BDU ilə Almaniyanın Vürzburq Universiteti arasında əməkdaşlıq sazişi imzalanmışdır

 

Bakı Dövlət Universiteti (BDU) ilə Almaniyanın Julius Maksimilian Vürzburq Universiteti arasında "Avropa hüququ üzrə magistr" proqramının yaradılmasına dair əməkdaşlıq sazişi imzalanmışdır.

BDU-nun mətbuat və informasiya şöbəsindən AzərTAc-a bildirmişlər ki, sazişi Almaniya tərəfindən Vürzburq Universitetinin Beynəlxalq əlaqələr və informasiya texnologiyaları üzrə prorektoru professor Eckhard Pache, Azərbaycan tərəfindən isə BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov imzalamışlar.

Avropa hüququnun son zamanlar hüquq elminin ən dinamik inkişaf edən və prioritet olan istiqamətlərdən birinə çevrildiyini deyən rektor Abel Məhərrəmov bu əməkdaşlığın Azərbaycan üçün əhəmiyyətli olacağını vurğulamışdır.

Almaniyalı qonaqlar, Beynəlxalq əlaqələr və informasiya texnologiyaları üzrə prorektor professor Eckhard Pache və hüquq fakültəsinin dekanı professor Eric Hilgendrof BDU ilə tanış olmuş, daxili işlər naziri Ramil Usubovun sədrliyi ilə hüquq fakültəsində keçirilən bakalavr pilləsi üzrə diplom işlərinin müdafiəsində iştirak etmişlər.

Qeyd edək ki, "Avropa hüququ üzrə magistr" proqramı dörd semestr davam edəcəkdir. Birinci təhsil ili (iki semestr) magistrantlar Bakıda alman dilini öyrənəcək və Azərbaycanın magistr təhsilinə uyğun təhsillərini davam etdirəcəklər. Mühazirələr alman və azərbaycanlı müəllimlər tərəfindən deyiləcəkdir.

İkinci təhsil ilində (iki semestr) mühazirələr alman və azərbaycanlı müəllimlər tərəfindən oxunacaq, magistrantlara şəxsi hesablarına Almaniyanın Vürzburq Universitetində təhsillərini davam etdirmək və magistr dissertasiyasını hazırlamaq imkanı veriləcəkdir.

Sonda magistrantlara ikili diplom - Vürzburq Universiteti və BDU-nun hüquq fakültələrinin diplomu veriləcəkdir.

 

 

Azərbaycan.- 2011.-21 iyun.- S. 5.