Bakıda Dünya Qaçqınlar Günü qeyd edilmişdir

 

İyunun 20-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA), BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMTQAK) Azərbaycandakı nümayəndəliyinin təşkilatçılığı ilə 20 iyun - Dünya Qaçqınlar Gününə həsr olunmuş tədbir keçirilmişdir.

DİA-da keçirilən tədbirdən əvvəl iştirakçılar qaçqınların və məcburi köçkünlərin həyatından bəhs edən fotoşəkillərdən, qaçqın uşaqların çəkdiyi rəsmlərdən, əfqan, çeçen və iranlı qaçqın qadınların əl işlərindən ibarət sərgiyə maraqla baxmışlar.

DİA-nın rektor əvəzi professor Əlikram Abdullayev 20 iyun - Dünya Qaçqınlar Gününün qeyd edilməsinin vacibliyindən, Azərbaycan dövlətinin qaçqınlara və məcburi köçkünlərə göstərdiyi diqqət və qayğıdan danışmışdır. Vurğulanmışdır ki, Dünya Qaçqınlar Gününün qeyd edilməsinin əsas məqsədi dünya ictimaiyyətinin diqqətini bu problemə yönəltməkdir. Hazırda dünyada milyonlarla insan müxtəlif səbəblərdən doğma yurd-yuvasından didərgin düşmüşdür. Bir milyondan çox qaçqın və məcburi köçkünü olan Azərbaycan üçün bu günün qeyd edilməsi çox əhəmiyyətlidir. Prezident İlham Əliyev tərəfindən daim qaçqın və məcburi köçkünlərə diqqət və qayğı göstərilir.

Azərbaycanın dövlət himni səsləndirildikdən sonra Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov çıxış etmişdir. Bildirilmişdir ki, Dünya Qaçqınlar Günü BMT Baş Məclisinin 2000-ci il 4 dekabr tarixli qətnaməsinə əsasən təsis edilmişdir. Hər il Azərbaycanda Dünya Qaçqınlar Günü qeyd edilir. Məqsəd problemin mövcudluğunu dünya ictimaiyyətinə xatırlatmaqdır. Hazırda dünyada yaşayış yerini itirmiş 49 milyon insan vardır. Bunun 26 milyonu məcburi köçkün, 10 milyonu qaçqınlar, 12 milyonu vətəndaşlığı olmayan şəxslər, 500 minə yaxını isə üçüncü ölkədən olan qaçqınlar və sığınacaq axtaran insanlardır.

Ali Komissarlığa, humanitar təşkilatlara Azərbaycan hökuməti adından minnətdarlığını bildirən Əli Həsənov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixinə ekskurs etmiş, M.Qorbaçov Sovetlər İttifaqının rəhbəri seçildikdən sonra onun rəğbətindən istifadə edən ermənilərin "Böyuk Ermənistan" yaratmaq iddialarının daha da fəallaşdığını, 1988-1992-ci illərdə Ermənistanda etnik təmizləmə həyata keçirildiyini, bu ölkənin ərazisindən azərbaycanlıların misilsiz bir qəddarlıq və vəhşiliklə köçürüldüyünü, 250 min soydaşımızın oradakı ata-baba yurdlarından qovularaq qaçqına çevrildiyini xatırlatmışdır. Məlumat vermişdir ki, 1988-1992-ci illərdə Ermənistan silahlı qüvvələrinin ölkəmizə hərbi təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizi - Dağlıq Qarabağ, eləcə də ona bitişik olan 7 rayonun ərazisi işğal olunmuş, bir milyondan çox soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. BMT Təhlükəsizlik Şurası 1993-cü ildə münaqişənin sülh yolu ilə həlli, işğal olunmuş ərazilərin azad edilməsi, qaçqın və məcburi köçkünlərin doğma yurdlarına qaytarılması haqqında 822, 853, 874, 884 nömrəli qətnamələr qəbul etmişdir. Lakin Ermənistan bu qərarların heç birinə əməl etmir.

Əli Həsənov Azərbaycan dövlətinin məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün hər şey etdiyini, hüquqlarının qorunduğunu qeyd etmiş və vurğulamışdır ki, ölkəmizdə son 20 ildə qaçqın və məcburi köçkünlərə 4,5 milyard dollar vəsait sərf olunmuşdur. Bunun 2,6 milyard dolları büdcə vəsaiti,

1 milyard dolları Neft Fondunun vəsaiti, 900 milyon dolları isə beynəlxalq humanitar təşkilatların vəsaiti olmuşdur. Ermənistandan qovulmuş soydaşlarımız qaçqın statusu almışlar. Düzdür, onların imtiyazları ləğv olunmuşdur, çünki məskunlaşmış və qeydiyyata düşmüşlər. Lakin bu o demək deyildir ki, onlar öz statuslarını itirmişlər. Ermənistandan qovulmuş azərbaycanlılar öz doğma yurdlarına qayıdana qədər onların qaçqın statusu saxlanılacaqdır.

Baş nazirin müavini Azərbaycanın iqtisadi vəziyyətinin yaxşılaşdığını bəhanə edib ölkəmizdə fəaliyyətini dayandıran donor ölkələri də qınamışdır. Bu, dünyada hökm sürən ikili standartların nəticəsidir. Qeyd etmişdir ki, fikrimcə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ problemi həll edilməyincə donor ölkələr fəaliyyətlərini dayandırmamalıdırlar. Məcburi köçkünləri vaxtilə məruz qaldıqları stressdən çıxarmaq üçün səhiyyə proqramına, iş yerlərinin açılmasını təmin edən müxtəlif inkişaf proqramlarına, reabilitasiya proqramlarına ehtiyac vardır.

Baş nazirin müavini qaçqın və məcburi köçkünlərimizin öz doğma yurd-yuvalarına qayıdacaqlarına əminliyini bildirmişdir.

BMTQAK-ın Azərbaycandakı nümayəndəsinin səlahiyyətlərini icra edən Con MakKissik BMT-nin qaçqınlar üzrə ali komissarı Antonio Quterreşin qaçqınlara ünvanladığı məktubu oxumuş, Dünya Qaçqınlar Gününün əhəmiyyətindən, qaçqınların problemlərindən, Azərbaycandakı qaçqın və məcburi köçkünlərin vəziyyətindən danışmışdır. Diqqətə çatdırmışdır ki, hazırda Azərbaycanda 1 milyondan artıq qaçqın və məcburi köçkün vardır. Onlardan 250 mini 1988-1992-ci illərdə Ermənistandan qovulmuş azərbaycanlılar, 50 mini 1992-ci ildə Özbəkistandan Fərqanə hadisələri zamanı qovulmuş Axıska türkləri, 600 minə qədəri Azərbaycanın işğal olunmuş rayonlarından zorla çıxarılmış məcburi köçkünlərdir. Azərbaycanda qaçqın və məcburi köçkünlərə yüksək diqqət və qayğı göstərilir. Azərbaycan bu sahədə dünyaya nümunədir. Bu qaçqınlar artıq vətəndaşlıq almış, yerləşdirilmiş və Azərbaycan hökuməti tərəfindən təmin edilmişlər.

Daha sonra BMT-nin Baş katibi Pan Gi Munun Dünya Qaçqınlar Günü ilə bağlı müraciəti oxunmuş, BMTQAK-ın xoşməramlı səfiri Anjelina Jolinin çəkildiyi sosial xidməti reklamın videoçarxı nümayiş etdirilmiş, üçüncü ölkələrdən olan qaçqın və sığınacaq axtaran uşaqların 2011-ci il rəsm müsabiqəsinin qaliblərinə mükafatlar təqdim olunmuşdur.

Tədbir ədəbi-bədii kompozisiya ilə başa çatmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.-21 iyun.- S.3.