Boyu zirvələrə boy görüncəyi

 

Milli Qəhrəman Mübariz İbrahimovun şəhidliyindən bir il ötdü

 

"...Canım atam və anam.

Məndən sarı darıxmayın. İnşallah, cənnətdə görüşəcəyik. Mənim üçün bol-bol dua edin. Vətənin dar günündə artıq ürəyim dözmür. Allaha xatir bunu etməliyəm. Ən azından ürəyim sərinlik tapar. Şəhid olanadək bu şərəfsizlərin üzərinə gedəcəyəm. Şəhid olsam ağlamayın. Əksinə, sevinin ki, o mərtəbəyə yüksəldim. Allaha ibadətinizi dəqiq yerinə yetirin. Çoxlu sədəqə verin.

Seyid nəvəsi olaraq bunu etməliyəm. Allah böyükdür. Vətən sağ olsun. Oğlunuz Mübariz.

Haqqınızı halal edin".

 

Bu "Qəhrəmanlıq" himninin müəllifi 22 yaşlı Azərbaycanın Milli Qəhrəmanı, şəhid Mübariz Ağakərim oğlu İbrahimovdur. Canına yağı dadanmış yurdumuzun ilk şəhidləri Bəxtiyarla Əli 1988-ci ilin fevral ayında Qarabağda torpağa düşəndə doğulmuşdu Mübariz-1988-ci il fevralın 7-də, Biləsuvar rayonunun Əliabad kəndində. İlk şəhidlərimiz ölümləriylə qara donlu, yolu yoğrulmuş yağıların üstümüzə gəldiyini işarət etmişdilər. O vaxt Qarabağın ağır seyidlərindən olan rəhmətlik Seyid Lazım ağa şəhidlərin qana boyanmış qönçə nəşini qucaqlayaraq hönkürüb ağlamış: "Yerinizə minlər doğulacaq" demişdi. Həmin vaxtdan yurdumuza qara daşların yağışı başlandı, minlərlə vətəndaşımız şəhid oldu, qaranlıqlar ələndi sabahlarımıza. Yada yurd olmağa dözməyən çaylarımız qurudu, yağılar içməsin deyə bulaqlarımız gözlərini kor edib içlərinə axdılar.

Anası isə Mübarizə halal süd əmizdirir, nazlı balışda, gül yorğanda böyüdür, şirin laylalar deyirdi. Beşikdə uyuyan körpəni isə böyüdükcə güllü yastıq, yorğanlar deyil, qanlı torpaq çəkirdi - doğulduğu vaxt şəhid olan Bəxtiyarla Əlinin tökülmüş qanlı torpağı. Beləcə, böyüyürdü Mübarizlər, Fəridlər, Əhmədlər, Ramillər. Boyları zirvələrə boy görüncəyi kimi artan oğullar böyüdükcə uşaqkən oynadıqları qarğı atları silaha çevirib Qarabağa yollandılar - bir-birinin ardınca.

Gənc Mübariz İbrahimov əsgəri xidmətini Daxili Qoşunların "N" saylı xüsusi təyinatlı bölüyündə keçirir və 2007-ci ildə xidmətini çavuş rütbəsilə başa vurub Biləsuvara qayıdır. Əli nə işə yatır, nə də bu cür yaşamağa. Onun düşməndən alacağı öcü var idi, həyata keçirmək istədiyi planı yarımçıq qalmışdı. Odur ki, yenidən hərbi hissəyə qayıtmaq, döyüşçü olmaq istəyirdi. Ailəsi buna könülsüz olsa da, Mübariz 2009-cu ilin avqustundan gizir rütbəsilə döyüş bölgəsində hərbi xidmətə başlayır-Tərtər rayonunun Çaylı kəndi ərazisində.

2010-cu il iyunun 19-da axşamüstü ata-anasına bir parça məktubu yazmağa ancaq səbri çatır. Planı həyata keçirməyin zamanıydı. ...Və təkbaşına yola çıxır. Gizir iki ordu arasındaki bir kilometrlik minalanmış sahəni adlayaraq Çaylıdaki cəbhə xəttini yarıb düşmən arxasına keçir. Kəndin içərisində yerləşən düşmənin hərbi hissəsinə daxil olaraq oradaki silah anbarını partladır. Partlayış nəticəsində xeyli erməni döyüşçüsü, o cümlədən anbarın keşiyini çəkənlər məhv olurlar. Cəsur əsgər bundan sonra düşmənlə üz-üzə döyüşə başlayır və beş saata qədər qeyri-bərabər vuruşur. Düşmənin beş əsgərini yerindəcə öldürüb dördünü ağır yaralayır. Düşmən artıq kəndin içində Mübarizi əhatəyə alır. Tikanlı məftilli maneəni keçməkdə çətinlik çəkən əsgərimizi düşmən güllə yağışına tutur. Səhər saatlarına qədər düşmənlə təkbətək döyüşən Mübariz İbrahimov başından və bədəninin sol tərəfindən aldığı üç güllə yarasından şəhid olur. O, ölmədi, sevdalandığı VƏTƏN adlı sevgilisinə qovuşub, əbədi baş qoydu onun sinəsinə.

Əsgər dostları danışır ki, Mübariz tez-tez deyərdi ki, çətini bu addımı atmaq, bu yolu başlamaqdır, ardınca minlər gələcək. Yolu da özü açdı, ilk addımı da özü atdı və yanılmadı. Açılmış yolun cığırlarını ot basmağa qoymayan minlərlə mübarizlər pöhrələndi yerindən. Şəklini sinələrinə taxdılar, ürəklərində gəzdirdilər, ona bənzəmək istədilər. Onun ardınca Fəridlə Əhməd çıxdı bu yola. Əsgər dostlarını gətirmək üçün. Arzuya bax, Fəridin ən böyük arzusu əsgər dostunu Vətənə gətirmək imiş. Çiyindaşlarına tapşırıb ki, ölsəm məni Mübarizlə bir yerdə dəfn edin. Dostunu gətirməyə gedən Fərid Əhmədov da şəhid oldu, düşmən onun da nəşini girov saxlamışdı.

Qəhrəmanlarımızın nəşini düşmən bir neçə ay girov saxladı. Azərbaycan, Ermənistan və Rusiya Federasiyası prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənmiəsinə dair 27 oktyabr 2007-ci il tarixli bəyanatına əsasən və Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının beynəlxalq təşkilatlarla apardığı müntəzəm və səmərəli danışıqların nəticəsində Tərtər rayonu istiqamətində qəhrəmancasına şəhid olmuş Mübariz İbrahimovun və zabit Fərid Əhmədovun nəşi 6 noyabr 2010-cu il tarixində qarşı tərəfdən alınaraq Vətənə gətirildi. Bu proses də Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası, Müdafiə Nazirliyinin və Beynəlxalq Qızıl Xaç Komitəsinin iştiraki ilə həyata keçirildi.

2010-cu il noyabrın 6-da - bir payız sabahı neçə vaxt sinəmizdə kösöv kimi tüstülənən dərdimizin üstünə su səpilmişdi elə bil. O sabahı dirigözlü açdıq, qaraca daşına baş qoya bilmədiyimiz, amma dərdini içimizə sığışdıra bildiyimiz Vətəndən oğullarımız "gəlirdi" Vətənə. Sevgiylə, urvatla, qürurla qarşılamalıydıq. Qarşıladıq da. Ölkənin Ali Baş Komandanından sıravi Azərbaycan vətəndaşına qədər hamı vətən sevdalılarının yoluna çıxmışdı. Kimi bayrağa sarılmışdı, kimi sevdalılarımızın gəldiyi yollara gül düzmüşdü, kimi şəkillərini sinələrində ğəzdırirdi, kimi "Şəhidlər ölməz, Vətən bölünməz" nəğməsi oxuyurdu. O sabah el-el, oba-oba, ocaq-ocaq parçalanmış Vətənimiz bütövləşmişdi elə bil. Hamı Mübariz idi, Fərid idi, Əhməd idi, Ramil idi. Torpaq uğrunda torpağa düşən oğullarımıza qovuşduq o sabah. Gözümüzdə ümidimiz ay işığı tək yenidən nurlanmışdı. Bu mənzərə qələbəmizin müjdəsi kimi görünürdü bizə, hamımız yumruq kimi birləşib bu qələbəni qazanmağa hazır idik.

Ölkə rəhbəri, Ali Baş Komandan İlham Əliyev bu gəlişi özü qarşıladı, son mənzilə də xalqla birlikdə uğurladı onları. Baş əydi vətəninə. Dövlət başçısı Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanmasında müstəsna xidmətinə və göstərdiyi rəşadətə görə Mübariz İbrahimova "Azərbaycanın Milli Qəhrəmanı" adının verilməsi haqqında sərəncam imzaladı. Fərid Əhmədovu "İgidliyə görə" medalı ilə təltif etdi.

2011-ci il iyunun 19-u Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun şəhadətə yetdiyindən bir il ötdü. Ölkəmizin hər yerində qəhrəmanımıza özünəlayiq il mərasimi keçirildi, ehsanlar verildi, ruhuna dualar oxundu. İkinci Fəxri xiyabanda Mübariz İbrahimovun və onun cəsədini gətirməyə yollanarkən şəhid olmuş Fərid Əhmədovun qəbirləri ziyarət olundu, baş daşları üzərinə əklillər, gül-çiçək dəstələri düzüldü. Ziyarətə gələnlər arasında daha çox yeniyetmə və gənclər vardı. Onların sinəsində qəhrəman Mübarizin şəkli boylanırdı, çiynində düşmənə tuşlanmış ağır silahıyla...

 

 

Rəsmiyyə RZALI

 

Azərbaycan.- 2011.-21 iyun.- S. 4.