Gürcüstanın mədəniyyət
və abidələrin mühafizəsi naziri Mədəniyyət
və Turizm Nazirliyində olmuşdur
İyunun 20-də Gürcüstanın mədəniyyət və abidələrin mühafizəsi naziri Nikolas Rurua ölkəmizə səfəri çərçivəsində mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə görüşmüşdür.
AzərTAc xəbər verir ki, görüşdə Ə.Qarayev ölkələrimiz arasında mehriban qonşuluq və dostluq əlaqələrindən, iqtisadi, siyasi sahələrdə əməkdaşlığın dinamik inkişafından bəhs etmişdir.
Azərbaycanda yaşayan azsaylı xalqlara göstərilən diqqət və qayğıdan söz açan Ə.Qarayev Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə bu istiqamətdə həyata keçirilən layihələrdən, görüləcək işlərdən danışmışdır. Bildirmişdir ki, milli azlıq və etnik qrupların mədəni irsinin qorunub saxlanılması, inkişaf etdirilməsi, xalqlar arasında qarşılıqlı anlaşma və tarixi dostluq münasibətlərinin möhkəmləndirilməsi məqsədi ilə "Azərbaycan - doğma diyar" devizi altında milli azlıqların incəsənəti festivalının iki ildən bir təşkil edilməsi qərara alınmışdır. Festivalda ölkəmizdə yaşayan digər xalqların nümayəndələri ilə yanaşı, gürcülərin də fəal iştirakı diqqətə çatdırılmışdır.
Qeyd olunmuşdur ki,
YUNESKO-nun 2005-ci ildə qəbul etdiyi "Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında Konvensiya"ya uyğun olaraq ölkəmizdə yaşayan milli azlıq və etnik qrupların mədəniyyəti Azərbaycan mədəniyyətinin tərkib hissəsi kimi qorunur və inkişaf edir. Bu xalqların milli mədəniyyətinin, incəsənətinin, adət-ənənələrinin və dilinin qorunub saxlanılması üçün məqsədyönlü iş aparılır. Azərbaycan teatrlarında gürcü müəlliflərin əsərlərinin səhnələşdirildiyi, Gürcüstanın tanınmış sənət adamlarının Azərbaycan Dövlət Opera və Balet Teatrının səhnəsində dəfələrlə çıxış etməsi diqqətə çatdırılmışdır.
Ölkələrimiz arasında digər sahələrdə olduğu kimi, mədəniyyət, turizm, abidələrin mühafizəsi sahələrində də əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayan Ə.Qarayev bu baxımdan görüşün səmərəli olacağına əminliyini bildirmişdir.
Azərbaycana ilk dəfə gəldiyini, Bakı ilə tanışlığın onda xoş təəssürat oyatdığını qeyd edən Nikolas Rurua Gürcüstanda yaşayan azərbaycanlıların ölkənin mədəni həyatında fəal iştirakından, onlara göstərilən diqqət və qayğıdan söz açmışdır.
Səmimi görüş üçün azərbaycanlı həmkarına minnətdarlığını bildirən N.Rurua Bakıda keçirəcəyi görüşlərin əhəmiyyətindən bəhs etmişdir.
Sonra jurnalistləri
maraqlandıran suallar cavablandırılmışdır.
Azərbaycan.- 2011.-21 iyun.- S.3.