Nazirlər Kabineti yeni qərarlar qəbul etmişdir

 

Nazirlər Kabineti son günlər yeni qərarlar qəbul etmişdir.

"Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında" Azərbaycan Respublikasının 2011-ci il 11 fevral tarixli 66-IVQD nömrəli Qanununun tətbiq edilməsi və "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 avqust tarixli Fərmanında dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 3 mart tarixli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Nazirlər Kabineti özünün 1999-cu il 15 mart tarixli qərarı ilə təsdiq edilmiş "Nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi və onlara sürücülük vəsiqəsinin verilməsi qaydaları haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə qərar qəbul etmişdir.

Qərar iyunun 9-dan qüvvəyə minmişdir.

"Mədəniyyət haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 16 aprel tarixli Fərmanının 2-ci hissəsinin üçüncü abzasına uyğun olaraq Nazirlər Kabineti Rüstəm Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyinə Milli Muzey statusu verilməsi barədə qərar qəbul etmişdir.

Qərar iyunun 10-dan qüvvəyə minmişdir.

"Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli Fərmanının 2.2-ci bəndinə əsasən Nazirlər Kabineti "Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatı"nın, "Rezidenturada həkim-mütəxəssis hazırlığı aparılan ixtisasların Təsnifatı"nın və "Azərbaycan Respublikası Nazirlər Kabinetinin qüvvədən düşmüş bəzi qərarlarının Siyahısı"nın təsdiq edilməsi haqqında qərar qəbul etmişdir.

Qərar 2011-ci il sentyabrın 1-dən qüvvəyə minəcəkdir.

"Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında" Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" Azərbaycan Respublikasının Qanununa, "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununa, "Mühasibat uçotu haqqında" Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 13 aprel tarixli Fərmanının 1.3-cü bəndinə əsasən Nazirlər Kabineti "Məcburi auditin obyekti olan təsərrüfat subyektləri üzrə "Daxili audit haqqında" Azərbaycan Respublikası Qanununun mərhələlərlə tətbiqi müddətləri"nin təsdiq edilməsi barədə" özünün 2007-ci il 5 oktyabr tarixli qərarında dəyişiklik edilməsi haqqında qərar qəbul etmişdir.

Qərar iyunun 14-dən qüvvəyə minmişdir.

"Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli Fərmanının 2.3.3-cü yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Nazirlər Kabineti özünün 2002-ci il 13 dekabr tarixli qərarı ilə təsdiq edilmiş "Nəzarət kitabçası" haqqında Əsasnamə"də dəyişikliklər edilməsi haqqında qərar qəbul etmişdir.

Qərar iyunun 16-dan qüvvəyə minmişdir.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AzərTAc-a verilən məlumata görə, həmin qərarların tam mətni ilə Nazirlər Kabinetinin www.cabmin.gov.az ünvanlı internet saytında və Azərbaycan Respublikasının Qanunvericilik Toplusunda tanış olmaq mümkündür.

 

 

Azərbaycan.- 2011.-22 iyun.- S.1.