Qala muzeyi
Respublika hökumətinin 1988-ci il 18 aprel tarixli qərarına əsasən, Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğu yaradıldı. Bu qoruğu yaratmaqda məqsəd Qala qəsəbəsinin ərazisində yerləşən tarix və mədəniyyət abidələrinin qorunması, bu abidələrin sökülməsinin qarşısının alınması, təhrif edilməsinin yasaq olunması idi. Doğrudur, sovet dövründə bəzi abidələr müəyyən mənada mühafizə edilirdi. Lakin icazə olmadan sökülməyə, tikinti işləri görülməsinə bəzən də göz yumulurdu. Xüsusilə də istixanaların qurulması nəticəsində bir sıra nöqsanlar da baş verirdi. Bununla belə, qoruğun yaradılması mədəniyyət abidələrinin qorunması üçün atılan ən mühüm addımlardan biri oldu.
Qoruğun ərazisi 200 hektardan çoxdur. Burada 243 tarix-memarlıq abidəsi (məscidlər, ovdanlar, yaşayış və təsərrüfat tikililəri, hamamlar, kəhriz qalığı, qədim evlərin divarları və s.) mühafizə edilir. Qoruğun nəzdində xalçaçılıq, dəmirçilik sexləri də uzun müddət fəaliyyət göstərib. Əslində, bu qoruğu yaratmaqda məqsəd Abşeron yarımadasını müzeylər paytaxtına çevirmək idi. Uzun illər bu yolda çalışılsa da, Qalanın sosial-mədəni ehtiyacları buna imkan vermirdi.
Beş minillik tarixə malik olan Qala kəndində eramızdan əvvəlki üçüncü minilliyə aid tarixi mühitin qorunub saxlanması həqiqətən bu yaşayış ərazisində analoqu olmayan - səma altında muzeyin yaradılması dövrün ehtiyacı idi. Çünki tarixi əhəmiyyət daşıyan memarlıq abidələri bu yerlərin qədim yaşayış məskənlərindən olduğunu təsdiqləyir. Arxeoloji nümunələrlə zəngin bir ərazidə tarixi abidələrin mühafizəsi və qorunması ilə bağlı yeni bir muzeyin yaradılması məhz XXI əsrə təsadüf etdi. 2008-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü və onun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın rəhbərliyi ilə qoruğun ərazisində açıq səma altında Arxeoloji-Etnoqrafik Muzey Kompleksi yaradıldı. Burada Abşeron yarımadasında aşkar edilmiş arxeoloji memarlıq abidələri toplanaraq bərpa edildi. Ərazidə eramızdan əvvəl III-II minilliklərə aid kurqanlar, yaşayış və digər memarlıq abidələri ilk görünüşündə olduğu kimi qurulub.
Muzeyin ərazisinə daxil olarkən özünü çox qədim dövrdə hiss edirsən. 1,2 hektar ərazisi olan muzey kompleksində Azərbaycanın maddi mədəniyyət incilərini seyr etmək üçün gözəl şərait yaradılıb. 400 il yaşı olan püstə ağacı Azərbaycan təbiətinin əsrarəngizliyindən xəbər verir. Tut, əncir, zeytun ağacları, gül-çiçəklər və başqa bəzək kolları da kompleksə xüsusi görünüş bəxş edib. Bütün bu təbii gözəlliklərlə yanaşı, muzeyin qeyri-adiliyini artıran, fərqləndirən qədim eksponatlardır. Bələdçi Tünzalə Mirzəliyevanın köməyi ilə öyrəndiklərimiz bizi də heyrətə gətirdi. Abşeron yarımadasından tapılmış eramızdan əvvəlki minilliklərə aid olan qayaüstü rəsmlər mövzu və süjetlərinə görə rəngarəngdir. Burada ov, nikah, qurban səhnələri təsvir olunmuşdur. Ayrı-ayrı təsvirlərdə əsas yer qadın ilahəsinə verilib. O, daha əhatəli - ayaqüstə, əlləri göyə qalxmış vəziyyətdə göstərilmişdir. Qayaüstü təsvirlərdə nöqtəli, həndəsi, xonça görünüşlü nişanlar mühüm yer tutur.
Eləcə də Abşeron ərazisində aşkar olunmuş qədim kurqanlar, qəbir daşları, yaşayış məskənləri, sərdabələr, ibadət yerləri və bir sıra digər maddi mədəniyyət qalıqları eramızdan əvvəlki minilliklərin əhval-ruhiyyəsini əks etdirir. Bu qeyri-adi kurqanlardan biri də "Dübəndi" adlanır. Həmin kurqanın əsasını halqa şəkilli daş hörgü təşkil edir.
Kurqandan saxsı qablar, qoyun sümükləri, daş alətlər, kül aşkar edilmişdir. Burada dəfn mərasimindən sonra xüsusi ayin icra olunmuşdu. Bu kurqan həm də Abşeron sakinlərinin hələ qədimdən dini təsəvvürlərə itaət etdiyini bir daha sübut edir. "Türkan" kurqanı da halqa şəkilli daş hörmədən ibarətdir. Bu kurqanda da dördkünc formalı deşik var.
Kompleksin ərazisində su və ərzaq quyuları, kəhriz, qədim evlərin qalıqları diqqət çəkir. Arxeoloji qazıntılar zamanı Qala kəndində 5 min il əvvəl Tunc dövrünə aid yaşayış məskəninin olması sübut edilib. Buradakı qədim evlər də məhz o ruhu əks etdirir. Abşeronda yerli əhali ağ əhəngdaşından istifadə edərmişlər. Qala kəndində yaşayış evlərini tikərkən təbii iqlim şəraitini nəzərə alaraq kümbəzli tağ tavanlı layihəyə əsaslanan dublalı bacalarla inşa olunub. Yalnız XIX əsrin əvvəllərindən başlayaraq kənddə ikimərtəbəli evlərin tikintisinə üstünlük verilib. Həm dəridən, həm də palçıq və samandan ibarət alaçıqlar da qədim insanın yaşayış tərzindən xəbər verir. Kompleksdəki toy evi daha çox diqqəti cəlb edir. Xalça və döşəklərlə bəzədilmiş bu geniş otağın hər iki tərəfindən qapının olması evin havasının təmizliyinə və sərinliyinə kömək edir. İkimərtəbəli tacir evinin isə görünüşü daha moderndir. Bir məsələ də maraqlıdır ki, bütün evlərdə "su axan" adlı bir yer var. Dublalı evlər adətən iki otaqdan ibarət olur. Otağın biri qonaq, digəri isə mətbəx adlanır. Mətbəx hissədə təndir, yemək və su qızdırmaq üçün ocaq qurulub. Mətbəxin bir küncündə isə məhz bizim dediyimiz "su axan" yerləşib. Dərin oyuq olan "su axan" döşəmənin səviyyəsində qurulur, mətbəxdən heç bir arakəsmə ilə ayrılmır. Oyuğun qarşısında döşəmənin üzərində binaya bitişik, alçaq divarcıq ilə əhatə olunmuş kiçicik meydançadır. "Suxana"da paltar yumaq və islam aləmində namazdan əvvəl dəstəmaz almaq üçün istifadə olunurdu. Qonaq otağı əsasən taxçalar, ləmələr, cumaxatanlardan ibarət dekorativ elementlər vasitəsilə bəzədilirdi. Ləmələr adətən pəncərə açımlarının hündürlüyündə divar boyunca uzanaraq kasalar, mis qablar, sinilərlə bəzədilirdi. Taxçalarda sandıq və yorğan-döşək yığılmaqla qəribə bir interyer görünüşü yaradılıb. Taxçalar həm də rəflərə bölünərək divar şkafı kimi də istifadə olunurdu. Qalanın yaşayış evlərində rast gəlinən maraqlı elementlərdən biri də çıraq və "Quran" qoymaq üçün divarlardan açılmış xüsusi taxçalardır.
Otaqların qızdırılması üçün kürsüdən istifadə olunurdu. Ailənin isinməsi üçün xörək bişirildikdən sonra ocaqdan yığılan kül manqala tökülür. Ailə manqalın ətrafına yığılaraq onun üstünə örtülmüş yorğanın altında qızınırdı. Bu yorğan "kürsü yorğanı" adlanırdı və məxsusi olaraq sırınırdı.
Qədimdə bu kənddə bir sıra sənət sahələri inkişaf edib. Onlardan biri dulusçuluq olub. Dulusçuluqla bağlı Qalada arxeoloji qazıntılar zamanı aşkar edilmiş saxsı məmulatlar da bədii cəhətdən çox maraqlıdır.
Azərbaycanda dulusçuluq ənənələrində iki növ dulusçu çarxı vardı - əl çarxı və ayaq çarxı. Dulusçunun əsas aləti daraq, dulusçu bıçağı, sim, bel və s. idi. Həmin emalatxananın biri məhz kompleksdə yaradılıb. Eləcə də ağacdan asılmış nehrə, nalbəndin "iş otağı", qədim hanalar, xalça toxunuşu zamanı istifadə olunan alətlər - həvə, kirgit, qayçı, qarmaqlı bıçaq diqqət çəkir. Burada aşkarlanmış qədim evlərin hamısının yanında at-dəvə bağlamağa halqalı daş var. Eləcə də Şor gölün ətrafında tapılmış müxtəlif ölçülü dəyirman daşları da kompleksin dəyərli eksponatlarındandır.
Maraq doğuran qədim abidələrdən biri də qavaldaşdır. Quru yüngül bir daşla qaya üzərinə toxunan kimi maraqlı səslər, qəribə bir zümzümə ətrafa yayılır. Maraqlıdır ki, Qobustan qayalıqlarında eradan əvvəlki dövrə təsadüf edilən qayaüstü təsvirlər, yeni daş Tunc dövrünə aid mağaralar Abşeronun şərqində Qala kəndi yaxınlığında Ağdaş düzü, Xaşaxuna və Dübəndi ərazisindəki arxeoloji qazıntılar zamanı üzə çıxmışdır. Eləcə də eramızdan əvvəlki minilliyə təsadüf edən yaşayış məskənləri, kurqanlar, ocaq və maddi mədəniyyət qalıqlarının izləri yurdumuzun nə qədər qədim tarixə malik olduğundan xəbər verir.
Ən qədim yaşayış formalarından biri də "samanlıq"lar idi. Onlardan 2500-3000 il bundan əvvəl qədim yaşayış məskəni kimi istifadə edilmişdir. Abşeronda meşə olmadığından bu cür yaşayış məskənləri əhəng daşından tikilib. Sonradan cəmiyyət inkişaf etdikcə samanlıqlardan tövlə, bəzən də taxıl anbarı kimi istifadə olunmağa başlayıb. Əslində, bu cür samanlıqların bir hissəsi yerin altında olmaqla ikihissəli inşa edilərdi. Aşağı enmək üçün pilləkənlər qoyulurdu. Dam örtüyü daşların səliqə ilə yığılmasından ibarət idi. Daşların arasına gil çəkilirdi.
Qala kəndində üç hamam mövcud olub: "Şor hamamı", "Qum hamamı" və "Bayraməli hamamı". "Şor hamamı" kəndin cənub hissəsində, Duz gölünün yaxınlığında yerləşirdi. Oraya göldən su çəkilmişdi. Bu hamamın suyu duzlu olduğundan daha çox müalicəvi əhəmiyyət daşıyırdı. Hamam dağılsa da, özülü bu günədək qalmışdı. Digər hamamlardan biri də "Qum hamamı"dır. Bu qədim hamam uzun müddət torpaq altında qalsa da, bərpaçılar tərəfindən üzə çıxarılmışdı. XII-XIV əsrlər memarlıq quruluşuna malik olan bu hamamda istirahət otaqları da olub. Hamamın özünəməxsus xüsusiyyəti yer səthindən iki metr aşağıda yerləşməsidir. Bu da istiliyin saxlanılması üçündür. Hamamın arxasında qazanxanası da var. Divarların içindən və döşəmənin altı ilə saxsı borular vasitəsilə keçən isti su hamamı qızdırırmış. Səkkiz otaqdan ibarət olan hamamda xüsusi taxçalar da quraşdırılıb. Buradan təkcə yuyunmaq üçün yox, dincəlmək üçün də istifadə edilibmiş. Hətta müxtəlif görüşlər keçirilib, ticarət məsələləri araşdırılıb və s. Otaqların biri mehrab üçün nəzərdə tutulubmuş. Namaz qılmaq üçün istifadə edilibmiş. Hətta deyirlər ki, türk səyyahı Cəlal Əsəd XIX əsrdə bu barədə belə yazırmış: "Hamamlar müsəlmanlar üçün məscidlər kimi lazımdır". Qala kəndində olan hamamlardan yalnız biri bu günədək fəaliyyət göstərir. "Bayraməli hamamı" adlanan bu tarixi abidənin giriş hissəsindəki epiqrofik yazıdan məlum olur ki, hamam 1881-ci ildə Bayraməli adlı şəxs tərəfindən təmir edilmişdir. Ehtimal var ki, hamam daha qədim ola bilər. Bütün bu tarixi abidələrin oxşarını kompleksdə yaradıb muzeyə gələnlərə təqdim etmək turistləri əyani şəkildə uzaq keçmişimizə səyahətə aparmaq deməkdir.
Kompleksin darvazalarından tutmuş ən son nöqtəsinə, eləcə də hasarına qədər hər bir elementdə, eksponatda diqqətçəkən əşyalarda bir qədimlik əks olunur. Müxtəlif mis qablar, dəridən hazırlanmış məişət əşyaları, evlərin döşənməsi, pilləkənlərin forması, eyvanlar, faytonlar, küplər, saxsı qablar, keramik əşyalar, araba, araba təkərləri, su quyuları, bir sözlə, burada nə varsa, hamısı qədim dünyanın bəxşişləridir.
Bu muzeyi yaratmaqda iki məqsəd əsas götürülüb. Tarixi keçmişimizi yaşatmaq və gələcək nəslə olduğu kimi çatdırmaq, eləcə də Azərbaycanın qədim mədəniyyətə, tarixə malik olduğu haqqında bilgiləri kitab, film vasitəsilə deyil, məhz İbtidai İcma quruluşundan üzübəri qədim insanın yaratdığı şəkildə xarici turistlərə çatdırmaqdır.
Qədim Qala bu gün özünün çox mənalı bir ömrünü yaşayır. Bir tərəfdə qədimlik, milli-mənəvi dəyərlər, digər tərəfdə inkişaf, modern, tərəqqi. Həqiqətən də bu məsələləri elə ustalıqla qovuşdurmaq, ünsiyyət yaratmaq gərəkdir ki, nə milli-mənəvi dəyərlərin sahmanı pozulsun, nə də ifrat müasirlik bu gözəlliyə eybəcərlik gətirsin.
Azərbaycanın milli-mənəvi dəyərləri, maddi mədəniyyət abidələri özünün ikinci ömrünü yaşayır. Dövlətimiz tərəfindən göstərilən qayğı nəticəsində bölgələrimizdə mövcud olan qədim abidələrin bərpası, arxeoloji tədqiqatların genişləndirilməsi, yeni muzeylərin yaradılması bu sahədə böyük uğurlara imza atmaqdadır. Xalqımızın qədimliyini, istedadını, dünyagörüşünü, həyat tərzini, təfəkkürünü, yaşayışını əks etdirən maddi mədəniyyət abidələrinin qorunması bir də ona görə gərəklidir ki, yiyə durmadığın sərvətə özgəsi sahib çıxar. Nə yaxşı ki, bu gün Azərbaycan mənəviyyatının keşiyində dayananlar - dövlət başçımız da, ölkənin birinci xanımı da sidq ürəklə, canyanğısı ilə bu problemlərə dərindən nüfuz edir, onu yaşadır, qoruyur və gələcək nəslə çatdırılması yolunda fədakarlıq göstərirlər!
Flora XƏLİLZADƏ
Azərbaycan.- 2011.-21 iyun.- S. 6.