fövqündə, uzaqda duran baxışlar mənasında,
(idealist sözünü yada salaq) daha sonra isə
müxtəlif sosial qüvvələrin maraqlarını
müdafiə etmək üçün tətbiq
etmişlər. Bu baxımdan
istənilən ideyanın ya mifologiya, ya da utopiya ilə
nəticələnəcəyini düşünənlər
yanılırlar. Buna görə də
ideologiyanın ideyalar haqda təlim kimi fəlsəfi fənn
qismində ilkin versiyasına qayıtmağı təklif
edənlər də var.
Viktor Hüqo
yazırdı ki, "Dünyada bütün ordulardan daha
güclü olan bir qüvvə var - bu vaxtı, zamanı
yetişən ideyadır." Səbəblər
isə həm rasional, həm də irrasional izah tələb
edir. Tarix boyu baş verən bütün
münaqişə və qarşıdurmaların
hamısında ideya komponenti iştirak etmişdir. İdeya müharibələri
dövrümüzün real hadisəsidir və -
baxışların, konsepsiya və
dünyagörüşlərin toqquşmasıdır.
İdeya
müharibələrinə ən məşhur, son
nümunə - "soyuq müharibə" olmuşdur. Bu
mərhələdə iki dünya sistemi arasındakı
siyasi, iqtisadi və hərbi qarşıdurma başlıca
olaraq ideoloji sferada davam etmişdir.
İdeya və zaman
münasibətləri o dərəcədə
çulğaşır ki, bəzən deyirlər:
əvvəlcə hansı yaranır - yeni ideya, yoxsa yeni zaman? Məsələn, demokratiyanı, sadəcə,
demokratiya ideyası yaradır, yoxsa demokratik inkişaf özü
tədrici yolla demokratiyanı dönməz prosesə
çevirir. Deyilənlər milli ideya
və milli müstəqillik zamanına bilavasitə aiddir.
Zamanı duymayan ideya inkişafın
əngəlinə çevrilir. Hər bir
xalq zamanın verdiyi fürsəti tarixi nailiyyətə
çevirmək üçün milli varlığa dair
baxışların mükəmməl sisteminə malik
olmalıdır. Dövlətin real zaman və məkanda
müstəqil varlığını təmin etmədikdə
bu "ideya-fiks" kimi tarixdə qalır, bundan daha betəri
isə "fiksiya "(uydurma ) və utopiyaya çevrilir. İdeyanın yaranması qüdrətli dövlət
simasında yaşadığı tarix, sınaqdan
çıxa bilmədiyi məğlubiyyət
mərhələləri də var. Milli ideyanın
əvvəli var, sonu isə yoxdur. İdeyada
dəyişən cəhət - reallığa uyğun olaraq
zənginləşən dinamik məzmun, ona nail olmağın
yolları və vasitələridir. Dəyişməyən
bir şey varsa, milli ideyanın milli dövlətin
yaşarılığı üçün malik olduğu
alternativsiz statusu, dəyəridir.
XX əsr
ideyaların zəfərinə də, iflasına da şahidlik
etmişdir. Ən betəri onda baş vermişdir ki, kimsə
öz ideyasını xalqın, millətin və hətta
bəşəriyyətin ideyası kimi
reallaşdırmağa cəhd etmişdir. Buna dünya tarixində misallar kifayət
qədərdir. Bu gün bilik və
informasiya əsrində sivilizasiyanın təkanverici
qüvvəsi yenə də ideyadır və onun yayılma
sürəti təsəvvürə gəlməz dərəcədədir.
Ən başlıcası odur ki, milli ideya
dedikdə söhbət yalnız kimin nə
düşündüyündən ibarət olan subyektiv
təsəvvürlər yığını deyil,
əsrlərin sınağından çıxaraq, milləti
inkişaf etdirən, onun siyasi təşkilatlanma
qabiliyyətinin əvəzsiz meyarına çevrilən
fenomen başa düşülür.
Milli
ideyanın dərk edilməsində ən mühüm olan
metodoloji xüsusiyyətlərindən biri hər bir
xalqın, millətin unikallığı və
bənzərsiz identikliyə malik olması
xüsusiyyətidir. Belə ki, başqa ölkələr
üçün səciyyəvi, səmərəli olan
üsul və metodlar Azərbaycan üçün eyni
uğuru təmin edə bilməz. Çünki
dövlətlər özünəməxsus siyasi-tarixi
təkamül yolunu keçirlər. Sivilizasion, etnomilli
identiklik, milli psixologiya və s. də ön sırada duran
məsələlərdəndir. Dövlətin
dayanıqlığını, əbədi
yaşarılığını məhz bu amil
müəyyən edir. Akademik Ramiz Mehdiyev milli
quruculuğun demokratikləşmə prosesləri
nümunəsində bu məsələyə toxunaraq deyir:
"Bu gün Azərbaycan demokratiyanı hər bir xalqın
keçdiyi tarixi tərəqqi prosesi kimi başa
düşərək, öz inkişaf modelini nümayiş
etdirir. Azərbaycan cəmiyyətinin
demokratikləşməsi sonsuz prosesdir və milli
xüsusiyyətlər gözlənilməklə,
müstəqil dövlət quruculuğu və milli identikliyin
qorunub saxlanması şərti ilə həyata keçirilir.
Prezident İlham Əliyevin anlamında demokratiya
milli inkişaf və şüurun ayrılmaz atributudur. Lakin o, cəmiyyətin siyasi və iqtisadi inkişaf
səviyyəsi ilə ahəngdar olmalıdır. Buna görə də ölkədə islahatlar
paralel, kəsişmədən, bir-birini qabaqlamadan həyata
keçirilir. Siyasi sabitliyin iqtisadi
əsası olmalıdır və yalnız bu halda
cəmiyyətdə demokratik inkişaf və
şəffaflıq barədə danışmaq olar. Demokratiya milli maraqların və dövlət
müstəqilliyinin ziyanına olaraq kənardan zorla qəbul
etdirilə bilməz. Bu gün başqa geosiyasi və
etnik-milli məkanlarda yüzilliklər boyu formalaşmış
təcrübəni "qəflətən daxil etmək",
"kor-koranə köçürmək",
"gətirmək" olmaz."
Milli
ideyanın gerçəkləşməsinin siyasi, iqtisadi,
hüquqi, fəlsəfi, mənəvi-mədəni və s.
meyarları, təminatları mövcuddur. Azərbaycan
dövlətinin Əsas Qanununun milli ideyanın siyasi-hüquqi
təminatının ən bariz nümunəsi olduğu
məqalədə ətraflı təhlil edilmişdir. Sübut etməyə ehtiyac yoxdur ki, iqtisadiyyat faktoru
bu amillər içərisində təməl rolu oynayır.
İqtisadi baxımdan inkişaf etməyən
bir dövlətin uğurları barədə danışmaq
mümkün deyildir.
Yaxud
ölkənin müdafiə qabiliyyətinin təmin
edilməsini götürək. Özünü qoruya,
müdafiə edə bilməyən bir dövlət heç
bir uğur qazana bilməz. Azərbaycan
dövlətinin bu sahəyə münasibəti tamamilə
düzgün yolda olduğumuza dəlalət edir.
Milli ideyanın dünyada
tanıdılması- nisbətən az
işlənilmiş sahədir. Lakin son
tədqiqatlarda sübut edilib ki, dövlətin milli ideyası
dünyada nə qədər geniş yayılırsa,
tanıdılırsa, onun həyat potensialı o qədər
yüksək olur. Bu geosiyasi
mövqelərin dəqiq vurğulanması, özünütəsdiq,
cəmiyyətin pozitiv enerjisi, məqsədyönlüyü,
mənəvi vəhdəti kimi alternativi olmayan
göstəricilər baxımından vacibdir.
Hazırda milli
ideya, üstəlik, yalnız təmsil etdiyi dövlətin
milli, siyasi, coğrafi hüdudları
çərçivəsində deyil, qlobal məkanda həyatiliyini
sübut etməlidir. Onun rəqiblərinin sırası
genişlənərək bütün dünyanı
əhatə etmişdir. Əsas
rəqabət yalnız maddi resurslar uğrunda deyil. Daha çox tarixi köklər, milli dövlət
identikliyi, tarixi yaddaş, milli ruh və xarakter, intellekt
uğrunda gedir.
İdeya və siyasi lider
Milli ideyanı
milli gerçəkliyə və tarixi taleyə
çevirən əsas qüvvə lider faktorudur. Dünya tarixi
də, müstəqillik tariximiz də bunu sübut edir. Xalqın dəstəklədiyi və siyasi liderin
fəhmlə duyduğu təməl dəyərlər
məsələsində konsensus dövlətin sabitliyi və
inkişafının dəyişməz şərtidir.
Müasir
dünyada, demokratik cəmiyyətdə inkişaf və
idarəetmə məsələlərinin daha çox
elitarlıq prinsipinə əsaslanması, yüksək statusa
və qabiliyyətə malik elitanın həlledici rol
oynaması elmi həqiqətdir. Elita intellektual, siyasi,
mədəni, iqtisadi, psixoloji, mənəvi,
təşkilatçılıq qabiliyyətləri ilə
fərqlənən, başqa qruplarla müqayisədə daha
çox dövlətçilik missiyasına xidmət edən
insanların birliyidir.
Müstəqil
dövlətin milli elitası milli lider ətrafında
birləşə, xalqın potensial enerjisini bir araya
gətirə, quruculuq işlərinə səfərbər
edə bilər.
Cəmiyyətdə
elitaların nisbi bölgüsü: siyasi, hərbi, iqtisadi,
mədəni, texnokratik və s. mövcuddur. Lakin
sübuta ehtiyac yoxdur ki, onların hamısını
birləşdirən başlıca cəhət milli
dövlətçiliyə xidməti intellektual
qabiliyyətləri ilə fərqlənməkdir.
Bu gün
inkişaf etmiş ölkələrdə intellekt və
siyasət vahid cəbhədə dövlətçilik
maraqlarına xidmət edir. Bu ölkələrin
qazandığı uğurların təminatçısı
məhz elitanın dövlətçiliyin
inkişafını hər şeydən üstün
tutmasıdır. Milli ideyanı
formalaşdırmaq və onun həyata keçməsinə
xidmət etməsi, yeni şəraitdə cəmiyyətin
inkişafının yeni ideya və konsepsiyalarının
irəli sürülməsi, bütün cəmiyyətin ideal
və dəyərlərinin cəmləşdiyi obrazın
təqdim edilməsi bu sıradadır.
Şərq
müdrikliyinə görə: "Əgər hara getdiyini
bilmirsənsə, o zaman heç bir səmt küləyi
sənə kömək edə bilməz". Bu
deyimin doğruluğunu XX əsin 90-cı illərində
Azərbaycanın düşdüyü vəziyyət
çox gözəl ifadə edir. Biz demək
istərdik ki, ideyanı xalqın ictimai fəallığı
və mənəvi enerjisi ilə ahəngdar şəkildə
yönəldən, hara getməyi aydın
hədəflərlə müəyyən edən milli lider
faktoru ideyanın gerçəkləşməsində
əvəzsiz rola malikdir. Dövlətçiliyin
ağır məqamlarında insanları vahid məqsəd
uğrunda birləşdirən ideyalara böyük ehtiyac
duyulur. Təbii ki, ideyanın fəhm
edilməsi, nəzəri tərtibatı və dərki,
təqdimatı həmişə intellektual -siyasi elitanın
üzərinə düşür. Ən
acınacaqlı vəziyyət onda yaranır ki, mövcud elita
da yeni ideyaya ehtiyacın fərqində olmasın, ona
biganəlik göstərsin.
Deyilənlər
baxımından Azərbaycan xalqı XX əsrin 90-cı
illərində çarəsiz olmamışdır.
Siyasi lider və elita milli
ideyanın hər üç parametrində bilavasitə
iştirak edir: 1. milli ideyanın dərk edilməsi; 2. elmi-nəzəri
təqdimi; 3. xalqın keçmişini, indisini və
gələcəyini bağlayan milli idealın
müəyyən edilməsi. Siyasi elita
xalqın öz soy-kökünü və qaynaqlarını
saxlamaqla daim inkişaf edə bilmək haqqını təmin
edir.
XIX əsrin sonu, XX əsrin
əvvəlində milli ideya özünün ən ali məqsədini - milli birliyi və
müstəqilliyi təmin edən qarşısıalınmaz
gücə çevrilə bilmədi.
Ötən
əsrin 90-cı illərində, müasir dövrün
siyasət dahisi, ümummilli lider Heydər Əliyev milli
ideyanı tarixin verdiyi çox qısa və çətin
zamanda milli varlığın təcəssümünə
çevirməyə nail oldu. Akademik Ramiz Mehdiyev "Müasir
Azərbaycan milli ideyanın təcəssümü kimi"
adlı məqaləsində yazır: " Proseslərin
gedişi təkidlə tələb edirdi ki, Azərbaycanı
tamamilə dağılmaq və ya parçalanmaq
təhlükəsindən yalnız, sözün həqiqi
mənasında, tarixi miqyaslı, həm Azərbaycan
millətinə xas olan mühüm dəyərlərin
müəyyən toplusunun təcəssümü rolunda,
həm də qeyri-standart siyasi qərarların güclü
və iradəli mənbəyi rolunda çıxış
etməyə qadir olan şəxsiyyət xilas edə bilər.
Yalnız böyük dövlət xadimi
milləti xilas edə, onun ideyasını həyata
keçirə bilər".
Milli
ideyanın tarixdə ilk dəfə suveren formatda
gerçəkləşdirilməsi dövlətçilik
ənənəsində etatizmdən - müstəqil
dövlətin siyasi təşkilatlanmasından güc alaraq
daha qüdrətli zirvələrə yüksəlməsi
başlanğıcını götürdü. XX əsrin
əvvəllərində milli ideya öz ali
məqsədini - etatizmi həyata keçirə
bilməmişdi. Suveren dövlət statusunu
qazanmaq kimi tarixi nailiyyətə qovuşmaq arzu olaraq
qalmışdı. Yəni milli ideyanın
statusu, strukturu, prinsip və funksiyaları, mükəmməl
strateji və taktiki hədəflər sistemi hələ
formalaşmamışdı.
Ümummilli
lider Heydər Əliyev bu cahanşümul məqsədləri
müstəqil Azərbaycan adlı ünvanda reallığa
cevirdi. Xalqımızın
tarixi , siyasi uğurlarının
zəfər trayektoriyası artıq davamlı, kəsilməz
xarakter aldı. XX əsrin ikinci yarısında qlobal
transformasiya və sarsıntılarla paralel müşayiət
olunan zamanda, bəzi ölkələrin süqut,
bəzilərinin isə yenidən doğulduğu bir
ərəfədə dünya siyasi xəritəsində
xalqımız şanlı Azərbaycan tarixi adlı portretin
cizgilərində özünü tanıdı, milli
özünüdərk və mənlik
mərhələlərini qət etdi. Milli ideal
- Ümummilli lider nümunəsində ideyanın missiyası
bu dövr üçün qələbələrlə
başa çatdırıldı. Azərbaycanda
tarixdə ilk dəfə müstəqil milli dövlət
yaradıldı. İlk dəfə milli ideya
nəzəri sxem kimi qalmayıb, dövlətçiliyin
varlığını təmin etdi, onu "əbədi,
sarsılmaz və dönməz"( Heydər
Əliyev) fenomeni kimi dünya tarixinə həkk etdi. Bütün
bunlar: ideya və zamanın mürəkkəb
münasibətlərini hələ də sonadək dərk
edilməyən milli dühası ilə, Azərbaycan
naminə fövqəlsəyləri ilə nizamlayan siyasi
lideri, Heydər Əliyevi Milli İdeala, ümummilli lider
zirvəsinə ucaltdı. Tariximizdə
dəfələrlə qısa və ya uzun müddətə
müxtəlif səbəblərdən milli ideyanın
qarşısının alınmasına,
dövlətçilik ənənəmizin davamlı
inkişafına əngəl olan fasilə,
məğlubiyyət, süqut kimi xəstəliklərə
birdəfəlik sədd çəkildi.
Bunlar
azərbaycanlıların neçə nəsilləri durduqca
onlar üçün Milli ideal və örnək olacaq
Heydər Əliyev şəxsiyyətinin, XX əsrin
sonlarında milli ideyamızın nadir subyektinin tarixi
xidmətləridir. Ümummilli lider tarixi təcrübə
və nəzəri müddəaların varisliyini təmin
etməklə yanaşı, kollektiv və fərdi
identikliyimizi, dövlət ideologiyamızı - "azərbaycançılığı"
mərkəzi müddəa kimi önə keçirdi. Bunun mənasını isə Heydər Əliyevin
bütün fəaliyyəti, dövlətçilik və xalq
qarşısında xidmətləri nümunəsində
dərk etmək olar.
Dövlət
öz vətəndaşlarına gerçək
inkişafın təməli olan maddi və mənəvi
prinsiplərin ahəngdar mövcud olduğu bütün imkanları,
rifah və tərəqqini təmin edə bilirsə, bu həm
ideya həm də modeldir. Belə model yalnız
milli deyil, həm də bəşəri əhəmiyyətli
bir örnəyə çevrilir.
Azərbaycanda
milli ideyanın təşəkkülü və genezisini
həm dövlətçiliyin tarixi, həm də ümumi
sivilizasiya müstəvisində nəzərdən
keçirmək lazımdır. Humanitar fikirdə milli
ideyaya alternativin olmadığını
düşünənlər də var, bu barədə
diskussiyaların əhəmiyyətsiz olduğunu
deyənlər də. Belə
qütbləşmiş mövqelərin olması
gerçəklikdə çox mühüm
məsələlərin olmasından xəbər verir.
Milli ideyaya
müxtəlif yanaşmalardan nəzər salınır. Ontoloji,
kulturoloji, siyasi, vətəndaşlıq
mədəniyyəti, etnik və s. Milli ideya istənilən
xalqın öz soy-kökünü və qaynaqlarını
saxlamaqla daim inkişaf edə bilmək səylərini
ifadə edir.
Milli ideyaya dair
fikir mübadiləsi müstəqil Azərbaycan
dövlətinin yaranması ilə bir vaxtda daha da intensiv
mərhələyə qədəm qoydu. Bunun əsas
səbəbi xalqı sarsılmaz birliyə çevirən
birləşdirici ideyaya olan ehtiyac idi. Təməl
dəyərlər olmadan vətəndaş sülhündən
danışmaq mümkün deyil.
Uzun bir
müddət ərzində milli ideya axtarışları
gedişində müxtəlif (türkçülük,
islamçılıq, turançılıq və s.)
qütblər arasında dinamika davam etmişdir. Azərbaycan
təcrübəsi göstərir ki, milli ideya şüar
və çağırış kimi anlamı, axtarışların
məhz bu şüarların müəyyən
edilməsinə sərf edilməsi həm vaxt, həm də
milli enerji itkisindən başqa heç nə deyil. Milli ideyaya dair fikir mübadiləsində
ideologiyasızlaşdırma ilə yanaşı, ideya
fundamentalizmi (riqorizm), ideoloji fanatizm, radikalizm, barışmaz
ifratçılıq təzahürləri paralel
addımlayır.
Bir çox
postsovet ölkələrində "milli ideya"
məsələsi hələ də yalnız axtarışlar
səviyyəsindədir. Postsovet məkanında hələ də
milli ideyasını axtaran, onu formalaşdırmaq
üçün xaricdən mütəxəssislər dəvət
edən ölkələrdən fərqli olaraq, Azərbaycanda
bu axtarışlar hədər getməyib, öz
möhtəşəm bəhrələrini vermişdir.
Sovet rejimi dağılandan
sonra ideoloji böhran, bütün səviyyələrdə -
cəmiyyətdə, elmdə, təhsildə,
dünyagörüşdə başlanan
ideologiyasızlaşma prosesləri kəskin formalarda hiss
edilirdi.
Təqdirəlayiq
haldır ki, bu gün Azərbaycan hələ də öz
tarixi-mədəni, mənəvi tərcümeyi-halını
bilməyən, haradan gəlib, haraya getdiyinin fərqində olmayan
ölkələr sırasında deyil. Böyük
qürurla deyə bilərik ki, xalqımız ideyadan
gerçəkliyə doğru 20 ilə bərabər
möhtəşəm yolu qət etmişdir. Milli ideyanın əsas təzahürlərindən
biri də milli atributlarda əksini tapan inteqrativ simvollardır.
Milli məsələlərdən bəhs
edərkən biz təbii olaraq "millilik" fenomeninin daha
əvvəl meydana gəldiyi Qərb elminin "millət, milli
ideya, milli model" konsepsiyalarına nəzər salmalı
oluruq. Çünki bu sahədə olduqca dərin bir elmi irs
mövcuddur. Həqiqət bundan ibarətdir ki, "milli
" sözü "dövlət" sözü ilə eyni
mənada işlənir və milli ideya deyəndə biz də
yanlış anlamlara yol açmamaq üçün məhz
bu konteksti əsas hesab etdiyimizi aydın təsəvvür
etməliyik.
Ənənəvi
və imperiya dövlət sistemini əvəzləyən milli
dövlət, qeyd edildiyi kimi, bir Avropa fenomenidir. Bununla
belə, milli-tarixi yaddaş, milli psixologiya və s.
məqamlarda onun qaynaqlarının çox qədim və
coğrafi baxımdan çox geniş olduğu məlumdur. Dövlətlə sinonimik bir anlayış kimi
Fransada meydana gəlməsi, o vaxtdan indiyə qədər
çoxlu dəyişikliklərə məruz
qaldığı bəlli olan millət, milli ideya
mövzuları bu gün də ardıcıl təhlillərin
diqqət mərkəzindədir. Başlıca
səbəb dəyişən reallıqda, xüsusilə
də qloballaşan dünyada milli dövlətçiliyin
mahiyyətində baş verən transformasiyalardır.
Azərbaycan
xalqı milli ideyanı məhz dövlətçilik
məsələlərində sarsılmaz birliyini təmin
edən qüvvə kimi - vətəndaşlıq identikliyi
kimi qəbul edir. Bunun belə olduğunu bir daha
yəqin etmək üçün dövlətçiliyin
ağır məqamlarında onun mənafeyini hər
şeydən uca tutaraq silaha sarılan, fədakarlıq edən,
canından keçən ölkəmizdə yaşayan
neçə-neçə xalqların
nümayəndələrinin, oğul və qızlarının
adlarına nəzər salmaq, Şəhidlər xiyabanından
keçmək kifayətdir. Vətəndaşlıq identikliyi
- azərbaycançılıq səviyyəsi
dövlətimizin keçdiyi tarixi yol, insanlarımızın
milli vəzifə, milli borc kimi ali dəyərləri dərk
etməsinin təbii nəticəsi kimi
formalaşmışdır.
Milli ideya
ölkənin bütün vətəndaşlarının
bölüşdüyü və qəbul etdiyi təməl
dəyərlərin olması deməkdir. Əgər bu olmasa
idi, göz önündəki bu inkişaf da ola bilməzdi.
(Ardı var)
Rəbiyyət ASLANOVA,
Milli Məclisin İnsan
hüquqları
daimi komitəsinin sədri,
fəlsəfə elmləri doktoru,professor,
BDU-nun "Fəlsəfə tarixi və
mədəniyyətşünaslıq"
kafedrasının müdiri
Azərbaycan.- 2011.-21 iyun.- S. 2.