Azərbaycanın və
Koreyanın yerli icra orqanları arasında əməkdaşlıq
genişlənir
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul əməkdaşı T.Tağıyevin rəhbərliyi ilə Ağcabədi, Bərdə, Tərtər, Naxçıvan Muxtar Respublikasının Culfa, eləcə də Bakının Xəzər, Nəsimi, Binəqədi və Yasamal rayonlarının icra hakimiyyəti başçılarından ibarət nümayəndə heyəti iyunun 11-dən 19-dək Koreya Respublikasında səfərdə olmuşdur.
Azərbaycanın Koreya Respublikasındakı səfirliyindən AzərTAc-a bildirmişlər ki, səfər çərçivəsində nümayəndə heyəti Çunqçeonq əyalətinin Asan, Boryeonq, həmçinin paytaxt Seulun ətrafında yerləşən Seonqnam, Suvon, Kvaçeon, Anyanq şəhərlərinin rəhbərləri ilə görüşmüş, hər iki ölkənin yerli icra hakimiyyətləri arasında əməkdaşlıq imkanlarına dair müzakirələr aparmışdır.
Görüşlərdə şəhərlərin salınması və abadlaşdırılması, şəhər təsərrüfatının idarə edilməsi, ətraf mühitin qorunması, şəhər turizminin inkişaf etdirilməsi istiqamətləri üzrə Koreyanın qabaqcıl təcrübələri barədə təqdimatlar dinlənilmiş, müvafiq materiallar əldə edilmişdir.
Bundan əlavə, Azərbaycan nümayəndə heyəti mədəniyyət, ekologiya və elm parklarında, nəqliyyat və asayişə nəzarət orqanlarında, şəhərlərdə zibil emalı müəssisələrində və gənclər üçün yaradılmış mərkəzlərdə, habelə yeni salınmış şəhərciklər, istirahət zonaları, turizm məkanları, avtomobil və elektron məhsullar istehsal edən zavodlar və əlaqədar şirkətlərdə ekskursiyada olmuş, yeni texnologiya və təcrübələrlə maraqlanmışdır.
Azərbaycan.- 2011.-22 iyun.- S. 3.