Yeniləşən, müasirləşən Azərbaycan

 

Bu il Azərbaycanın müstəqilliyinin bərpasının 20 ili tamam olur. Xalqımızın ümummilli lideri Heydər Əliyevin müəyyən etdiyi və bu gün Prezident İlham Əliyevin böyük əzm və cəsarətlə həyata keçirdiyi məqsədyönlü strategiyanın uğurları sayəsində Azərbaycan sosial-iqtisadi sahədə dünyanın sürətlə inkişaf edən dövlətinə çevrilib. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev məqalələrinin birində cənab İlham Əliyev haqqında belə demişdir: "İlham Əliyev şəxsiyyətinin fenomeni müasir Azərbaycanın tarixi uğurlarında başlıca rol oynamışdır və əgər belə demək mümkündürsə, Azərbaycan dövlətçiliyinin tarixinin növbəti quruculuq mərhələsinin lokomotivinə çevrilmişdir".

Bəli, övladının gələcəyini firavan görmək istəyən bir ana olaraq mən də cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızın saysız-hesabsız uğurlarına sevinirəm. Hər dəfə Azərbaycanın bu uğurlarını eşidəndə ürəyim qürurla dolur. Fikirləşirəm ki, nə yaxşı xalqımızın Heydər Əliyev kimi öndəri, İlham Əliyev kimi lideri var.

Bu gün ölkənin pensiya təminatı sistemində aparılan islahatlar, əməkhaqlarının, sosial müavinət və ödənişlərin artımı, gənclərə, hərbçilərə, müharibə veteranlarına güzəştli ipotekaların verilməsi, əhalinin qaz və suya olan borclarının silinməsi və digər bu kimi tədbirlər dövlətin öz vətəndaşlarına necə diqqət və qayğı ilə yanaşmasının bariz nümunəsidir. Hələ regionlarımızın inkişafını, yeni iş yerlərinin açılmasını, təhsil, səhiyyə kimi xalqın həyatında önəmli əhəmiyyəti olan sahələrin yenidən qurulmasını demirik. Bütün bunlar Azərbaycanın yeniləşməsi, müasirləşməsi deməkdir.

Ən ağrılı yerimiz olan Qarabağ probleminin də gec-tez obyektiv həllini tapacağına inanırıq. Prezident İlham Əliyevin öz çıxışlarında dəfələrlə qeyd etdiyi kimi, Qarabağ heç bir zaman Ermənistanın olmayıb, olmayacaq da və erməni millətçiləri tarixi saxtalaşdırmaqla buna nail ola bilməyəcəklər. Artıq bu həqiqəti onların özləri də başa düşürlər. İrəvanda müxalifət lideri Levon Ter-Petrosyan mitinqçilər qarşısında çıxış edərkən belə demişdir: "Ermənistan iqtidarı bu gün elə bir vəziyyətə gətirib çıxarmışdır ki, Qarabağ probleminin həllinin iki yolu var - ya biz Azərbaycanın qoyduğu şərtlərlə razılaşmalıyıq, ya da müharibə etməliyik". Müharibə isə Ermənistanın süqutu deməkdir. Bunu artıq hamı anlayır.

Azərbaycan bu gün Ermənistan istisna olmaqla, bütün qonşu dövlətlərlə dostluq münasibətlərini daha da möhkəmləndirir. Bu yaxınlarda Heydər Əliyev Fondunun təşəbbüsü ilə Moskvada Respublika Günü təmtəraqla qeyd edildi. Bu tədbirə Rusiyanın bütün elitasının qatılması bir daha sübut etdi ki, ölkəmizin, xalqımızın hətta Ermənistanın ən çox arxalandığı Rusiyada da nüfuzu böyükdür.

Ümummilli lider Heydər Əliyevin belə bir müdrik fikri var: "Azərbaycanın dövlət müstəqilliyi əbədi olaraq sarsılmaz olacaqdır, dönməz olacaqdır və Azərbaycanın bugünkü gənc nəsli gələcək Azərbaycanı daha da yüksəkliklərə qaldıracaqdır!" Bəli, bu gün Prezidentimiz, dövlətini sevən gənclər Azərbaycanın çiçəklənməsi üçün əllərindən gələni əsirgəmirlər, Heydər Əliyevin dediyi "Harda olursan-ol, hansı ölkədə yaşayırsansa, yaşa, ancaq Azərbaycan haqqında, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü haqqında, Azərbaycan xalqının bu günü və gələcəyi haqqında düşünməlisən" nəsihətinə sadiqliklərini nümayiş etdirirlər.

Fikirlərimi yenə də ulu öndərin sözü ilə bitirirəm: "Əgər kimsə Azərbaycanın dövlətçiliyinə xəyanət edəcəksə, mən son damla qanıma qədər onunla mübarizə aparacağam. Azərbaycanın dövlətçiliyinin, müstəqilliyinin keşiyində bir vətəndaş kimi də, bir Prezident kimi də durmuşam, duracağam və bu yolda hər dəqiqə, hər gün şəhid olmağa hazıram".

Bu, Azərbaycanı sevən hər kəs üçün həyat kredosudur!

 

 

İndira ŞƏMSİVARİ

 

Azərbaycan.- 2011.-21 iyun.- S.7.