Rusiya Prezidenti Dmitri Medvedev MDU-nun
Bakı filialının rektoru Nərgiz Paşayevaya
"Dostluq ordeni" təqdim etmişdir
Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru filologiya elmləri doktoru, professor Nərgiz Paşayevaya Rusiya Federasiyasının ali dövlət mükafatını - "Dostluq ordeni"ni təqdim etmişdir.
Rusiya ilə dostluğun və əməkdaşlığın möhkəmlənməsinə verdikləri böyük töhfəyə görə əcnəbi vətəndaşlara Rusiyanın dövlət mükafatlarının təqdim olunmasına həsr edilmiş təntənəli mərasim Rusiya Prezidentinin Moskva yaxınlığındakı "Qorki" iqamətgahının Mavi zalında keçirilmişdir.
D.Medvedev qonaqları salamlayaraq qeyd etmişdir ki, bu zala toplaşan insanlar Rusiya ilə əməkdaşlığın inkişaf etdirilməsi üçün çox iş görmüşlər. "Mən bu sözün ən geniş mənasında - həm iqtisadiyyat, həm də humanitar əlaqələr, mədəniyyət sahəsində əməkdaşlığı nəzərdə tuturam. Çalışdığımız illər ərzində gördüyünüz bütün işlərə görə sizə ürəkdən təşəkkür etmək istərdim", - deyən Rusiya Prezidenti bildirmişdir ki, bir məqam xüsusilə fərəh doğurur, bu insanlar üçün Rusiya ilə işləmək onların taleyinin bir hissəsinə çevrilmişdir. Bunun böyük əhəmiyyəti ondadır ki, ölkələrimiz arasında münasibətlər ən əlverişli ssenari üzrə inkişaf etmişdir. Bununla əlaqədar D.Medvedev demişdir: "Siz çox müxtəlif ölkələri təmsil edirsiniz. Bizim dövlətimiz - Rusiya Federasiyası həmin ölkələrlə inkişaf etmiş konstruktiv, mehriban qonşuluq münasibətləri saxlayır və heç şübhəsiz, bu mehriban münasibətlərdə sizin əməyinizin bir hissəsi vardır".
Dmitri Medvedev giriş nitqindən sonra "Dostluq ordeni"ni professor Nərgiz Paşayevaya təqdim etmişdir.
Professor Nərgiz Paşayeva Rusiyanın ali dövlət mükafatı ilə təltif edilməsinə, ona göstərilmiş yüksək etimada və fəaliyyətinin qiymətləndirilməsinə görə Prezident Dmitri Medvedevə dərin təşəkkürünü və minnətdarlığını bildirmişdir.
Nərgiz
xanım Paşayeva demişdir: Cənab Prezident, Sizin göstərdiyiniz
diqqət və dəstək bizi ruhlandırır və belə
bir inam hissi aşılayır ki, sən həqiqətən nə
isə faydalı və mühüm iş görürsən.
"Dostluq ordeni" ali, gözəl məna və əhəmiyyətə
malik olan xüsusi mükafatdır. Çünki ən
yaxşı arzular və ümidlər dostluqda yaranır. Biz
sülhü məhz dostluqda axtarırıq və bunun naminə
özümüzdə olan ən yaxşı cəhətləri
səfərbər edirik. Bu gün dünya partlayış təhlükəsi
ilə üz-üzədir. Lakin yer üzündə müxtəlif
millətlərə, məzhəblərə, peşələrə
mənsub olan milyonlarla insan yaşayır. Onlar həyata inanırlar. Onlar həm də
dostluq, sülh, humanizm ideallarına sadiqdirlər. Onlar ümummilli və ümumbəşəri mədəniyyətin
qorunub saxlanması və birləşməsi naminə öz
nurlu qəlbinin bir hissəsini, öz qüvvələrini,
öz əməklərini, öz istedadlarını verirlər.
Rusiya torpağında bu cür insanlar, bu cür
şəxsiyyətlər həmişə çox
olmuşdur. Böyük rus mədəniyyəti
həmişə bu cür insanlarla zəngin olmuşdur. Qüdrətli və əzəmətli rus mədəniyyəti
dünyanın bir sıra xalqlarının, bir sıra mədəniyyətlərinin
bəhrələnmiş olduğu, bəhrələndiyi və
bəhrələnəcəyi tükənməz bir çaya,
çeşməyə - canı, ruhu olan bir çeşməyə
oxşayır.
Mən xoşbəxtəm
və fəxr edirəm ki, MDU-nun Bakı filialının rəhbəri
kimi, bir vətəndaş kimi ictimaiyyətə xidmət sahəsində
fəaliyyətimlə böyük rus mədəniyyətini təmsil
və təbliğ edə bilirəm. Bədii-estetik fikrə,
rus fikrinə xas olan intellektin, müdrikliyin, gözəlliyin,
insansevərliyin, alovlu qəlbin, məftun ruhun heyrətamiz vəhdəti
və sintezi bu mədəniyyəti bütün dünyada bənzərsiz
və təkrarsız edir.
Azərbaycan-Rusiya
tarixi-mədəni əlaqələrinin dərin və qırılmaz
kökləri vardır. Qoy inkişaf etməkdə olan bu mədəni
əlaqələr həmişə möhkəmlənsin və
genişlənsin. Çünki məhz mədəni
əlaqələr xalqları ucaldır və
yaxınlaşdırır, onları daha möhkəm edir və
nəticə etibarilə insanları və xalqları birliyə
gətirib çıxara bilər. Dahi Puşkin vaxtilə
belə vəsiyyət etmişdi: "Ey xalqlar, çəkişmələri
unudun, vahid ailədə birləşin". Qoy
yer üzündə sülh olsun, xalqlarımıza, bir-birinə
yaxşılıq, sülh və xoşbəxtlik arzulayan yer
üzünün bütün insanlarına tale yar olsun.
* * *
"Dostluq ordeni" ilə
təltif edilənlər arasında "Qazprom"
Açıq Səhmdar Cəmiyyətinin Direktorlar
Şurasının üzvü Burkhard Berqman (Almaniya),
Rusiyadakı Amerika Ticarət Palatasının prezidenti
Endrü Somers (ABŞ), "Knyaz Dmitri Romanovun xeyriyyə
fondu"nun sədri Dmitri Romanov (Danimarka Krallığı),
Vyetnam Sosialist Respublikası Milli Məclisinin mədəniyyət,
təhsil və gənclərin işləri üzrə
komissiyasının sədri Çonq Thi Dao, "Capen Tabakko
İnternəşnl" şirkətinin prezidenti Pyer De
Labuşer (Fransa) də vardır.
D.Medvedev Monqolustan
nümayəndəsini "Şərəf" ordeni ilə,
Livan və Serbiya nümayəndələrini "Puşkin
medalı" ilə təltif etmişdir.
Sonda D.Medvedev demişdir ki, zalda toplaşmış bu cür görkəmli və istedadlı insanlara mükafatlar təqdim etməkdən böyük sevinc duyur. "Sizdən bizim ölkəmiz haqqında xoş rəylər, sizin təmsil etdiyiniz ən müxtəlif ölkələr arasında münasibətlərin hərtərəfli möhkəmlənməsinin zəruri olması barədə fikirlər eşitmək mənə xoş idi", - deyən RF Prezidenti vurğulamışdır ki, praktiki olaraq hər bir dövlətdə həmişə onun öz problemləri olur, lakin biz həmin problemləri sizin öz proqramlarınız çərçivəsində göstərdiyiniz dəstəyin köməyi ilə və ya sadəcə, hər gün fədakarlıq göstərərək həyata keçirdiyiniz bu cür aktiv fəaliyyət sayəsində - öz sənətinizə, öz peşənizə xidmət edəndə, biz həmin problemləri həll etməyə çalışanda, bax bu vəziyyətdə başa düşürük ki, bəşəriyyətin gələcəyi yaxşı olmalıdır.
Rəsmi hissədən
sonra Dmitri Medvedev və mərasim iştirakçıları
xatirə şəkli çəkdirmişlər.
* * *
Nərgiz Paşayeva Azərbaycan KİV-lərinə müsahibəsində bu hadisənin əhəmiyyətini qiymətləndirərək demişdir: "Bu, mənim həyatımda, taleyimdə xüsusi bir gündür. Bu, mənim təltif edildiyim ilk dövlət mükafatıdır və mərasim çox yaxşı, gözəl keçdi. Mən fəxr edirəm və xoşbəxtəm ki, Azərbaycan və Rusiya mədəniyyətlərarası münasibətlərinin tarixinə müəyyən töhfə verə bilirəm. Ümid edirəm ki, məhz mədəni əlaqələr sayəsində yer üzündə insanlar, xalqlar bir-birinə yaxın olacaqlar. Biz, bunda marağı olan, buna ruhunu və qəlbini sərf edən insanlar bu gün, indi edə biləcəyimiz işləri gələcək nəslin çiyninə qoymayacağıq".
Asya HACIZADƏ,
AzərTAc-ın xüsusi
müxbiri
Moskva
Azərbaycan.- 2011.-21 iyun.- S. 3.