Avropa Parlamenti Azərbaycan ilə əlaqələrin inkişafına böyük önəm verir

 

İyunun 21-də Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov Avropa İttifaqı-Azərbaycan Parlamenti Əməkdaşlıq Komitəsinin 11-ci iclasında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Avropa Parlamentinin nümayəndə heyəti ilə görüşmüşdür.

Nazirliyin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, nazir Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə cəmiyyət həyatının bütün sahələrində, o cümlədən hüquq- mühafizə fəaliyyəti sahəsində köklü demokratik və hüquqi islahatların həyata keçirildiyini, dövlət müstəqilliyinin, demokratik prinsiplərin möhkəmlənməsi, ictimai münasibətləri tənzimləyən hüquqi mexanizmlərin təkmilləşməsi prosesinin uğurla davam etdiyini diqqətə çatdırmışdır. Nazir demişdir ki, Avropa ailəsinə inteqrasiyanı, ictimai həyatın müxtəlif sahələrində Avropa standartlarına uyğunluğun təmin edilməsini özünün prioritet istiqamətlərindən biri elan etmiş dövlətimiz insan hüquqları sahəsində ümumavropa dəyərlərinə sadiqliyini bir daha nümayiş etdirmiş, ictimai münasibətləri, o cümlədən daxili işlər orqanlarının fəaliyyətini tənzimləyən, demokratik prinsiplərə söykənən, insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunmasının önə çəkildiyi yeni qanunlar qəbul edilmişdir. Bu sahədə bir sıra inkişaf etmiş dövlətlərin, beynəlxalq təşkilatların mütəxəssislərinin böyük rolu olduğu, yeni qanunların icrasının mühüm əhəmiyyət kəsb etdiyi nəzərə çatdırılmışdır.

Qeyd olunmuşdur ki, Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin daha da genişlənməsini, demokratiyanın möhkəmlənməsində və bazar iqtisadiyyatına keçidin başa çatdırılmasında ölkəmizin səylərinin müdafiə olunmasını, cəmiyyət həyatının bütün sahələrində, o cümlədən hüquq-mühafizə sahəsində əməkdaşlığın inkişaf etdirilməsini nəzərdə tutan Milli Tədbirlər Planı hazırlanmışdır. "Avropa İttifaqı-Azərbaycan Fəaliyyət Planı"na və Milli Tədbirlər Planına uyğun olaraq Daxili İşlər Nazirliyi üzərinə qoyulmuş bir sıra vəzifələrin öhdəsindən uğurla gəlmiş və bu istiqamətdə tədbirlər bu gün də davam etdirilməkdədir. Həmin tədbirlərə misal olaraq seçkilərin ATƏT-in öhdəliklərinə və digər beynəlxalq standartlara uyğun keçirilməsi, seçki proseslərinə polis əməkdaşlarının müdaxiləsinin qarşısının alınması, mütəşəkkil cinayətkarlığa, narkotik vasitələrin qanunsuz dövriyyəsinə, insan alverinə və terrorizmə qarşı mübarizədə səylərin gücləndirilməsi, işgəncə, digər pis rəftarın, korrupsiyanın qarşısının alınması və aradan qaldırılması məqsədi ilə polisdə islahatların aparılması məsələlərini göstərmək olar.

Ölkəmizin Avropa strukturlarına uğurla inteqrasiya etdiyini xatırladan Ramil Usubov Daxili İşlər Nazirliyinin digər hüquq-mühafizə orqanları ilə birlikdə respublikada təhlükəsizliyin, insan hüquq və azadlıqlarının təmin edilməsi, ictimai asayişin qorunması, transmilli mütəşəkkil cinayətkarlıqla mübarizənin daha da səmərəli aparılması məqsədilə BMT, ATƏT, Avropa Şurası, İqtisadi Əməkdaşlıq Təşkilatı, həmçinin Avropa İttifaqına üzv olan dövlətlərin müvafiq qurumları ilə ikitərəfli əməkdaşlığın inkişaf etdiyini və həmin əlaqələrin daha da dərinləşdirilməsi üçün müvafiq sənədlərin imzalandığını diqqətə çatdırmışdır.

R.Usubov bildirmişdir ki, qabaqcıl təcrübənin öyrənilməsi və tətbiqi üçün son 10 ildə daxili işlər orqanlarının mindən çox əməkdaşı BMT, Avropa Şurası, ATƏT və digər beynəlxalq təşkilatların xətti ilə müxtəlif ölkələrdə, o cümlədən ABŞ-da, Almaniya, Avstriya, Fransa və Macarıstanda, Türkiyə, Çin və Misir Ərəb Respublikasında təşkil olunmuş çoxsaylı forum, müşavirə, treninq, seminar və təlimlərdə iştirak etmişdir və şəxsi heyət əldə edilmiş təcrübənin praktiki fəaliyyətdə tətbiqi istiqamətində işləri bu gün də davam etdirir.

Xidməti fəaliyyətdə insan hüquq və azadlıqlarının qorunmasının prioritet istiqamətlərdən biri olduğunu xatırladan daxili işlər naziri bildirmişdir ki, orqan və hissələrdə qanunçuluğun vəziyyəti mütəmadi olaraq təhlil edilir, ümumiləşdirilir, hüquqazidd hərəkətlərə yol verən, polisin adına ləkə gətirən əməkdaşlara qarşı xidmətdən xaric edilməyə, hətta cinayət məsuliyyətinə cəlb olunmayadək prinsipial tədbirlər görülür. Təkcə son 3 ildə və bu ilin birinci rübündə vətəndaşlarla kobud rəftar etdiklərinə, onların hüquq və azadlıqlarını pozduqlarına görə 773 əməkdaş cəzalandırılmışdır. Onlardan 12-si cinayət məsuliyyətinə cəlb olunmuş, 50 nəfər daxili işlər orqanlarından xaric edilmiş, 68 nəfər tutduğu vəzifədən azad olunmuşdur.

Problemlərə toxunularkən transmilli mütəşəkkil cinayətkarlığın əsas növlərindən olan narkotiklərin qanunsuz dövriyyəsi, beynəlxalq terrorçuluq, insan alveri və qanunsuz miqrasiya ilə mübarizənin diqqət mərkəzində olduğu vurğulanmışdır.

Avropa Parlamentinin Çexiya Respublikasından olan deputatı Milan Tsabrnox səmimi qəbula və ətraflı məlumata görə minnətdarlığını bildirmiş, başçılıq etdiyi nümayəndə heyətinin üzvlərini təqdim etmiş, Avropa İttifaqı və Parlamentinin Azərbaycanla ikitərəfli əlaqələrin inkişafına böyük önəm verdiyini və əməkdaşlığın daha da genişlənməsində səylərini əsirgəməyəcəklərini vurğulamışdır.

Bolqarıstan Respublikasından olan deputat Slavi Binev ölkəmizdə dəfələrlə olduğunu xatırlatmış, Azərbaycanda özünü çox rahat və təhlükəsiz hiss etdiyini xüsusi qeyd etmişdir.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər də müzakirə olunmuş, daxili işlər naziri qonaqları maraqlandıran sualları cavablandırmışdır.

 

 

Azərbaycan.- 2011.-22 iyun.- S. 3.