Azərbaycanlı alim - Koreya Respublikası Pusan Universitetinin professoru Bakıda seminar keçirmişdir

 

İyunun 20-də "Park-İNN Azərbaycan" hotelində Koreya Respublikası Pusan Universitetinin professoru İsmayıl Zülfüqarov "Həyəcanlanma enerjisinin dissipasiya mexanizmləri haqqında müasir təsəvvürlər bitkilərin həyatında onun rolu" mövzusunda seminar keçirmişdir.

AzərTAc xəbər verir ki, seminar Rabitə İnformasiya Texnologiyaları Nazirliyi ilə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) arasında bağlanmış əməkdaşlıq protokolu çərçivəsində təşkil olunmuşdur.

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun, AMEA-nın prezidenti akademik Mahmud Kərimovun, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri akademik Qərib Məmmədovun, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayevin və digərlərinin iştirak etdikləri tədbirdə İ.Zülfüqarovun elmi yaradıcılığı ilə bağlı məlumat verilmişdir. Bildirilmişdir ki, 1959-cu ildə İsmayıllı rayonunun Talıstan kəndində doğulmuş İ.Zülfüqarov 1981-ci ildə Azərbaycan Dövlət Universitetinin biologiya fakültəsini bitirdikdən sonra AMEA-nın Bioloji Tədqiqatlar Elmi Mərkəzində akademik Cəlal Əliyevin rəhbərlik etdiyi Məhsuldarlıq Proseslərinin Molekulyar-Genetik Əsasları şöbəsində baş laborant kimi fəaliyyətə başlamışdır. 1983-cü ildə AMEA-nın aspiranturasına daxil olmuş və 1988-ci ildə akademik Cəlal Əliyevin rəhbərliyi altında Tbilisi Dövlət Universitetinin Elmi Şurasında "Xloroplastların piqment-zülal komplekslərində piqmentlərin nativ formalarının orientasiyası və spektral xassələri" mövzusunda dissertasiya işini müdafiə edərək biologiya elmləri namizədi elmi dərəcəsi almışdır. 1984-2002-ci illərdə kiçik elmi işçi vəzifəsindən aparıcı elmi işçi vəzifəsinədək yüksələn İ.Zülfüqarov 2003-cü ildən Koreya Respublikasının Pusan Universitetində tədqiqatçı-professor vəzifəsində çalışır.

Dünyanın bir sıra aparıcı elmi jurnallarında alimin 40-dək elmi məqaləsi dərc olunmuşdur. Bir sıra beynəlxalq konfrans və simpoziumlarda iştirak etmiş, "Web of Science"in məlumatına görə, son beş ildə nəşr olunmuş məqalələrinə 100 dəfə istinad olunmuşdur.

İ.Zülfüqarov hazırda xlorofil metabolizmi və onun xlorofil molekulunun həyəcanlanmış vəziyyətinin sönməsində rolu, oksigenin aktiv formaları və onun bitkilərin həyatında rolu, həmçinin zülalların fosforlaşmasının bitkilərin cavab reaksiyasında ekstremal şəraitə adaptasiya üzrə fəal elmi tədqiqat aparır.

Azərbaycan elminin hazırkı səviyyəsinin yüksək olduğunu vurğulayan professor alimlərimizin elmi nəticələrinin beynəlxalq mətbuatda dərc olunmasının vacibliyini diqqətə çatdırmışdır. Bildirmişdir ki, bu baxımdan akademik Cəlal Əliyev məktəbinin yetirmələri Avstraliya, Cənubi Koreya, ABŞ və dünyanın bir çox digər ölkələrində Azərbaycan elmini uğurla təmsil edirlər. Bu alimlərin ölkəmizə dəvət olunması, belə seminarların keçirilməsi Azərbaycan elminin inkişafında çox əhəmiyyətlidir.

İ.Zülfüqarov çıxışında xlorofilin həyəcanlanmış vəziyyətinin sönməsindən söhbət açmışdır. Bildirmişdir ki, hazırda bu sahənin iki - enerjidən asılı olan sönmə oksigenin aktiv formalarının əmələ gəlməsi istiqamətləri üzərində araşdırmalar aparılır. O, işığın azlığından ya çoxluğundan asılı olaraq, keçirdiyi təcrübələr əsasında bitkilərin hüceyrələrində fotosintetik dəyişikliklərin yaranması, mutantların formalaşması ilə bağlı mülahizələrini diqqətə çatdırmışdır. Tədqiqatçı professor bu zaman bitkinin hüceyrəsində enerjinin yayılmasını mərhələlərlə izah etmişdir. Tədqiqat obyektinə Arabidopsis bitkisini cəlb etmiş alim işığın təsiri ilə onun mutantları haqqında ətraflı məlumat vermişdir. Alim həmçinin işığın təsiri ilə düyü hüceyrələrində yaranan dəyişiklik nəticəsində onda bakterial göbələyə yoluxma hallarına imkan yaranmasını da diqqətə çatdırmış, bunun da kənd təsərrüfatında profilaktik əhəmiyyətini vurğulamışdır. Tədqiqatçı professor mutantların formalaşması ilə bağlı elmi ədəbiyyatda olan fikirlərə öz münasibətini bildirmişdir.

Sonda İ.Zülfüqarov işığın təsirinə məruz qalmış Arabidopsis bitkisində enerji ötürülməsi mərkəzlərinin induktiv tənzimlənməsi digər bioloji proseslərlə bağlı sualları cavablandırmışdır.

 

 

Azərbaycan.- 2011.-21 iyun.- S. 3.