Avropa İttifaqı Azərbaycanın dinamik, sürətli inkişafını yüksək qiymətləndirir

 

Bakıda keçirilən Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin 11-ci iclası başa çatmışdır. İclasda qurumla ölkəmiz arasında iqtisadi, siyasi, sosial sahələrdə islahatlar, Dağlıq Qarabağ münaqişəsinin həlli, mütəşəkkil cinayətkarlığa, insan alverinə qarşı mübarizə və digər məsələlər ətrafında müzakirələr aparılmışdır.

İclasdan sonra həmsədrlər jurnalistlər üçün mətbuat konfransı keçirmişlər.

Komitənin həmsədri, çexiyalı deputat Milan Kabrnox demişdir ki, Azərbaycan Avropa İttifaqının vacib və önəmli tərəfdaşıdır. Biz Azərbaycanın bütün sahələrdə əldə etdiyi sürətli inkişafı yüksək qiymətləndiririk.

Komitənin Azərbaycan tərəfindən həmsədri, Milli Məclis sədrinin müavini Valeh Ələsgərov bildirmişdir ki, müzakirələr səmərəli keçmiş, gələcək fəaliyyətə dair müəyyən qərarlar verilmişdir. Azərbaycan tərəfi qanunvericilik sahəsində də əməkdaşlığın genişləndirilməsini təklif etmişdir.

V.Ələsgərov demişdir: "Əməkdaşlıq komitəsi uzun illərdir fəaliyyət göstərir. Bu komitənin işi tərəflər arasında əməkdaşlığa öz töhfəsini verir. 1992-ci ildə imzalanmış və 1996-cı ildən qüvvəyə minmiş əməkdaşlıq və tərəfdaşlıq sazişinin müddəti bitir. Ona görə də bu gün Azərbaycan ilə Aİ arasında artıq əməkdaşlığa dair yeni assosiativ sazişin hazırlanması barədə danışıqlar gedir. Bu da münasibətlərin yeni mərhələyə çıxması deməkdir".

V.Ələsgərov qeyd etmişdir ki, Azərbaycan bütün sahələrdə müstəqilliyini təsdiqləmiş, sözünü deyən və problemlərini həll etməyi bacaran ölkədir. Azərbaycan ilə əməkdaşlıq edən hər bir tərəf bundan bərabər surətdə qazana bilər. Biz Avropa İttifaqı ilə ölkəmiz arasında bərabər hüquqlu əməkdaşlığın tərəfdarıyıq.

Milan Kabrnox sonuncu iclasın 2009-cu ildə keçirildiyini xatırladaraq, ötən dövrdə baş verən mühüm hadisələrdən danışmışdır. O demişdir: "Biz Azərbaycanın dinamik, sürətli inkişafını yüksək qiymətləndiririk.

Bu sürətli inkişaf özünü təkcə iqtisadi deyil, bütün sahələrdə büruzə verir. Avropa Parlamenti və Avropa Komissiyası Azərbaycanı özünün əsas tərəfdaşı hesab edir. Avropa İttifaqı təsisatları rəhbərlərinin Azərbaycana səfərləri bunun bariz nümunəsidir. Böyük diqqətin daha bir nümunəsi isə komitənin tərkibində Avropa Parlamentinin əsas və aparıcı qüvvələrini təmsil edən geniş nümayəndə heyətinin Bakıya gəlməsidir".

Avropalı həmsədr Dağlıq Qarabağ münaqişəsinin həllinə dair Bakıda apardıqları müzakirələrdən danışarkən demişdir: "Biz Azərbaycanı vacib tərəfdaş hesab edirik. Azərbaycanı müstəqil, suveren ölkə kimi tanıyır və qəbul edirik. Biz, həmçinin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik. Qurum münaqişənin sülh yolu həllinin tərəfdarıdır. Münaqişə tez bir zamanda həll olunmalıdır. Problemin həlli bütövlükdə regionun inkişafı üçün vacib şərtdir".

Azərbaycanın gələcəkdə Avropa İttifaqına üzvlüyünə gəlincə, Valeh Ələsgərov demişdir ki, bunun üçün ilk növbədə Azərbaycanın Dağlıq Qarabağ problemi həll olunmalı, təcavüzkar Ermənistan qoşunlarını işğal altında saxladığı ərazilərimizdən geri çəkməli, qaçqın və məcburi köçkünlər yurdlarına dönməli, Azərbaycanın ərazi bütövlüyü, ədalət bərpa olunmalıdır. Dünya üçün təhlükə yaradan bu məsələnin həllində bütün tərəfdaşlar öz köməyini göstərməlidir. Aparılan müzakirələr göstərdi ki, Avropa İttifaqı maraqlı tərəf kimi bu istiqamətdə fəaliyyətini artıracaqdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.-22 iyun.- S.1.