Azərbaycan və Türkiyə
arasında mətbuat sahəsində əməkdaşlıq məsələləri
müzakirə olunmuşdur
Azərbaycanın bir qrup media təmsilçisi iyunun 19-da Ankarada Türkiyə Nazirlər Kabineti yanında Mətbuat-Yayım və İnformasiya Baş İdarəsinin müdiri Murad Karakaya ilə görüşmüşdür.
AzərTAc xəbər verir ki, IX Türk dili olimpiadası çərçivəsində keçirilən görüşdə Azərbaycanın bir sıra dövlət qurumları mətbuat xidmətlərinin, kütləvi informasiya vasitələrinin rəhbərləri və təmsilçiləri iştirak etmişlər.
M.Karakaya Azərbaycan ilə Türkiyə, eləcə də digər türk dövlətlərinin media qurumları arasında əlaqələrin gücləndirilməsinin zəruriliyini vurğulamışdır. Bildirmişdir ki, Türkiyə KİV-ləri təmsilçilərinin təcrübə mübadiləsi ilə bağlı iştirak etdiyi ilk seminar ötən il Azərbaycanda keçirilmişdir. Bu cür tədbirlərin davam etdirilməsi çox vacibdir.
M.Karakaya Türk dilli ölkələrin II media forumuna hazırlıq işlərinin görüldüyünü diqqətə çatdırmışdır.
Xatırladaq ki, Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Şimali Kiprin KİV nümayəndələrinin ilk media forumu ötən il Ankarada keçirilmişdir.
Tədbirdə II media forumunun Bakıda keçirilməsi təklif olunmuşdur. Bununla bərabər, M.Karakaya forumun mətbuat sahəsi daha zəif inkişaf etmiş Orta Asiya ölkələrinin birində təşkil olunacağını da istisna etməmişdir. Qeyd edilmişdir ki, bu, Orta Asiya dövlətlərində medianın tərəqqisinə təkan ola bilər.
Azərbaycanın
media təmsilçiləri Türkiyə təcrübəsinin
öyrənilməsini zəruri saymış və bu
baxımdan gənc jurnalistlərin qardaş ölkədə təcrübə
keçməsinə şərait yaradılması ilə
bağlı arzularını bildirmişlər. Onlar Azərbaycanda
xüsusilə media menecmentliyinin inkişafına ehtiyac
olduğunu qeyd etmişlər.
Azərbaycan.- 2011.-21 iyun.- S. 5.